azia.az
azia.az

“Taliban” çoxsaylı döyüş təyyarələri və vertolyotlar ələ keçirdi, paytaxta hücum başlayır

15-08-2021, 14:33


“Taliban” çoxsaylı döyüş təyyarələri və vertolyotlar ələ keçirdi, paytaxta hücum başlayır
Dünyanın nəzərləri “Taliban”ın sürətlə irəlilədiyi, şəhərləri bir-birinin ardınca tutaraq paytaxt Kabilə həlledici hücuma hazırlaşdığı Əfqanıstana cəmlənib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, son vaxtlara qədər ağır silahlara malik olmayan “Taliban” yaraqlıları indi nəinki qənimət hesabına əldə etdikləri ağır artilleriya və yüngül zirehli nəqliyyat vasitələrinə, eləcə də tanklara və hətta aviasiyaya malikdir. Çünki “Taliban”ın ələ keçirdiyi hərbi aerodromlarda Əfqanıstan ordusuna aid döyüş təyyarələri və vertolyotları qalıb. Və “Taliban” onları artıq tətbiq etməyə başlayıb.

Ötən gün avqustun 14-də gedən döyüşlərdən sonra talibançıların azı 6 döyüş təyyarəsini ələ keçirdiyi bildirilir. Onlar tam saz vəziyyətdədir. İlkin məlumatlara görə, söhbət AC-208B və A-29B hücum təyyarələrindən gedir. Bu təyyarələrin Kabilə hücumda istifadə ediləcəyi gözlənilir. Hücumun bu gün avqustun 15-də günün ikinci yarısında başlayacağı təxmin edilir. Xəbərlərə görə, “Taliban” Əfqanıstan ordusunun pilotlarını da öz tərəfinə çəkə bilib və onlar qənimət olaraq ələ keçirilmiş təyyarələrdən hökumət qüvvələrinə qarşı istifadə etməyə razılıq veriblər.

“Taliban” çoxsaylı döyüş təyyarələri və vertolyotlar ələ keçirdi, paytaxta hücum başlayır

Peyk fotolarına əsasən “Taliban”ın nəzarətinə keçən Məzari-Şərif şəhərindəki aviabazada Mi-17, UH-60 və MD-530F vertolyotları da qalıb. Onların hamısı indi taliblərin əlindədir. Herat şəhərinə hücum zamanı isə onlar daha 4 Mi-17 vertolyotu ələ keçirə biliblər. Bu vertolyotlar yerli məmurları təxliyə etməliydi, amma buna imkan tapmayıblar. Çünki vertolyotları “Taliban” ələ keçirib və onların pilotları da taliblərin tərəfinə keçib. Beləliklə, “Taliban”ın əlində hazırda azı 8 Mi-17 vertolyotu var və onlar yaraqlıların, silahların Kabil ətrafına daşınması, habelə əfqan ordusunun mövqelərinə zərbələrin endirilməsi üçün istifadə edilə bilər.


“Taliban” çoxsaylı döyüş təyyarələri və vertolyotlar ələ keçirdi, paytaxta hücum başlayır
Xəbərlərə görə, “Taliban” indiyədək Əfqanıstan ordusundan 2 mindən çox təkərli nəqliyyat vasitəsi, üç tank, 10 döyüş vertolyotu və bir neçə D-30 qaubitsası ələ keçirib. İndiyədək taliblərin Əfqanıstanın 24 əyalətindən 23-nü ələ keçirdiyi bildirilir, onlar hazırda kabilin 7-8 kilometrliyində mövqe tutublar və artıq şəhərə artilleriya zərbələri endirirlər. Ehtimal olunur ki, terrorçular şəhərə hücum üçün 20-25 min nəfərlik qüvvə cəmləşdiriblər. Hərbi ekspertlərə görə, taliblər ilk növbədə Kabil aeroportunu hədəf alacaqlar ki, ABŞ qüvvələrinin geri qayıtmasına imkan verməsinlər və oradakı NATO qüvvələrini mühasirəyə alsınlar.

Qeyd edək ki, Azərbaycanın Əfqanıstandakı məhdud hərbi kontingenti də hazırda Kabildədir və Türkiyə kontingenti ilə birlikdədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi