azia.az
azia.az

"Azərbaycanda bütün polislər ciddi pisixatrik müayinədən keçməlidir" - Psixiatr həkim

2-10-2021, 10:19


Bölmədəki dəhşətli qətlin izi ilə: polislərin psixi vəziyyəti nə yerdədi?
Arvadını öldürən polis nələri üzə çıxartdı?
"Azərbaycanda bütün polislər ciddi pisixatrik müayinədən keçməlidir" - Psixiatr həkim
Ötən gün polisin şöbədəcə öz həyat yoldaşını amansızlıqla qətlə yetirilməsi hüquq mühafizə orqanlarında, xüsusən polisdə psixi sağlamlıq və psixatrik müayinə mövzusunu aktuallaşdırıb.
Bir çox insanlar əsəblərinə hakim ola bilməyən insana xidməti silah verilməsinin təhlükəli olduğunu, hətta bəzi polislərə soyuq və odlu silah verilməməsi barədə yazıb.

Hər bir polis əməkdaşı DİN orqanında xidmətə qəbul zamanı tibbi komissiya müayinəsindən keçir. Məlumdur ki, bu zaman əqli, psixi vəziyyət də dəyərləndirilir.

Bəs necə olur ki, qanun keşikçisi özü qatilə çevrilir? Bunu ona vadar edən səbəblər nədir? Polislərin psixi durumu necə dəyərləndirilməlidir?


Medicina.az bu barədə həkim psixiatr, müstəqil tibbi ekspert Abdulla Şıxlinskidən açıqlama alıb.

Uzun müddət Rusiyada psixiatrik komissiyada da çalışan psixiatr Azərbaycanda “Psixiatrik yardım haqqında Qanun”da boşluqlar olduğunu və ciddi islahata ehtiyac olduğunu bildirib.


Azərbaycanda "Psixiatrik yardım və müalicə haqqında Qanun"da çox boşluqlar, absurd məqamlar var.
Bu qanunun sayəsində ruhi, psixi xəstələr cəmiyyətdə ürəyi istədiyi kimi rahat gəzir, istədiyini edir.

“1991-ci ildən sonra ruhi xəstələrin hüquqlarının da guya, qorunması adı altında “Psixiatrik yardım haqqında” qanunlar o dərəcədə yumşaldıldı ki, bu qanunlar demək olar, psixi xəstələrin azadlığına və cəmiyyətdə əlini-qolunu sallayıb, istədiyi kimi davranmasına gətirib çıxardı. Bu gün cəmiyyətdə, ailədə psixi xəstəni zərərsizləşdirmək qanunla çox çətindir və mümkün deyil. Nəinki bizdə, bu postsovet ölkələrinin hamısında belədir.


Bu gün biz ictimai yerdə, küçədə narkotik sərxoşluq vəziyyətində olan, hər addımında özünü qeyri-adekvat aparan, sosial-əxlaqi normalara cavab verməyən adamları görürük.

Bu adamların hamısı müəyyən yüngül və ya ağır psixi çatışmazlığı olan konkret psixi xəstələrdir.
Onların müayinə və müalicəyə cəlb edilməsi, üçün psixiatrik xəstəxanaya yerləşdirilməsi faktiki mümkün deyil.


Qanunda qeyd olunur ki, əgər bu xəstə heç bir sosial təhlükəli əməl törətməyibsə, yəni başqa adama hücum etməyib, döyməyib, öldürməyibsə, onu psixiatrik müalicəyə cəlb etmək olmaz.
Sual verirəm: xəstə psixoz vəziyyətindədirsə, biz gözləməliyik bu, tamam başını itirib təhlükəli əməl edəcək, kimisə öldürəcək, ondan sonra tədbir görüləcək?

Hətta bu tədbirlər belə dövlət səviyyəsində o qədər uzun-uzadı, yorucudur ki... Siz fikir verin, açıq–aşkar ruhi xəstəlik əlamətləri üzdə olan insanın psixi xəstə olduğunu cinayətsiz sübut etmək üçün kimsə məhkəməyə müraciət etməlidir, qərar qəbul edilməlidir, ondan sonra qərar icra üçün dövlət strukturlarına göndərilməlidir. Sonra kimsə bu xəstəni tapıb tutmalı, hospitəlizə etməlidir. Bu qədər yorucu prosedurlara da heç kim baş qoşmaq istəmir. Ruhi xəstə qalır ortada, o vaxta qədər 2-3 adam öldürür, ya da ətrafdakı sağlam insanları psixoz vəziyyətinə gətirir.

Xüsusən söhbət psixopatlar, ağır epilepsiya xəstələri, narkotika asılısı olanlardan, sintetik narkotik istifadə edənlərdən, baş beynində ciddi xəstəlik olanlardan gedir, belə adamlar təhlükəli cinayət etməkləri üçün əllərində imkan var və onlar bu müstəqillikdən, özbaşınalıqdan istifadə edirlər. Heç kim də onlara bir söz demir.

Azərbaycanda həkim psixiatrların da hüquqları, qərar vermək ixtiyarları yoxdur. İstər yerli poliklinikalarda olan, istər psixiatrik mərkəzdə olan psixiatr həkimlər heç bir ruhi xəstəni məcburi müalicəyə cəlb edə bilmir”.

Həkim insanların psixi durumunun getdikcə pisləşdiyini deyib və bunun səbəbləri barədə danışıb:

“İnsanları bu gün psixoz vəziyyətə gətirən çox səbəblər var.
Amma ən əsası 2020-ci ilin martından karantin tədbirləri, virusla mübarizə adı altında sərt qapanmalardır ki, insanları reaktiv psixoz vəziyyətinə saldı. Hətta normal psixikası olan insan belə bu qədər müddət qadağalara, psixi təsirə, hücuma dözmədi. İnsanlar istədiyi kimi dincələ bilmədi, maddi sıxıntılar oldu. Psixi halət insanlarda çox dəyişib.

O ki, qaldı hüquq mühafizə işçilərinin psixi sağlamlığına... Azərbaycanda hüquq mühafizə orqanlarına qəbul zamanı onların, xüsusən polislərin psixi durumunun, fiziki durumunun müayinəsi tibbi komissiya tərəfindən yoxlanılır. Bu komissiya birbaşa DİN-nin tabçiliyindədir.


Belə bir sual ortaya çıxır. Necə olur ki, DİN qulluğa özü də gənc oğlanları, kişiləri işə götürür, özü də onların psixi sağlamlığını yoxlayır? Bu, məntiqə sığan deyil.


Mən hesab edirəm ki, hüquq-mühafizə orqanlarında qulluğa qəbul olmaq istəyənləri xüsusi müstəqil tibbi komissiya yoxlamalıdır. O komissiyada mülki, tanınmış psixiatr həkimlər olmalıdır, poqonlu hərbi həkim yox. Bu komissiya üzvləri də 1-2 ildən bir dəyişməlidir. Bir komissiyanın ki, üzvləri 10 il o vəzifədə qaldısa, orda ciddi yanaşmadan söhbət gedə bilməz, mütləq axsamalar və korrupsiya olacaq.

Komissiyada şəxsi 10-15 dəqiqə sorğu sual edib danışdırmaqla onun psixi sağlamlığı barədə rəy vermək olmaz. Bu müayinə bir neçə mərhələli olmalıdır. Hətta bəzən insan o qədər özünü büruzə vermir, həkim üçün çətin olur, bu zaman həmin şəxs 3-4 günlük psixiatrik mərkəzə göndərilir, tam yoxlanılır.
Burda 3 psixiatrın rəyi olmalıdır. Bir həkimin rəyi azdır”.




Bəs kimlər hüquq mühafizə orqanlarında çalışa bilməz? Hansı psixi, nevroloji diaqnozlar tibbi müayinədə nəzərə alınmalıdır?

“Polis orqanlarında işləyən şəxsə xüsusi vəsiqə verilir ki, bu ona çox yerdə azadlıq, hüquq yaradır, Onlara dəyənək, elektroşok, soyuq silah, qandal, odlu silah da verilir..

Biz cəmiyyət olaraq, arxayın olmalıyıq ki, əlində bu qədər imkanı, silah olan polisin başı, psixikası yerindədir, ruhi vəziyyəti düz işləyir, əsəbləri yerindədir, istənilən vəziyyətdə adekvatdır.

Bu gün sirr deyil ki, çox adam polisə işə girir və öz şəxsi problemlərini həll etməyə çalışır. Şəxsi problemlərini həll edərkən də əgər psixi sağlam deyilsə, üstündə olan silahlardan istifadə edəcək. Dəyənəklə kiminsə başını vurub yaracaq, ya da son hadisədə olduğu kimi uşaqlarının gözü qarşısında arvadını öldürəcək.

İndi sual çıxır: o polisə kim psixiatrik sağlamlıq rəyi vermişdi?

Kimlər polis orqanlarında ümumiyyətlə işləməyə yararsızdır: doğuş zamanı travma almış, çətin doğuş prosesi ilə dünyaya gəlmiş, anası hamiləlik zamanı ciddi infeksion xəstəlik keçirmiş, kəllə daxili təzyiqlə doğulmuş, başından uşaqlıqda travma almış, yüngülvarı ağıl zəifliyi ilə doğulanlar, doğuş zamanı hipoksiya keçirənlər, epilepsiya xəstəliyi olanlar, perinatal patologoya ilə doğulan uşaqların mərkəzə sinir sistemi zədələnmiş hesab edilir. Bu insanlar gələcəkdə hüquq mühafizə orqanlarına qəbul edilə bilməzlər.

Əgər bir yeniyetmə, gənc hələ polisdə işləməyən illərdə hər hansı kiçik və əhəmiyyətsiz səbəbdən, ya dostları ilə mübahisəyə görə polis bölməsinə gətirilibsə, müəyyən əməl törədibsə, bu adam polisə götürülməməlidir.

Çox zaman polisə işə girəndə çox şeyləri ailəsi gizlədir. Kimsə uşaq vaxtı psixiatrda müalicə alıb, dərman da qəbul edib, ya kəllə beynində travma var, bu haqda heç kimə məlumat verilmir, uşaq rəsmi qeydiyyatda olmadığı üçün gizlədilir, ona görə belə adamlar rahatlıqla istədiyi yerə işə keçir.


Azərbaycanda psixiatrik qeydiyyat – uçot yoxdur, çoxdan unudulub. Bu baza qaytarılmalıdır. Bütün ruhi, psixi pozuntulu şəxslər barədə doğulandan indiyə qədər həmin bazada məlumat olmalıdır.
İnsanlar diaqnozunu gizlədir. Belə bir mürəkkəb şəraitdə sağlam psixikası olan polis əməkdaşları seçmək çətin olacaq. Sonucu da belə acınacaqlı olacaq.

Bütün hüquq mühafizə orqanları əməkdaşlarının ciddi psixiatrik komissiyadan keçib, yenidən yoxlanması zəruridir. Bu komissiya seçilmiş, bilikli, müstəqil mülki psixiatr həkimlər olmalıdır”.

Aygün Musayeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi