Elçin Şıxlı: “Gərək bunların başını əzib sinəsinə çökəsən ” - Müsahibə
Teleqraf.com “Ayna-Zerkalo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı ilə müsahibəni təqdim edir.
- Elçin müəllim, Vyana görüşü haqqında təəssüratınız necədir, tərəflər arasında aktiv danışıqlar prosesi başlana bilərmi?
- Söhbət ondan gedir ki, bir ilə yaxındır belə yüksək səviyyədə görüş yox idi. Bəli, Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyan arasında buna qədər ayaqüstü görüşlər olmuşdu, amma birbaşa Qarabağla bağlı danışıqlar yox idi. Bu nöqteyi-nəzərdə Vyana danışıqları müsbət hadisədir. Ancaq yalnız Vyana görüşünün böyük nəticələrə gətirib çıxaracağı haqqında söz söyləmək mümkün deyil. Görüşdən sonra Paşinyanda müfəssəl bir söz söyləmədi. Ola bilsin ki, danışıqların qaydasına görə, heç nə deyilməməlidir. Hər halda müsbət görüş hesab etmək olar.
Lakin biz uzun illərdir ki, ermənilərlə danışıqlar aparırıq və mən 10 illərin təcrübəsini nəzərə alaraq deyim ki, Vyana təmasından sonra köklü dəyişikliklərin olacağına inanmıram. Görünür tərəflər mövqelərini dəqiqləşdirir.
- Paşinyanın hakimiyyətə gəlişinin bir ili tamam olur. Sizcə, Qarabağa münasibətdə Paşinyan hökumətinin mövqeyi ilə ondan əvvəlki Sərqsiyan hökumətinin mövqeyi arasında bir fərq sezilirmi?
- Mən şəxsən, erməni hökumətləri arasında Qarabağa münasibətdə fərqli mövqelərini sezmirəm. Ancaq mümkündür ki, Paşinyan beynində başqa fikirləri var, amma iş ondadır ki, ermənilərin, o cəmiyyətin Qarabağla bağlı fikri birmənalıdır. Yəni erməni cəmiyyətində hakim olan bir rəy var. Kimsə bu ictimai rəyə əks gedirsə, hesab edin ki, qısa müddətə hakimiyyəti itirər.
Diqqət edin, xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Moskvaya qayıdarkən bir neçə erməni ilə təyyarənin göyərtəsində söhbət edib. Məmmədyarov normal söhbət edir, amma bu zaman bir erməni ayağa qalxıb deyir ki, vaxtı ilə müxbir işləyib və bizim nazirə sual edir ki, siz niyə ermənilərə qarşı aqressivsiniz. Məmmədyarovda sakit formada deyir ki, ermənilər bizim torpaqlarımızı zəbt edib.
Ermənistan əsgərləri Qarabağda xidmət keçir. Bu halda niyə aqressiv olmayım? Erməni də reaksiyasında “siz niyə elə düşünürsünüz ki, oralar sizin torpaqlardır”. Hələ əlavə edir ki, bu ərazilər bineyi-qədimdən erməni torpağı olub. Ermənilərin beyni belə işləyir. Bu Ermənistanda Qarabağa münasibətdə ictimai rəydir. Bu baxımdan Qarabağ münaqişəsində nəyisə dəyişmək üçün gərək bunların başını əzib sinəsinə çökəsən. Bundan sonra görsünlər ki, getməyə bir yerləri yoxdur və bu halda fikirləri dəyişsinlər.
Bunların burnu ovulmamış, başı əzilməmiş fikirləri dəyişməyəcək. Mən, ictimai rəyi nəzərdə tuturam.
- Yeri gəlmişkən, təyyarədə Ermənistanın xarici işlər naziri olsaydı, bizim soydaşlarımız heç onu tanımazdı...
- Əgər bizimkilərdən Brüsselə gedib gələnlər olsaydı Ermənistanın xarici işlər nazirini dərhal tanıyardılar. Brüsselə adətən bizim kimi şəxslər gedir. Yəni bizim gül satanlar Brüsselə gedib-gəlmirlər. Ermənilərin bizim naziri tanıması çox normaldır. Elmar Məmmədyarov uzun illərdir ki, Azərbaycanın xarici işlər naziridir.
- Ermənistan müdafiə naziri Tonoyanın ABŞ-da Azərbaycana qarşı verdiyi müharibə bəyanatlarını necə şərh edirsiniz?
- Hesab edirəm ki, bəlkə də belə informasiyalarla erməni cəmiyyətini toxtatmağa çalışılır. Yəni erməni cəmiyyətinə mesaj verilir ki, biz fikrimizi dəyişməmişik, Qarabağ məsələsində daha sərt mövqe tuturuq. Hesab edirəm ki, erməni nazirin bu bəyanatı əslində nə Azərbaycan, nə də beynəlxalq aləm üçün nəzərdə tutularaq deyilməyib. Əksinə, bu bəyanat daxili auditoriya və təbii ki, güclü olan erməni diasporu üçün nəzərdə tutulub. Əslində isə gərək axmaq və idiotun biri olmalısan ki, indiki vəziyyətdə “Azərbaycanın daha çox torpağını tutacağam” bəyanatı səsləndirə biləsən. Niyə? Onlar Qarabağı bizdən alanda Azərbaycanın nə ordusu, nədə hərbi arsenalı vardı.
O zaman bizim qoşalülədən savayı heç nəyimiz yox idi. Onların isə əllərində silahları vardı, uzun illər bu prosesə hazırlaşmışdılar. Bu səbəbdən də, bizi əli yalın tutdular. Təsəvvür edin ki, 1990-cı ilin 20 yanvar hadisəsindən sonra Bakıda bina-bina gəzərək mənzillərdə olan ov tüfəngləri yığışdırırdılar. Bizim evə də gəlmişdilər. O zaman atamın qeydiyyatdan keçmiş ev tüfəngi vardı.
Onlar gələndə evdə anamdan başqa heç kim olmamışdı. Anam da ruslarla birlikdə gələn bizim sahə müvəkkilinə deyib ki, oğlum, sən utanmırsan, bilmirsən ki, kimin evinə gəlmisən? Sahə müvəkkili də rus əsgərlərə deyib ki, burada heç nə yoxdur və çıxıb gediblər. Yəni biz belə vəziyyətdə idik, xalq yazıçısının evinə gəlib deyirdilər ki, tüfəngini təhvil ver. Bu vəziyyətdə biz nə edə bilərdik?
Ermənilərə müqavimət göstərən bizim oğullar, kişilər olduğundan hələ bu qədər irəliləyə biliblər. İndiki vəziyyətdə isə ümumiyyətlə bunun təkrarlanması mümkün deyil.
Çünki ordumuz güclüdür, hərbi-sənayemiz var. Üstəlik müharibə uzunmüddətli kampaniya, böyük pullar deməkdir və biz bu sahədə Ermənistandan iki dəfə irəlidəyik. Müharibədə söhbət yalnız avtomatın sayından getmir. Avtomata lazım olan güllələrin sayından, əlinə silah ala biləcək insanlardan, avtomatları, güllələri istehsal edə biləcək sənayedən gedir. Bizdə indi bunların hamısı var.
Aprel döyüşləri zamanı da gördük ki, hərbi xidmətdə olan və olmayan gənclərimizin hamısı döyüşə getməyə hazır idi. Yəni belə əhval-ruhiyyədə var. İndi ermənilər özlərini bizimlə müqayisə edə bilməz.
- Azərbaycan müdafiə naziri Zakir Həsənov Ermənistan müdafiə nazirinin bəyanatına cavab olaraq deyib ki, kaş hücuma keçərdilər və biz Yerevanda görüşərdik...
- Nazir düz deyib. Əslində müharibə başlasa ermənilər pis vəziyyətə düşə bilər. Elə buna görə də, böyük güclər müharibəyə imkan vermirlər. Aydındır ki, Kremli olmasa Qarabağ problemi çoxdan həllini tapmışdı.
- Müharibə perspektivini necə görürsünüz?
- İmkan verməyəcəklər. Mümkündür ki, erməniyə dərs vermək üçün bizə qısamüddətli imkan yaratsınlar ki, bəzi kənd və yüksəklikləri götürə bilərik. Bu halda da erməni qaçıb rusun ayağı altında yalvaracaq ki, bizi vəziyyətdən çıxarın. Qənaətimcə, belə variant ola bilər.
- Hazırda Rusiya-Ermənistan münasibətlərinin gərgin durumda olduğunu düşünürsünüz?
-Yox, gərgin durumda olduğunu demirəm. Amma bu münasibətlər tam durulmayıb. Moskva bundan əvvəlki erməni hakimiyyətlərinin nə edə biləcəyini yaxşı bilirdi. İndiki hakimiyyəti hələ yaxşı tanımırlar.
- Danışıqlar nəticəyə çıxarmırsa çıxışı yolu nədir?
- Hesab edirəm ki, biz bütün istiqamətlər üzrə güclənməliyik. İqtisadi sahədə, sosial sahədə, hərbi sahədə, maliyyə sahəsində, siyasi və diplomatik istiqamətlərdə. Həmçinin aparılan islahatlar, demokratiya, insan haqları sahəsində irəliləməliyik. Ancaq bu yolla məsələni həll edə bilərik və edəcəyik də.