“Qızılcanı təbii yolla keçirənlər bir neçə il sonra ölümlə üz-üzə qalır” - Pediatrdan SENSASİON AÇIQLAMA
Uşaqları enterovirus infeksiyası, rotaviruslar və mövsümi qripdən qorumağın ən yaxşı yolunun peyvənd olduğu deyilir.
Lakin valideynlər çox zaman uşaqları peyvənd ertməkdə ehtiyatlanır, başqa fəsadlar ortaya çıxacağından qorxurlar.
Bəs, mütəxəssilər bununla bağlı nə düşünür?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan pediatr Kamil Şərifov valideynlərin bu narahatlığının əsassız olduğunu deyir:
“Peyvəndlə bağlı yanlış təbliğat aparanlar var. Çox zaman tibbdən anlayışı olmayanlar peyvəndlərin mənfi təsir edəcəyi haqda həqiqətəuyğun olmayan fikirlər deyirlər. Yadımdadı, sovetin vaxtında peyvənd vurulmayan uşaq tapmazdın. Hamı ucdantutma peyvənd olunurdu.
Ona görə də, o dövrdə otistik davranış pozğunluğu olan uşağa az-az rast gəlinərdi. Amma 2020-ci ildə 54 uşağa autizmə bənzər sindrom diaqnozu qoyuldu. İndi isə bu rəqəm 34-ə düşüb. Səbəbi nədir bilirsiz? Peyvənd olunma... Nə yazıq ki, az qala əhalinin yarıdan çoxu peyvənddən yayınır”.
Həkim deyir ki, indiki peyvəndlərin təsiri o dövrdə vurulan peyvəndlərdən daha çoxdur:
“Necə texnologiyalar təkmilləşir, eləcə də peyvəndlərin istehsal texnologiyası mükəmməlləşir, effektliyi artır. Mənə də eşidirəm, deyirlər, peyvəndi satmaq üçün edirlər, filan... Onu deyənlər hamısı boş danışanlardır. Peyvənd istehsal edənlər autizmin 2 manatlıq, 5 manatlıq dərmanı üçün belə bir şey niyə etsin? Əgər doğrudan elə bir pislik, mərdiməzarlıq eləmək istəyən olsa, onu qidalara, yeyib-içməyə də qatar. Yəni bunlar əsassız, absurd fikirlərdir”.
“Uşaqlara telefon, planşet verib kütləşdirirlər”
Kamil Şərifovun fikrincə, peyvəndlərin hazırlanması, əksinə, daha ciddi, daha üst səviyyədə yoxlanılır. Çünki bu məhlul heç bir problemi olmayan, sağlam insana vurulur. Burda əlavə reaksiyanın olması qəbuledilməzdir:
“Bu, yalnız mənim fikrim deyil. Həm ÜST, həm də digər tibb qurumları da bunu dönə-dönə deyir. Eyni zamanda mənim də həkim kimi öz müşahidələrim var. Hazırda pasiyentlərim arasında 300-ə yaxın peyvənd olunan uşaq var. Onlardan yalnız birində narahatlıq oldu. O da uşağın əlinə səhərdən -axşama qədər telefon veririrdilər. Ona görə də onda problem yarandı.
Autizm kimi otistik davranış pozğunluğuna səbəb vaksinlər yox, həyatımıza girən texnologiyalar və qayğı yoxsulluğudur. Biz uşaqlığımızda məftildən maşın düzəldib onunla oynayırdıq. Yaradıcı bir şeylə məşğul idik. İndi isə uşaqların əlinə telefon, planşet verib kütləşdirirlər”.
Hansı ölkənin vaksini effektlidir?
Vaksinlərin hansı ölkələrdən gətirilməsinə gəlincə, həkim Azərbaycana yalnız Belçika və Niderland istehsalı olan peyvəndlərin gətirildiyini bildirib:
“Qrip peyvəndinin Hindistan istehsalı yoxdur. Vaksinlər daha çox qablaşdırılma və doldurulmaya görə fərqlənə bilər. Belə məsələlər isə onun keyfiyyətini düşürmür. Bu ölkədə istehsal olunur, digər ölkədə qablaşdırılır”.
Qızılcanı təbii yolla keçirən uşaqları gözləyən təhlükə
Peyvəndin çox vacib məsələ olduğunu vurğulayan pediatr bir vacib məqama da toxunub:
“Sizə narahatlıq doğuran bir məqamı da deyim. Ötən il nə qədər uşaq qızılca keçirdi və onlar arasında həyatını itirənlər oldu. O zaman da biz qızılca vaksini ilə bağlı çağırış edirdik. Təəssüf ki, sözümüzü dinləməyənlər, vaksindən yayınanlar oldu.
Amma qızılcanı vaksinsiz, təbii yolla keçirmək uşaqları çox təhlükəli xəstəliklə üz-üzə qoyur. (Subatut sklerozan panensefalit) Onlar sağalandan sonra 3-5 il içərisində təxminən 1000-1500 uşaqdan biri, (əvəllər 10 min deyirdilər, indi isə 1500) bu xəstəliklə üz-üzə qala bilir. Həmin uşaqlar qızılcadan sağalsa da, onlarda tədricən gücsüzlük, yerişində problem, ayaqların tutulması, daha sonra ürəkbulanma, qaytarma kimi fəsadlar başlayır.
Ardınca isə yavaş-yavaş beyinin funksiyaları itir və nəticədə uşaq ölümlə üz-üzə qalır və uzağı bir il, il yarım yaşayır. Valideynin də, həkimin də əlindən artıq heç nə gəlmir. Çox təhlükəli bir şeydir. Onu da deyim ki, bu yaxında bir nevroloq həmkarım da deyir ki, qabaqlar bu fəsad 3-5 il içərisində özünü göstərirdi. Amma ötən il vaksin olunmadan, qızılcaya təbii yoluxub sağaldığı zənn edilən 3 xəstə artıq bizə müraciət edib. Deməyim odur ki, əvvəllər belə halların qızılcanın fəsadı olduğunu bilmirdilər.
Amma indi tibb gəlişib və ölkəyə bu yöndə ixtisaslaşan mütəxəssislər gəlib. Onlar artıq bu əlamətlərlə özünü göstərən xəstəliyin nədən qaynaqlandığını daha tez təyin edirlər. Əvvəllər 3 ilə ona görə ortaya çıxırdı ki, xəstənin onurğa beyin mayesi, qızılca antiteli yoxlanılmırdı. Bunun qızılca ilə əlaqəsi bilinmədən uşaq səbəbsiz həyatını itiriridi. Amma indi dəqiq diaqnozlar qoyulur.
Yəni rəqəm artmayıb, sadəcə diaqnoz daha erkən qoyula bildiyi üçün dəyişib. Bu səbəbdən uşağı vaxtında peyvənd etdirmək lazımdır ki, xəstəliyi təbii yolla keçirməsin”.
Rəna Cumaqızı, Bizim.Media