Səhiyyə Nazirliyi: Sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyət Azərbaycan üçün real təhlükə sayılır
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasına indiyədək daxil olan 300-dək nümunə üzərində apanlan müayinələr nəticəsində H1N1 virusu aşkarlanmayıb, bu qripə şübhəli hal müəyyən edilməyib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda Azərbaycanda epidemioloji durum stabildir və daim nəzarətdədir: "Amma bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi Azərbaycan üçün real təhlükə sayılır. Ona görə də profilaktik, müalicəvi və əksepidemioloji tədbirlər həyata keçirilir, ağır kəskin respirator xəstəliklərin dezinfeksiya rejiminə ciddi riayət edilməsinə nəzarət gücləndirilib. Ölkəmizin sərhəd-keçid məntəqələrində lazımi təhlükəsizlik tədbirləri həyata keçirilir. Yəni ölkə ərazisinə gələn bütün nəqliyyat vasitələri dezinfeksiya olunur. Xəstəlik qeydə alınan ölkələrdən Azərbaycana gələn insanlar sərhəd-keçid məntəqələrində müayinədən keçirilir. Şübhəli hal olduqda həmin şəxslər müşahidə altında saxlanılır".
Nazirlikdən qeyd edilib ki, Azərbaycanda bu virus aşkarlanarsa, müalicənin aparılması üçün lazımi şərait, kifayət qədər dərman ehtiyacı var.
Qeyd edək ki, "donuz qripi" təhlükəsi ilə əlaqədar hazırda Azərbaycanın 4 böyük şəhərində - Bakı, Sumqayıt , Gəncə və Mingəçevirdəki təhsil müəssisələri dezinfeksiya edilir.
Azərbaycanda 3 tibb müəssisəsində - Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 7 saylı Uşaq Yoluxucu Xəstəxanasında və Kliniki Tibbi Mərkəzdə xüsusi palatalar hazırlanıb.
Xatıladaq ki, Gürcüstanda 2016-cı ilin əvvəlindən "donuz qripi" xəstəliyindən 10 nəfər, H3N2 virusundan isə bir nəfər dünyasını dəyişib. Türkiyədə bu ilin əvvəlindən təxminən 500 şəxsdə H1N1 virusu aşkarlanıb.