Vərəm – Koxx çöplərinin orqanizmə düşüb, zəif ağciyər və immunitet fonunda yaranan infeksion xəstəlikdir.
Tənəffüs sistemini ələ keçirən xəstəlik sonradan nadir halda da olsa, sümük, limfa, sinir, uşaqlıq, süd vəzi kimi orqanlara keçir. Vərəm törədiciləri ilə 90% insan rastlaşır, amma sağlam insanın immun sistemi bu bakteriyanı yuxarı tənəffüs yollarında məhv edir. Bəzən immunitet onun qarşısını ala bilmir. Bəzi halda bakteriya orqana nüfuz edir, amma immun sistem onu latent, gizli formada saxlayır, açıq simptomlar inkişaf etmir.
Medicina.az vərəmin əlamətləri və müalicəsi barədə ətraflı məlumatı təqdim edir.
Vərəmə necə yoluxmaq olur?
Hava-damcı – öskürək, asqırıq, ağız suyu. Hətta səthdə quruduqda belə çöplər patogenliyini qoruyur. - Alimentar yolla – qida ilə həzm yollarından keçərək. Əlləri yumayıb yemək yedikdə, ictimai iaşə müəssisələrində, çirkli qab-qaşıqdan və s.
- Kontakt – təmas. Gözlərin konyuktivindən, öpüş, cinsi əlaqə, qan, diş fırçası və s. ilə.
Vərəmin bir neçə növü var:
Açıq forma – xəstəlik açıq əlamətlər verir, bəlğəmdə və nəcisdə təyin olunur. Xəstə ətraf üçün yoluxucudur, təhlükəlidir və özünü xəstə hiss edir.
- Qapalı forma - ətrafdakılar üçün potensial təhlükəli deyil. Bakteriyaları analizdə aşkar etmək çətindir. Xəstədə ciddi əlamətlər görünmür.
Vərəmin ilk simptomları:
Erkən mərhələdə simptomsuz gedir. İnkişaf etdikcə xəstədə yorğunluq, zəiflik, arıqlama, səbəbsiz qızdırma, gecələr titrətmə, tərləmələr olur. Uşaq və gənclərdə xəstəlik yaşlılara nisbətən aqressiv olur. Ən yüngül formada da belə öskürək olur.
Əgər öskürək 3 həftədən çox çəkirsə, mütləq həkimə müraciət edin. Vərəm öskürəyi tutma şəkilli, quru, gecə və gündüz güclənir. Daha sonra öskürəklə yanaşı sarı, yaşımtıl bəlğəm olur, daha sonra ağciyərdən qanlı tüpürcək gələ bilər.
Kimlər risk qrupundadır?
- İmmun defisiti olan xəstələr
– QİÇS, HİİV xəstələri
- Diabet və xərçəng xəstələri
- Uşaqlar
- Vərəm təhlükəli yerlərdə yaşayanlar
–Rütubətli yerdə çalışanlar
- Ətrafında ağır vərəm xəstəsi olanlar
Diaqnoz üçün terapevt və pulmonoloq, ftiziatr müayinəsi aparılır. Müəyyən analiz, testlər, rentgen və KT olunur.
Müalicəsi: Müalicə xəstənin vəziyyəti, yaşı və vərəmin növündən asılıdır. İlk növbədə xüsusi antibiotiklərdən başlanılır. Müalicə 2 fazada aparılır: mikrobakteriyaların populyasiyasını azaltmağa və dəstəkləyici, immunartırıcı terapiya.
Vərəmə qalib gəl
Vərəm xəstəliyi ilə mübarizədə başlıca problem Azərbaycanda bu xəstəliyin üzə çıxmaması üçün xəstə və ailə üzvlərinin ciddi çalışması, qeydiyyata düşməkdən yayınması, bu xəstəliyi gizlətməsi və xəstəliyin aktiv fazasında belə işindən, təhsilindən qalmamaq üçün onu adi öskürək, soyuqdəymə adı altında maskalaması və bununla da həkimə getməkdə, peşəkar yardım almaqda, dövlət nəzarətində olmaqda, müalicə almaqda gecikməsidir.
Vərəm hələ də “həbsxana” xəstəliyi kimi qəbul edilir və cəmiyyətdə bu xəstələrə birmənalı yanaşılmır. Halbuki vərəm heç də hepatit xəstəliyindən geri qalmır, onunla təkcə xəstə yox, bütün cəmiyyət mübarizə aparmalıdır.