azia.az
azia.az

“Nazim İbrahimov 20 il həqiqəti deməyə qorxub”

8-09-2021, 18:44

“Nazim İbrahimov 20 il həqiqəti deməyə qorxub”
Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərovun məhkəmə prosesi keçirilib.

"Azia.az” xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

"Olaylar" qəzetinin baş redaktoru, ölən şəxsin yaxın dostu olmuş Yunis Oğuz ifadə verib. O, bildirib ki, Elçin Əliyevi 1994-cü ildən tanıyıb: "İyunun 1-i səhər zəng gəldi ki, Elçin öldürülüb. Dərhal atasıgilə getdim. Həyətdə söz-söhbət gəzirdi ki, Elçini Rövşən Əkbərov öldürüb. Elçinin meyitini gətirməyə gedən Nazim İbrahimov da mənim yaxın dostum olub. Həm o, həm Ukraynada olan qardaşım Musaxan Əliyev dedi ki, Elçini Rövşən öldürüb. Qardaşım hadisə vaxtı orada olmayıb. O eşitdikləri əsasında mənə bu məlumatı verib. Bildiyimə görə, Orucəli Hacıyev, Musaxan Əliyev, Məzahir Şıxəliyev və Elçin Əliyev hadisədən əvvəl başqa bir restoranda olublar. Oradan durduqdan sonra Məzahir və Elçin Rövşən Əkbərovun olduğu "Sikora" restoranına gediblər. Hadisə orada baş verib".

Qətlə yetirilən E.Əliyevin qohumu Elman Ağayev ifadəsində deyib ki, Elçinlə hadisə axşamı telefonda danışıb:

"Elçin mənə dedi ki, Rövşən Əkbərov adlı general Ukraynada qonaqdır. Onunla əvvəlki gün görüşdüklərini, bu gün yenidən görüşəcəklərini dedi. Səhəri gün zəng gəldi ki, Elçini qətlə yetiriblər. Dərhal atasıgilə getdim, sonra Nazim İbrahimov gəldi. O, Elçinin meyitini gətirdikdən sonra mənə dedi ki, Rövşən Əkbərov N.İbrahimova Elçini öldürdüyünü etiraf edib. Kiyevdəki dost-tanışlarıma zəng edəndə də eyni sözü dedilər. Hadisə vaxtı orada Qüdrət Əhmədov adlı şəxs də olub. Hətta Qüdrəti özüm Elçinin anasının yanına aparmışam. Orada hadisəni etiraf edib".

Generalın vəkilləri, şahidin 2003-cü ildəki ifadəsi ilə hazırki ifadəsi arasında kəskin ziddiyətlər olduğunu bildiriblər.

Belə ki, Elman Ağayev əvvəlki ifadəsində N.İbrahimovun hadisədən sonra 1 il gizləndiyini və Nazimdən öyrəndiyinə görə, Rövşən Əkbərovun bu məsələyə aidiyyəti olmadığını deyib.

Şahid 17 il əvvəl ifadə verdiyini, hər şeyi detallı xatırlamadığını söyləyib.

Rövşən Əkbərov şahidə "nəyə görə cinayətkarın mən olduğumu bildiyiniz halda 20 ildir, heç yerə şikayət etməmisiniz?", - deyə sual verib. Şahid isə cavabında qorxduqlarını bildirib:

"Nazim İbrahimov 20 il həqiqəti deməyə qorxub. Mən də qorxmuşam. Amma biz bilirik ki, siz əvvəlcə Məzahiri sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun sürücüsü olduğunu biləndən sonra vurmusuz. Daha sonra maşından küt alət götürüb gəlmisiz və Elçini öldürmüsüz. Qüdrət də sizin yanınızda olub".
Hadisə zamanı orada olduqları deyilən Qüdrət Əhmədov və Məzahir Şıxəliyev bir neçə il öncə vəfat ediblər.

Növbəti məhkəmə prosesi sentyabrın 15-ə təyin olunub.

Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi