Səhiyyə Nazirliyi: Azərbaycan uşaqların peyvəndinə görə Avropa ölkələri ilə bir səviyyədədir
Azərbaycanda bu gün uşaqlar 11 yoluxucu xəstəliyə qarşı peyvənd olunurlar ki, bu da inkişaf etmiş Avropa ölkələri ilə bir səviyyədə hesab edilir. Azərbaycanda əhalinin peyvəndi dövlət hesabına tam pulsuz həyata keçirilir.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, hər il mart ayının 1-i Ümumdünya İmmunitet Günü kimi qeyd olunur. Bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2002-ci ildən qeyd olunmağa başlanıb. Bu günün qeyd olunmasında əsas məqsəd immun sisteminin insan orqanizmdəki mühüm əhəmiyyətini əhaliyə çatdırmaq və onun möhkəmləndirilməsi yollarını göstərməkdən ibarətdir.
İmmunitet sözü latıncadan “xilas olmaq” kimi tərcümə olunur və mənaca immun sistemini, orqanizmi genetik yad ünsürlərdən qorumaq qabiliyyəti kimi qiymətləndirilir. İmmunitet anadangəlmə (qeyri-spesifik) və adaptiv (qazanılmış, spesifik) olmaqla 2 yerə bölünür: “Məlum olduğu kimi əhatəmizdə milyonlarla bakteriyalar, viruslar və allergenlər mövcud olduğu və biz onlarla daim təmasda olmağımız halda xəstələnmirik. Buna səbəb məhz güclü immun sistemidir.
İmmunitet sistemi hələ döl ananın bətnində olarkən formalaşmağa başlayır və uşaq müəyyən müddət bətn daxilində anadan cift vasitəsilə aldığı və doğulduqdan sonra ana südü ilə əldə etdiyi immun faktorlarla qorunur. Bundan sonra hər hansı bir mikroorqanizmlə təmas immun sistemin “yaddaşına” həkk olunur, gələcəkdə insanları həmin xəstəlikdən qoruyur və hər bir virusa, bakteriyaya özünəməxsus spesifik cavab verir. Peyvənd sistemi də bu prinsip üzərində qurulmuşdur. Orqanizmi bir sıra ağır xəstəliklərdən (vərəm, poliomielit, difteriya, qızılca, göyöskürək və s.) qorumaq üçün uşaqlar dünyaya gəldiyi vaxtdan etibarən peyvənd olunurlar. Əgər peyvənd olmasaydı dünyada bu xəstəliklərin qorxunc epidemiyaları tüğyan edərdi”.