azia.az
azia.az

Nazirlik: Azərbaycanda ağcaqanadların "Zika" virusunu yayan növü yoxdur

18-02-2016, 13:40

Nazirlik: Azərbaycanda ağcaqanadların "Zika" virusunu yayan növü yoxdur Azərbaycanda “Zika” virusunun yayılma ehtimalı yoxdur. Çünki Azərbaycanda ağcaqanadların “Zika” virusunu yayan “Aedes aegypti” növü yoxdur.
Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.
Onun sözlərinə görə, “Aedes aegypti” ağcaqanad növü tropik ölkələr üçün xasdır.
Rusiyada “Zika” virusunun başqa ölkədən gətirilmə halı nəticəsində qeydə alındığını deyən A.Əliyeva qeyd edib ki, virusun ölkəyə gətirilməsi halı olarsa, bu, mütləq aşkar olunacaq.
O, hazırda Azərbaycanda virusun yayılması üçün şəraitin olmadığını da əlavə edib: ”Hazırda havalar soyuqdur, ağcaqanadların aktiv dövrü deyil, ölkədə virusa yoluxmuş ağcaqanad da yoxdur. Azərbaycanda bu xəstəliyin yayılması qeyri-mümkündür”.
Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev də Trend-ə açıqlamasında Azərbaycanda “zika” virusuna qarşı qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac olmadığını söyləyib: “Azərbaycanda ümumiyyətlə, yoluxucu xəstəliklərə qarşı tədbirlər görülür. “Donuz qripi”nə qarşı olan qabaqlayıcı tədbirləri bu virusa da şamil etmək olar. Çünki hər ikisi virusdur”.
Xatırladaq ki, "zika" virusuna yoluxma keçən ilin may ayında yalnız Braziliyada qeydə alınmışdı. Hazırda dünyanın 20-dən çox ölkəsində bu virusun qeydə alındığı bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, virus qərb yarımkürəsində sürətlə yayılacaq. Bu ilin fevral ayında Rusiyada ilk dəfə olaraq "zika" virusu qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi