Rentgen və KT müayinəsi hansı hallarda edilməlidir? - AÇIQLAMA
"Asimptomatik COVID-19 xəstələrində radioloji müayinələrin skrininq test kimi tətbiqi rutin göstəriş sayılmır”.
Azia.az "report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, tibb elmləri doktoru Məlahət Sultanova deyib.
O bildirib ki, zəif (yüngül) simptomatika qrupunda olan COVID-19 xəstələrində xəstəliyin proqressivləşmə riski olmadığı hallarda radioloji müayinələrin aparılması göstəriş sayılmır:
"COVID-19-un orta və ağır qruplarında olan xəstələrdə onlarda aparılmış testlərin nəticələrindən asılı olmayaraq radioloji müayinələrin aparılması göstərişdir. Radioloji müayinələr COVID-19 xəstələrində respirator statusun pisləşdiyi hallarda göstərişdir”.
Kafedra müdiri qeyd edib ki, torakal KT müayinəsinin aparılmasına məhdudiyyətlər olduğu zaman və respirator statusun pisləşməsi KT müayinəsini tələb etmədikdə COVID-19 xəstələrində RQ müayinəsi aparıla bilər:
"Döş qəfəsi RQ müayinəsinin vəziyyəti stabil olan intubasiya olunmuş xəstələrdə gündəlik aparılması göstəriş deyil. Koronavirus xəstələri sağaldıqdan sonra funksional çatışmazlıq və ya hipoksiya hallarında KT müayinəsinin aparılması göstərişdir.
KT müayinəsində COVID-19 görüntüsünə səciyyəvi olan əlamətlərin təsadüfi aşkar edildiyi hallarda müvafiq testin aparılması göstərişdir”.
"COVID-19 pnevmoniyasının diaqnostikasında və menecmentində radioloji müayinələrdə izlənilən əlamətlər yüksək informativ əhəmiyyətə malikdir.
COVID-19 pnevmoniyasının əsas kriterisi daha yüksək tezlikdə aşkar edilən bilateral periferik fokal və ya multifokal buzlu şüşə görüntüsü hesab edilir. İlk 2 gün ərzində KT, 4-6 gün ərzində RQ müayinəsinin nəticələri neqativ ola bilər.
KT müayinəsi PCR testin mənfi olduğu bəzi hallarda COVID-19 pnevmoniyasının mövcud olmasını göstərə bilər.
Rentgenoqrafiya müayinəsinin həssaslığının aşağı olmasına baxmayaraq, hər bir xəstədə aparılması məsləhətdir və dinamik müşahidələrdə istifadəsi əlverişlidir.
Əsas vacib məqam ondan ibarətdir ki, xəstələr test analizi pozitiv olan hallarda panikaya düşərək KT və ya rentgen müayinəsindən keçməyə israr edirlər.
Bir daha qeyd etmək istəyirəm ki, panikaya düşmədən ev şəraitində respirator status (saturasiya göstərici) dəyərləndirilsin və bu göstəricinin 93% və daha aşağı olan hallarında radioloji müayinələrdən keçmək məsləhətdir.
Nəzərə almaq lazımdır ki, xəstə döş qəfəsinin rentgen müayinəsində 0,1mZv (illik təbii şüalanma ilə müqayisədə 10 günlik), KT müayinəsində isə 6,1mZv ( illik təbii şüalanma ilə müqayisədə 2 illik) şüa yükünə məruz qalır”, – deyə mütəxəssis əlavə edib.