Passiv müşahidəçilikdən aktiv iştirakçılığa - Azərbaycan QHT-ləri hücumda
9-10-2024, 16:48
Dünya siyasətinin bugünkü mənzərəsi narahatlıq doğurur. Bir çox ölkələr arasında artan gərginlik və münaqişələr beynəlxalq arenada sülhün kövrəkliyini açıq şəkildə nümayiş etdirir. Diplomatiya yerini hərbi ritorikaya, əməkdaşlıq isə təzyiqlərə verir. Bir sözlə, müharibə təkcə silah-sursatla deyil, diplomatik arenada da davam edir.
Bu mürəkkəb mənzərə fonunda Azərbaycan hərbi yolla öz ərazilərini işğaldan azad etdi və antiterror əməliyyatı ilə ərazi bütövlüyünü təmin etdi. Vətən müharibəsində qələbənin memarı olan İlham Əliyev, eyni zamanda diplomatik mübarizədə də qarşı tərəfi çətin vəziyyətdə qoyur.
Eyni zamanda müasir dünya düzənində vacib rol oynayan yumşaq güc (soft power) mübarizəsi də açıq şəkildə baş verir və bu sahədə də Azərbaycana qarşı müxtəlif hücumlar müşahidə olunur.
QHT-lərimizin səsi yüksək tonla Nyu York, Cenevrə, Varşava və Brüsseldən eşidilir.
Azərbaycanın qeyri-hökumət təşkilatları da bu mübarizədə ön cəbhədə yer alır. Laçın-Xankəndi yolunda başlayan 138 günlük mübarizədə öz adını Azərbaycan tarixinə yazan vətəndaş cəmiyyəti sektoru, daha sonra Ermənistanın dağ-mədən sənayesi ilə bağlı beynəlxalq səviyyədə şəbəkə formalaşdıraraq, Ermənistanın regionun ekosisteminə vurduğu ziyanı ifşa etdi.
Üçüncü sektorun mübarizə meydanlarından biri də beynəlxalq platformalardır. Bu platformalara BMT, ATƏT və digər nüfuzlu təşkilatlar daxildir. Azərbaycan QHT-ləri artıq bu platformalarda passiv müşahidəçi deyil, aktiv iştirakçı kimi çıxış edirlər.
Sessiyalarda, beynəlxalq konfranslarda və iclaslarda rəsmi qurumlarla yanaşı, QHT nümayəndələri də söz alaraq mövqelərini ifadə edir, Ermənistan və onun tərəfdarlarının yalanlarını ifşa edirlər.
Bir sözlə, artıq QHT-lərimizin səsi yüksək tonla Nyu-York, Cenevrə, Varşava və Brüsseldən də eşidilir.
Varşava İnsan Ölçüsü Konfransı
QHT-lərimizin fəal iştirak etdiyi tədbirlərdən biri də hazırda davam edəni ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin dəstəyi ilə ATƏT sədrliyi yanında Varşava İnsan Ölçüsü Konfransındır. Konfrans 30 sentyabr - 11 oktyabr aralığında keçirilir. Varşava Konfransı hər gün bir əsas sessiya və xeyli bir neçə yan tədbir olmaqla davam edir.
Bu 10 günlük konfrans ATƏT ərazisində insan hüquqları və əsas azadlıqlara həsr olunub, həmçinin bölgənin təhlükəsizliyinə dair cari hadisələr və meyillərin nəticələrini müzakirə edilir.
İştirakçılar plenar iclaslar və yan tədbirlər zamanı ATƏT-in insan ölçüsü öhdəliklərinin tam spektrini müzakirə etmək imkanı əldə edir.
Konfransda ATƏT-ə üzv dövlətlərin nümayəndələri, Əməkdaşlıq üzrə tərəfdaşlar, ATƏT institutları və digər icra strukturları, hökumətlərarası təşkilatların nümayəndələri, vətəndaş cəmiyyəti və 57 üzv dövlətdən müvafiq təcrübəsi olan digər şəxslər iştirak edə bilir.
Və sözsüz ki, çıxışlar zamanı Azərbaycana qarşı insan hüquqları adı altında qarayaxama hücumlar, guya ermənilərə qarşı etnik təmizləmə aparılması kimi mövzuların da gündəmə gətirilməsi cəhdləri olur.
QHT-lərin Hücum taktikası
Konfransda Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin təşkilatlanmış formada çıxışı xüsusilə diqqət çəkir. Son dövrlərdə ölkə QHT-lərinin birgə və əlaqəli fəaliyyət göstərməsi beynəlxalq platformalarda Azərbaycanı daha güclü şəkildə təmsil etməyə imkan verir. Əgər əvvəllər fərdi çıxışlar ilə bu tip hücumlara cavab vermək çətin idisə, indi komanda işi sayəsində daha strateji yanaşma formalaşdırılıb. Bu da Azərbaycanın mövqeyini qorumaq və beynəlxalq arenada yaranan yanlış təsəvvürlərin qarşısını almaqda mühüm rol oynayır.
Beş gün əvvəl yazılmış çıxışlar, erməni tərəfinin hər konfransda qaldırdığı əsassız iddialara cavab vermək üçün kifayət etmir. Sessiyanın gedişində bir Azərbaycan QHT nümayəndəsi çıxış edirsə, dərhal ona cavab verəcək bir erməni təşkilatı olur. Həmin erməni QHT-si yalnız uydurulmuş cavablarla kifayətlənməyib, əlavə olaraq yeni, əsası olmayan iddialar da irəli sürür. Bu tip vəziyyətlərlə dəfələrlə qarşılaşmışıq və artıq fərdi çıxışlar bu cür hücumlara qarşı effektli olmur.
Bu nöqtədə fərdi iştirak deyil, komanda işi vacibdir. Azərbaycanın QHT nümayəndələri artıq fərdi reklam və şəkil çəkdirmək əvəzinə, birgə şəkildə təsir etmək üçün planlı və əlaqələndirilmiş fəaliyyət göstərirlər. Məhz bu, onların beynəlxalq səhnədə uğur qazanmalarının əsas səbəblərindən biridir. Keçirilən tədbirlərdə kollektiv iş birliyi Azərbaycanın mövqeyini gücləndirir və təxribatlara qarşı daha effektli cavab vermə imkanı yaradır.
Digər vacib məqam isə artıq Azərbaycanın QHT-lərinin özləri hücum taktikasına keçməsidir. Onlar sadəcə cavab verməklə kifayətlənmir, həm də proaktiv şəkildə mövqelərini müdafiə edir, hətta əks arqumentlər irəli sürərək, erməni tərəfinin təxribatlarını ifşa edirlər. Bu strategiya sayəsində Azərbaycanın beynəlxalq arenada mövqeyi daha da möhkəmlənir və QHT-lərin fəaliyyəti daha təsirli olur.
Uğurlu Side Event
Varşava konfransında diqqətçəkən vacib məqamlardan biri də “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin və İqtisadi və Sosial İnkişaf Mərkəzinin birgə təşkil etdiyi yan tədbir (Side Event) idi. Bu tədbir Varşava İnsan Ölçüsü Konfransı çərçivəsində təşkil olunmuş və “İqlim dəyişmələri və qaçqınların sağlamlığı” mövzusuna həsr edilmişdi. Yan tədbirdə qaçqın və məcburi köçkünlərin vəziyyəti, iqlim dəyişmələrinin onların sosial və iqtisadi həyatlarına təsirləri müzakirə olundu.
Tədbirdə dünya miqyasında məcburi köçkünlərin üzləşdiyi problemlər, xüsusilə Qərbi Azərbaycandan zorla deportasiya edilmiş şəxslərin öz ata-baba yurdlarına qayıtmaq hüququnun bərpasının vacibliyi geniş müzakirə mövzusu oldu. Qeyd edildi ki, Ermənistandan zorla deportasiya edilmiş azərbaycanlıların bir hissəsi köç zamanı yeni iqlim şəraitinə uyğunlaşa bilməyərək həyatlarını itiriblər.
Hazırda təkcə ATƏT regionunda 2,5 milyondan çox insanın məcburi köçkün vəziyyətində olduğu vurğulanaraq, bu ağrının azərbaycanlılar tərəfindən şəxsən yaşandığı və Azərbaycanın məcburi köçkünlüyün dağıdıcı təsirlərini birbaşa təcrübədən keçirdiyi diqqətə çatdırıldı.
Tədbirdə Malta, Avstriya, Polşa, Qazaxıstan, Özbəkistan, Sudan, Ukrayna, Macarıstan, Gürcüstan və Türkiyədən gəlmiş vətəndaş cəmiyyəti nümayəndələri fəal iştirak etdilər və mövzu ilə bağlı öz fikirlərini bildirdilər. Yan tədbir çərçivəsində Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə atdığı addımlar yüksək qiymətləndirilib və COP29-dan gözləntilər, eləcə də inklüzivliyin vacibliyi xüsusi vurğulanıb.
Yan tədbirdə dünyanın aparıcı dövlətlərinin rəsmi şəxsləri və vətəndaş cəmiyyəti nümayəndələri də iştirak etdi. Hətta bəzi şəxslərin tədbirdə qeydiyyatdan keçmədiyi və çəkilişlər zamanı üzlərini gizlətmək məqsədi ilə hərəkət etdiyi barədə faktlar da mövcud idi.
Azərbaycan QHT-lərinin Beynəlxalq Platformalarda Fəal Mövqeyi və Çıxışları
Azərbaycan vətəndaş cəmiyyətinin fəal iştirak etdiyi bu konfransda "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli bir neçə mövzuda çıxışlar etmişdir. O, ilk olaraq Konfransın birinci günündə keçirilən “Humanitar məsələlər” sessiyasında "Silahlı münaqişələr dövründə humanitar problemlər" mövzusu ilə bağlı çıxış edərək, Ermənistan tərəfindən başlanan münaqişənin Azərbaycanın iqtisadiyyatına böyük zərbə vurduğunu və ölkədə ciddi humanitar böhrana yol açdığını qeyd etdi. O, eyni zamanda xalqın tarixi və mədəni irsinə vurulan zərərdən danıb.
Nədimə Rəhimli çıxışında 44 günlük müharibə nəticəsində 93 azərbaycanlı mülki şəxsin həlak olduğunu, 67 uşağın, 100 qadının, 277 kişinin yaralandığını bildirdi. O, həmçinin, 13,360 müxtəlif növ binanın zərər gördüyünü və müharibə bitdikdən sonra mina partlayışları nəticəsində 23 nəfərin öldüyünü, 36 nəfərin yaralandığını vurğulayıb.
Rəhimli erməni nümayəndələrinin çıxışlarında əsasən ittihamlara üstünlük verdiklərini, lakin sülhə çağırışların olmamasını da xüsusi olaraq qeyd etdi. O, "Demokratik institutlar" adlı ikinci sessiyada “Milli, regional və yerli səviyyədə demokratiya” mövzusunda çıxış edərək, vətəndaş cəmiyyətinin, xüsusilə də QHT-lərin müxtəlif demokratik proseslərdə fəal iştirakını diqqətə çatdırıb.
Nədimə Rəhimli, "Humanitar məsələlər" sessiyasının növbəti hissəsində "Qaçqınlar və məcburi köçkünlər" mövzusunda çıxış edib və ailəsinin 1988-ci ildə İrəvandan qaçqın düşdüyünü, ümumilikdə 300 000-dən çox soydaşımızın qaçqınlıq həyatı yaşadığını bildirib. O, Azərbaycanlıların ötən əsrdə dörd dəfə etnik təmizləməyə məruz qaldığını vurğuladı. Rəhimli, erməni nümayəndələrin çıxışlarında yanlış təsvir edilən "erməni qaçqınlar" və Qarabağ konflikti ilə bağlı iddiaları təkzib edərək, Azərbaycanın heç bir ərazini işğal etmədiyini və beynəlxalq səviyyədə tanınan öz ərazilərini geri qaytardığını auditoriyaya çatdırıb.
"Humanitar məsələlər" sessiyasında daha bir Azərbaycanlı QHT təmsilçisi, İqtisadi və Sosial İnkişaf Mərkəzinin nümayəndəsi Fuad Kərimli “İnsan Hüquqları və Terrorizmlə Mübarizə” mövzusunda çıxış edib.
O, terrorizmlə mübarizənin insan hüquqları üzərindəki təhlükəli təsirlərinə diqqət çəkib. O, qeyd edib ki, terrorizmlə mübarizə çərçivəsində görülən tədbirlər bir çox hallarda insan hüquqlarının eroziyasına gətirib çıxarır. Xüsusilə, 2023-cü ildə islamofob hadisələrin iki dəfədən çox artdığı Almaniya və buna bənzər problemlərin mövcud olduğu Fransa kimi ölkələrdə hökumətlərin bu məsələyə ciddi yanaşmaları zəruridir.
Fuad Kərimli bildirib ki, təhlükəsizlik naminə hökumətlər tez-tez söz azadlığı, sərbəst toplaşmaq hüququ və şəxsi toxunulmazlıq kimi əsas insan hüquqlarını pozan tədbirlərə əl atırlar. Bu isə xüsusilə azlıq qruplarının təcrid edilməsinə səbəb olur və onların cəmiyyətdə fərqli mövqedə rənglənməsi təhlükəli nəticələrə yol aça bilər. QHT nümayəndəsi vurğulayıb ki, belə tədbirlər təkcə insan hüquqlarını pozmur, həm də Avropada radikal sağçı qrupların artmasına və ekstremizmin yayılmasına münbit zəmin yaradır.
"Qanunun aliliyi" sessiyasında "İşgəncələrin qarşısının alınması və aradan qaldırılması" mövzusu üzrə çıxış edən Nədimə Rəhimli, ermənilər tərəfindən azərbaycanlı mülki şəxslərə, əsgərlərə və əsirlərə qarşı tətbiq edilən işgəncələrlə bağlı məlumat verib. Sonda o, insan haqları institutlarına və vətəndaş cəmiyyəti nümayəndələrinə çağırış edərək, bu kimi məsələlərdə birtərəfli yanaşmalardan çəkinməyi və münaqişədən sonrakı vəziyyəti nəzərə alaraq qərəzsiz hesabatların hazırlanmasını təmin etməyi tövsiyə edib.
“Fundamental azadlıqlar" adlı sessiyada çıxış edən “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev tədbirin başlanğıcında Azərbaycanda dini azadlıqlarla bağlı səsləndirilən əsassız iddialara diqqət çəkdi. O, bu iddianı irəli sürən nümayəndəni Azərbaycana dəvət edərək, "100 dəfə yalan eşitməkdənsə, bir dəfə həqiqəti görmək daha yaxşıdır," – deyə cavab verdi.
Ayaz Mirzəyev çıxışında multikulturalizmin Azərbaycan cəmiyyətinin əsas dəyərlərindən biri olduğunu vurğulayıb. O, ölkədə yəhudilər, xristianlar, müsəlmanlar və digər dini icmaların nümayəndələrinin özlərini təhlükəsiz və rahat hiss etdiklərini, bu birgə yaşayışın Azərbaycan üçün təbii bir norma olduğunu bildirib.
Növbəti gün "Rasizm, ksenofobiya və diskriminasiya" adlı sessiyada çıxış edən Mirzəyev Qərbi Azərbaycandan deportasiya olunan və sayı 2 milyona yaxınlaşan azərbaycanlıların doğma yurdlarına qayıtmasının Ermənistan hökuməti tərəfindən maneə törədildiyini vurğuladı. O, azərbaycanlıların doğma torpaqlarından zorla qovulmasının və onların vətənlərinə qayıtmaq hüququndan məhrum edilməsinin beynəlxalq qanunlara zidd olduğunu və irqçilik aktı kimi qiymətləndirilməli olduğunu qeyd edib.
Başqa bir Azərbaycanlı QHT sədri, “Gənc Liderlər Təhsil-Təlim və İnkişaf” İctimai Birliyinin rəhbəri Səbinə Ələkbərova Konfransda Milli İnsan Hüquqları Təsisatlarının (MİHT) ədalət və ləyaqət prinsipləri əsasında məcburi köçkünlərin hüquqlarının müdafiəsindəki əhəmiyyətindən danışıb. O, çıxışında Ermənistanın təcavüzü nəticəsində öz doğma yurdlarından məcburi köçkün düşən azərbaycanlıların çətin vəziyyətindən və onların doğma torpaqlarına qayıtmaq arzularından bəhs edib.
Səbinə Ələkbərova MİHT-lərin qərəzsiz, siyasi təsirlərdən azad və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. O, bu təsisatların qaçqınlar və məcburi köçkünlər üçün güclü bir səsə çevrilməsi zərurətini qeyd edərək, onların hüquqlarının müdafiəsi üçün qlobal səviyyədə dəstəyin artırılmasının əhəmiyyətinə toxunub. “Qayıdış hüququ yalnız hüquqi məsələ deyil, bu, fundamental bir insan haqqıdır,” – deyə çıxışını yekunlaşdırıb.
Yekun
Bugünkü dünya siyasətinin mürəkkəb və narahatlıq doğuran mənzərəsində Azərbaycan həm hərbi, həm də diplomatik cəbhədə öz gücünü sübut etmişdir. Vətən müharibəsində qazanılan qələbə ilə ərazi bütövlüyünü bərpa edən Azərbaycan, beynəlxalq arenada da öz maraqlarını müdafiə etmək üçün fəal mübarizə aparır. Bu mübarizədə qeyri-hökumət təşkilatları mühüm rol oynayır. Beynəlxalq platformalarda, xüsusilə də davam edən Varşava İnsan Ölçüsü Konfransında Azərbaycanın QHT nümayəndələri erməni tərəfinin yalanlarını ifşa edərək, ölkəmizin mövqeyini güclü şəkildə müdafiə edirlər.
Fərdi çıxışlardan komanda işinə keçən QHT-lər Azərbaycanın beynəlxalq səhnədə daha güclü təmsil olunmasına və erməni təxribatlarına qarşı effektiv cavablar verilməsinə nail olurlar. Bu, Azərbaycanın beynəlxalq nüfuzunu artıran, sülh və ədaləti müdafiə edən bir yanaşmadır. Gələcəkdə də QHT-lərimizin təşkilatlanmış və proaktiv fəaliyyəti Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirəcəkdir.