azia.az
azia.az

Xankəndidəki yubiley şousunu Rusiya təşkil edir? – “Moskva Azərbaycana qəzəblidir...”

1-09-2021, 11:56

Xankəndidəki yubiley şousunu Rusiya təşkil edir? – “Moskva Azərbaycana qəzəblidir...”
"Rusiya sülhməramlıları Xankəndi ermənilərini bu mərasimi həyata keçirmək üçün həvəsləndirir, bu yöndə hər tərəfli dəstək verir. Əldəqayırma yubileydə iştirak etmək üçün Ermənistanın parlament üzvlərini və çinovniklərini Xankəndinə gəlməyə həvəsləndirir və xüsusi müşaiyət dəstəsi yaradıb”.

Azia.az bildirir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev 2 sentyabrda Xankəndidə separatçı-terrorçu rejimin "müstəqillik günü” keçirmək istəyindən danışarkən deyib.

Quliyev qeyd edib ki, Rusiya Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti adlı qurumu ləğv etdiyini nədənsə "yaddan çıxarıb”:

"Əgər müharibə 44 yox, 45 gün davam etsəydi, bu gün Xankəndində və ətrafında bir nəfər erməni də qalmazdı. Azərbaycanda nə Laçın dəhlizi, nə də sülhməramlı qüvvələr ola bilməzdi. Görünür, Rusiya bunları yadından çıxarıb. Ermənilərin 30 illik mərasim qeyd etmələri Rusiyanın icazəsi və təşəbbüsü ilə keçirilir. Hər halda, Azərbaycanda hər kəs bunu bilir.

Rusiya özünü Azərbaycanın ağası hesab edir və bu fikrindən əl çəkməyə hazırlaşmır. Bu ölkə Azərbaycanın Şuşada mərasim keçirməsinin, Füzuli aeroportunun tikilməsinin, Füzuli-Şuşa magistralının çəkilməsinin onunla razılaşdırmaması və bu işlərin kosmik sürətlə görülməsini həzm edə bilmir. Azərbaycanı yerinə oturtmaq üçün Xankəndidə uşaq oyunu təşkil edir”.

Eks-spikerin sözlərinə görə, Azərbaycan Rusiyanın böyük qardaşı olmadığını ona başa salmalıdır:

"Türkiyə Azərbaycanda iştirakını gücləndirməlidir. Nə qədər ki, Putin var, biz Rusiyadan canımızı qurtara bilməyəcəyik. Bizə Zelenskinin Baydenlə görüşünün və ikitərəfli müdafiə müqaviləsinin bağlanmasının, Ukrayna, Gürcüstan və Moldovanın NATO-ya qəbul edilməsinin çox böyük xeyri ola bilər. Ermənistan Türkiyə və Azərbaycanla müqavilə bağlasa, Rusiya sülhməramlıları ya öz xoşları ilə getməlidir, ya da işğalçı statusunda Azərbaycanda qalmalıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi