Türkiyədə azərbaycanlı həkimlərin haqqı qorundu - Emin Həsənli (MÜSAHİBƏ)
Emin Həsənli: "Türkiyə "Bunlar bizim övladlarımızdır" deyərək qanun layihəsini geri götürdü"
Türkiyə Böyük Millət Məclisində (TBMM) xarici vətəndaş olan həkimlərin əməkhaqqı ilə bağlı nəzərdə tutulan qanun dəyişikliyi Türkiyədə uzmanlıq (rezidentura) təhsili alan minlərlə xarici həkim, o cümlədən azərbaycanlı tibb mütəxəssisləri arasında ciddi narahatlıq yaratdı. Geniş müzakirələrdən sonra qanun layihəsinin mübahisə doğuran birinci maddəsi qəbul edilmədi.
Prosesin gedişi, aparılan danışıqlar və qərarın Azərbaycan-Türkiyə əməkdaşlığı baxımından əhəmiyyəti ilə bağlı Sherg.az-ın suallarını Qardaşlığımız Əbədidir QHT Koalisiyasının sədri, Azərbaycan Hərbi Yönümlü Təşkilatlar İttifaqının rəhbəri Emin Həsənli cavablandırıb:
-Türkiyə Böyük Millət Məclisinə təqdim olunan qanun layihəsinin birinci maddəsi nədən ibarət idi və bu məsələ niyə bu qədər narahatlıq yaratdı?
-2026-cı il iyulun 2-də Türkiyə Böyük Millət Məclisinə təqdim olunan, daha əvvəl Türkiyə Böyük Millət Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasında müzakirə edilən qanun layihəsinin birinci maddəsi xarici vətəndaşların, o cümlədən Türkiyədə uzmanlıq (rezidentura) təhsili alan həkimlərin əməkhaqqı ilə bağlı idi.
Türkiyədə uzmanlıq təhsili alan minə yaxın azərbaycanlı həkim var. Onlar ölkənin demək olar ki, bütün şəhərlərində yerləşən universitetlərdə təhsil alırlar. Bundan başqa, mindən artıq digər xarici vətəndaş da vardı. Onların arasında Orta Asiyadan olan türklər, Cənubi Azərbaycandan olan soydaşlarımız, Suriyadan olan ərəblər və digər millətlərin nümayəndələri var idi. Lakin ən böyük qrupu Azərbaycan vətəndaşları təşkil edirdi.
Əgər bu qanun qəbul olunsaydı, onlar aylıq 18 900 TL alacaqdılar. Əlavə olaraq növbə əsasında 10 000 TL almaq imkanları da olacaqdı. Halbuki Türkiyədə ev kirayələri 25-30 min TL arasında dəyişir. Onların bir çoxu ailəlidir. Bildiyiniz kimi, onlar tibb universitetini bitirib diplomlarını Türkiyədə təsdiqlətdikdən sonra uzmanlıq təhsilinə başlayırlar.
-Siz bu prosesə necə qoşuldunuz? İlk müraciət kimlərdən gəldi?
-Qanun layihəsi iyulun 15-də müzakirəyə təqdim olunduqdan sonra Adnan Menderes Universitetində uzmanlıq təhsili alan Güləndam İsgəndərova və Pamukkale Universitetində uzmanlıq təhsili alan Nurlanə Quluzadə mənə müraciət etdilər. Onlar xahiş etdilər ki, Türkiyədəki əlaqələrimdən istifadə edərək bu məsələni gündəmə gətirim.
Onlar bildirdilər ki, Azərbaycandan rəsmi nümayəndə heyətləri Türkiyəyə səfərlər zamanı Ədalət və İnkişaf Partiyasının rəhbərliyi, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, həmçinin Türkiyə Böyük Millət Məclisində Milliyyətçi Hərəkat Partiyasının rəhbərliyi ilə görüşlər keçirirlər və bu məsələ onların diqqətinə çatdırılsın.
-Bundan sonra hansı addımlar atıldı?
-Biz ilk növbədə məsələni ətraflı araşdırdıq. Daha sonra Ankarada yaşayan və təhsil alan həkimlərimizdən ibarət heyətlər formalaşdırdıq. Ankara Universitetində və digər universitetlərdə uzmanlıq təhsili alan tələbələrimizlə koordinasiyalı şəkildə görüşlər təşkil olundu.
Türkiyə Ədalət və İnkişaf Partiyasının Türk Dünyası üzrə sədr müavini professor Kürşad Zorlu ilə danışdım və vəziyyəti onunla müzakirə etdim. Sağ olsun, məsələyə yüksək diqqət göstərdi. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla da məsələni müzakirə etdik. Hər ikisi həkimlərdən ibarət heyəti qəbul etdi.
Daha sonra Milliyyətçi Hərəkat Partiyasının baş katibinin müavini Təməl Osmanoğlu ilə danışdıq. O da Azərbaycan nümayəndə heyətini qəbul etdi. MHP rəhbərliyi də dəstək verəcəyini bildirdi.
Komissiyanın sədr müavini, Milliyyətçi Hərəkat Partiyasının Türk Dünyası üzrə sədr müavini, nüfuzlu alim professor İlyas Topsakal ilə də danışdım. Həftənin istirahət günü olmasına baxmayaraq, o bildirdi ki, Türkiyə Böyük Millət Məclisində bu məsələni diqqətdə saxlayacaq. Daha sonra MHP-nin qərargahında Azərbaycan həkimlərindən ibarət heyətlə görüşdü. Məsələ hərtərəfli müzakirə olundu və o da dəstək verəcəyinə söz verdi.
Onun Türkiyə Böyük Millət Məclisində məşhur çıxışı da oldu. O, "Bizim övladlarımız" deyə müraciət edərək bildirdi ki, övladlarımızın haqqı və hüququ qorunmalıdır.
-Görüşlər zamanı Azərbaycanlı həkimlər hansı arqumentləri irəli sürdülər?
-Azərbaycanlı həkimlər kifayət qədər savadlı və hazırlıqlı idilər. Onlar bütün problemləri millət vəkillərinə ətraflı şəkildə izah etdilər. Bildirdilər ki, Azərbaycan vətəndaşları da Türkiyə vətəndaşları kimi imtahan verirlər. Onlar əvvəlcə diplomlarını təsdiqlətmək üçün ağır imtahandan keçirlər, daha sonra isə ikinci dəfə imtahan verərək Türkiyə universitetlərində uzmanlıq təhsilinə qəbul olunurlar.
Onlar heç bir təqaüd almırlar. Türkiyə dövləti onlara burs vermir. Türkiyədə "Türk soylu" statusunu təsdiq edən sənəd mövcuddur, lakin onların əksəriyyəti həmin sənəddən yararlana bilməyib. Çünki bu sənəd sonradan qəbul olunub və onların çoxu universitetlərə qəbul olunduqda belə bir imkan yox idi.
Buna görə də həmin qərar ədalətli olmazdı. Azərbaycanlı və digər xarici həkimlərin əməyi layiqincə qiymətləndirilməmiş olardı. Bu isə onların təhsilini davam etdirməsində ciddi maddi çətinliklər yaradacaqdı.
-Bəs nəticə necə oldu?
-Geniş müzakirələrdən sonra məsələ həm Ədalət və İnkişaf Partiyasının, həm də Milliyyətçi Hərəkat Partiyasının rəhbərliyi səviyyəsində müzakirə olundu. Hər iki partiyanın sədrinə bu barədə məruzə edildi. Nəticədə Türkiyə Böyük Millət Məclisində çoxluğun qərarı ilə qanun layihəsi geri götürüldü və qəbul edilmədi. Bu, böyük uğur idi.
-Bu nəticənin əldə olunmasında Azərbaycan-Türkiyə münasibətlərinin rolunu necə qiymətləndirirsiniz?
-Mən xüsusilə qeyd etmək istəyirəm ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dəstəyi ilə biz davamlı olaraq Türkiyəyə səfərlər etmişik. Heydər Əliyev Fondunun və Azərbaycan dövlətinin dəstəyi ilə qazilərimizi Türkiyəyə aparmışıq. Türkiyədən də qazilər və şəhid ailələri Azərbaycana səfərlər ediblər.
Bu əlaqələrin qurulmasında Azərbaycan dövləti daim bizim təşkilatımıza və qazilərimizə dəstək göstərib. Hesab edirəm ki, məhz bu əlaqələrdən istifadə olunması və millət vəkillərinin məsələnin mahiyyətini ətraflı öyrənməsi nəticəsində Azərbaycan-Türkiyə qardaşlığının hər şeydən üstün olduğu bir daha təsdiqləndi.
Türkiyə tərəfi bəyan etdi ki, Azərbaycandan gələn tələbələr onların öz övladları, onlara əmanətdirlər. Bildirdilər ki, əvvəllər məsələnin bütün detalları onlara məlum olmayıb. Onlar Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" ideyasına sadiq qalacaqlarını bir daha bəyan edərək bu məsələyə son dərəcə həssas yanaşdılar.
Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, onun komandası, Ədalət və İnkişaf Partiyası, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan gənclərinin, həkimlərimizin, eləcə də Orta Asiyadan gələn qardaş respublikaların nümayəndələrinin, Cənubi Azərbaycandan olan soydaşlarımızın və ümumilikdə Türkiyədə təhsil alan xarici tələbələrin hüquqları qorundu.
Bu, çox böyük sayda insanı əhatə edən qərardır. Eyni zamanda gələcəkdə Türkiyədə təhsil alacaq həkimlərin daha savadlı yetişməsinə də müsbət təsir göstərəcək.
Bildiyiniz kimi, Türkiyənin tibb universitetləri dünyanın ən nüfuzlu ali təhsil müəssisələri sırasındadır və Avropa ilə ABŞ-nin aparıcı universitetləri səviyyəsində təhsil verirlər. Bu universitetlərin məzunları Almaniya başda olmaqla Avropanın bir çox ölkəsində həkim kimi fəaliyyət göstərirlər.
-Qərarın Türkiyədə təhsil alan azərbaycanlı həkimlər və gələcək əməkdaşlıq baxımından əhəmiyyətini necə oxuyursunuz?
-Uzun illərdir Azərbaycan gəncləri Türkiyədə təhsil alaraq həm Azərbaycanda, həm Türkiyədə, həm də Avropa ölkələrində müxtəlif sahələrdə, xüsusilə həkim kimi uğurla fəaliyyət göstərirlər. Bu, Azərbaycanın nüfuzu baxımından da mühüm əhəmiyyət daşıyır.
Bu proses bir daha göstərdi ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir. Türkiyə dövləti Azərbaycanın məsələlərinə, Azərbaycan da Türkiyənin məsələlərinə həssas yanaşır. Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". Türkiyə bizim üçün çox önəmli dövlətdir.
Mən bir daha Azərbaycan dövlətinə minnətdarlığımı bildirirəm. Bu cür səfərlərin və əlaqələrin qurulmasına göstərilən dəstək çox qiymətlidir. Azərbaycan dövləti və onun müxtəlif qurumları- Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu və digər qurumlar bu səfərlərə maddi, mənəvi və texniki dəstək göstəriblər. Həm Türkiyədən gələn nümayəndə heyətlərinin, həm də Azərbaycandan gedən heyətlərin yüksək səviyyədə səfərlərinin təşkilində onların böyük rolu olub.