“Əminik ki, Türkiyə Ermənistanla münasibətlərdə Azərbaycanın maraqlarını nəzərə alır”
“Əminik ki, Türkiyə Ermənistanla münasibətlərdə Azərbaycanın maraqlarını nəzərə alır”
“İran Azərbaycana əngəl törədir, bu, regionda sülhün bərqərar olmasını ləngidir”
“Bakıda zəlzələ baş verərsə, nəticəsi təəccüblü olmayacaq”
“Hərənin bəxti bir cür olur, Hüseynbala Mirələmovun da bəxti belə gətirdi...”
Milli Məclisin deputatı Cavanşir Paşazadənin Pravda.az-a müsahibəsi.
- Türkiyədəki zəlzələdən sonra digər ölkələr kimi, Ermənistan da yardım təklifini etdi. Türkiyə də bundan imtina etmədi, erməni xilasedicilər axtarış işlərinə cəlb edildilər. Sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş oldu. Sanki münasibətlər bir qədər yumşaldı. Azərbaycanda bu münasibətlərdən narahat olanlar var. Narahat olmağa əsas varmı?
- Allah qardaş Türkiyədə zəlzələ nəticəsində şəhid olanlara rəhmət eləsin, yarananlara şəfa versin. Azərbaycanda xalqı, dövləti Türkiyənin yanındadır, əlimizdən gələni edirik, dəstək veririk. Allah dostluğumuzu, birliyimizi sınaqdan keçirir. Zəlzələ baş verib, təbiət hadisəsidir, qardaş ölkə bu çətin durumdan çıxacaq. Bilirsiniz ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu, siyasi dəstək verdi. Ümumiyyətlə, torpaqlarımızın işğalda olduğu dövrdə də qardaş ölkə Azərbaycana dəstək verib, Ermənistanla sərhədləri bağlayıb və s. Türkiyənin dəstəyi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə güc qatır. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin birgə həyata keçirdiyi siyasət türk dünyasının güclənməsinə xidmət edir. Bu, xalqların yaxınlaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Baxın, zəlzələ bölgəsinə Azərbaycandan uşaqların oyuncaqlarını göndərməsində, ahıl insanın pensiyasının bir hissəsini köçürməsində mühüm mesaj var. Bu, xalqlar arasında birliyin göstəricisidir. Humanitar fəlakət olduğu üçün, demək olar, bütün dünya dövlətləri Türkiyəyə dəstək verirlər. Ermənistanın da Türkiyəyə kiçik miqyaslı dəstəyi bu kontekstədir. Təbii ki, qardaş ölkə də etik normalara uyğun olaraq dəstəkdən imtina etməyib, dövlət siyasəti belə də olmalıdır. Amma qardaş ölkənin Ermənistanın dəstəyinə ehtiyacı yoxdur. Erməni xilasedicilərin orada oğurluq etməsi bu millətin xislətini ortaya qoyur. Biz əminik ki, Türkiyə Ermənistanla münasibətlərdə Azərbaycanın maraqlarını nəzərə alır. Türkiyə diplomatik masada Azərbaycanın mövqeyini nəzərə alaraq, Ermənistana mövcud vəziyyəti izah edir. Azərbaycanın da istədiyi odur ki, regionda sülh olsun.
- Yardımlardan danışdınız. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüsünüz, məlumatınız olar. Azərbaycan dindarlarının yardım etməsi müzakirə edilir. Qafqaz Müsəlmanları İdarəsi zəlzələ bölgəsinə yardım göndəribmi?
- Qafqaz Müsəlmanları İdarəsi dövlət təşkilatı deyil. Əslində dindarları xüsusilə ayırmağa ehtiyac yoxdur. Xalq olaraq nəyə gücümüz çatıbsa, Türkiyəyə dəstək vermişik. Məndə olan məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi müəyyən qədər yardım edib.
- Son zamanlar Türkiyə ilə Azərbaycan arasında daha sıx əlaqələr yaranıb. Görünür, bunun nəticəsidir ki, Türkiyə türkcəsinin Azərbaycanda dövlət dili kimi qəbul edilməsi təklif edilir. Münasibətiniz necədir?
- Doğrudur, türdilli, qardaş ölkələrik. Azərbaycanın mükəmməl dili var, düşünürəm ki, belə bir təklifin həyata keçirilməsinə ehtiyac yoxdur. Mən türkiyəliləri, türkmənləri, özbəkləri, qazaxları, tatarları başa düşürəm, onlar da məni başa düşürlər. Hər biri ilə qardaşıq, hərəsinin öz dili var. Türkiyə türkcəsini qəbul etməklə özümüzü digər türkdilli xalqlardan ayıra bilərik. Hər bir ölkə öz dilindən istifadə etsə, daha yaxşıdır. Bu xalqlar qardaşdır, Azərbaycanın xarici siyasətində Türkiyə ilə daha çox yaxınlıq var, iki ölkə arasında əməkdaşlıq ən yüksək səviyyədədir. Amma bütün bunlar dil dəyişikliyinə səbəb ola bilməz.
- İranla Azərbaycan arasında gərginlik nə vaxtadək davam edə bilər?
- İran Azərbaycanın həyata keçirdiyi siyasəti dəstəkləmir. Biz son 30 ildə bunun şahidi olmuşuq. Cənub qonşumuz Vətən müharibəsində torpaqlarımızı işğal etməyimizi qəbul edə bilmir, sevinmir. Sanki bir nifrət var, ona görə də əks siyasət həyata keçirirlər. Gərginliyə səbəb Ermənistanda İran konsulluğunun açılması, dövlət başçılarının görüşləri, Paşinyanın həyat yoldaşının İrandakı müqəddəs yerlərə dəvət olunması, “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir” deyilməsi oldu. Cənub azərbaycanlılar da bizi başa düşürlər, dəstəkləyirlər. Prezident İlham Əliyev də çıxışında bildirdi ki, soydaşlarımıza nə dəstək lazımdırsa, veriləcək. Onlar yüz illərdir ki, zülmdədirlər. Arzu edirəm ki, İrandakı rejimdən azad olsunlar. Doğrudan da, İran Azərbaycana əngəl törədir, bu, regionda sülhün bərqərar olmasını gecikdirir. Hər şey İranın davranışlarından asılıdır, normal münasibət sərgiləyəcəksə, gərginlik aradan qalxacaq.
- Necə düşünürsünüz, İranın Azərbaycandakı agentura şəbəkəsi tam ifşa edilibmi?
- Bilirsiniz ki, azərbaycanlıların təhsil aldığı əsas ölkələrdən biri də İran olub. Bunun tarixi lap keçmişə gedib çıxır. İranla sıx əlaqələr, gediş-gəliş olub, münasibətlərin tarixi yüz illərlə ölçülür. Sovet dövründə İranla heç bir əlaqə yox idi. Sərhədlər açıldıqdan sonra soydaşlarımız bir-birinə qovuşdular. İran isə bundan narahat oldu. Çünki İran Azərbaycanın bütövləşməsini istəmir. Baxın, İranın digər ölkələrdə də nüfuzu yoxdur. Bilirsiniz niyə? Çünki fitnəkarlıqla məşğuldur. Azərbaycanın daxilində isə hər hansı kənar qüvvənin fəaliyyət göstərməsi mümkün deyil. Hüquq mühafizə orqanları təhlükəsizliyi ən yüksək səviyyədə təmin edirlər. Heç Cənub bölgəsi də İranı dəstəkləmir, ola bilər, hansısa mövhumatçı fikir bildirə bilər. Bu isə kütləvilik demək deyil. Nardaran hadisələri göz önündədir. Hər şey dövlətin nəzarətindədir.
- Ola bilərmi İranla quru sərhədlər açılmasın?
- Cənab Prezident İlham Əliyevin uzaqgörənliyi bir çox məsələdə aydın olub. Sərhədlərin bağlı qalmasına etiraz edənlər var idi. Rusiya-Ukrayna arasında baş verən müharibə, həmçinin Azərbaycanın İranla münasibətləri göstərdi ki, sərhədlərin bağlı qalması qərarı doğrudur. Mən deyə bilmərəm, İranla sərhədlər bağlı qalacaq, ya yox. Bu, dövlətin səlahiyyətindədir. Sərhədlər bağlıdırsa, deməli, belə lazımdır.
- Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı nə düşünürsünüz?
- İranda Azərbaycan səfirliyinə hücum təxribatdır. Britaniyada da Azərbaycan səfirliyinə hücumda, dini şüarların səsləndirilməsində də İran izi göründü. Tehrandakı səfirliyə hücum Venesiya Konvensiyasının kobud şəkildə pozulmasıdır. İranın da Azərbaycanda səfirliyi var, təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir. Bakı bütün səfirliklər belə qorunur. Çünki Azərbaycan beynəlxalq hüquq və normalara əməl edir, İran isə hüquqi dövlət deyil.
- Türkiyədəki zəlzələ Bakıdakı binaların da davamlılığı məsələsini diqqət mərkəzinə gətirdi. Binaların vəziyyəti necədir?
- Bakı da seysmik zona hesab edilir. Ona görə də narahat olmaq lazımdır. Bakıda xeyli sayda çoxmənzilli yaşayış binaları tikilib, şəhər yüklənib və bu davam edir. Təhlükəsizlik məsələləri ilə bağlı müəyyən boşluqlar var. Bakıdakı “Xruşovka”ların yaşı 60-70-dir. Həmin binalara xeyli müdaxilə olub, hədsiz böyük eyvanlar əlavə edilib və s. Çox əcaib formada işlər görülüb, heç bir standarta cavab vermir. Zəlzələ baş verərsə, nəticəsi təəccüblü olmayacaq. Təbii ki, buna məmurlar icazə veriblər, qanunsuzluğa “göz yumublar”. Həmin məmurlar yaşayırlarsa, dindirmək lazımdır, cavab versinlər, müvafiq tədbirlər görmək lazımdır. O binalara içərindən baxanda, dəhşətə gəlirsən…
- Bəs yeni binalar etibarlıdırmı?
- Hamısı yoxlanılmalıdır. Bu, çətin məsələ deyil. Təşviş varsa, müvafiq komissiya yaradılmalıdır. Bəziləri cəzalandırılmazsa, bu, düzəlməyəcək. Armaturların hansı gücə malik olması da yoxlanılmalıdır. Müxtəlif sexlərdə düzəldirlər… Hər şeyi yaxşı bilirlər, “qurddan da ayıqdırlar”, amma əməl etmirlər.
- Bakıda zəlzələ olarsa, ən az ziyan dəyən binalar hansılar ola bilər?
- Əksəriyyəti çoxmərtəbəli binalardır. Ən az ziyan dəyən iripanelli “Leninqrad” layihəli binalar olacaq.
- Özünüz bina evində yaşayırsınız?
- Xeyr, həyət evində yaşayıram.
- Bir neçə gündür, müzakirə edilən məsələlərdən biri də polietlen torbaların ödənişli olmasıdır. Sizin fikirlərinizi bilmək maraqlı olardı…
- Bildirilir ki, bu addımı təbiəti qorumaq üçün atırlar. Təbiəti qorumaq üçün kiminsə cibinə xeyir gətirməyən vasitələr də var. Dədə-babadan mağazalar kağız torbalar verirdilər… Böyük mağazalar, zəhmət çəksinlər, polietilen torba əvəzinə, kağız torbalar versinlər. Məsələn, 200 AZN-lik ərzaq alınıbsa, 4 və ya 6 torba verilsin. Tənzimləyirsənsə, belə et. Niyə vətəndaşların zərərinə tənzimlənir?! Polietilen torbalar zərərlidir, təbiəti qorumaq lazımdır, bilirəm. Amma bu formada etmək doğru deyil, camaatı da fikirləşmək lazımdır.
- Ərzaq məhsullarının sürətlə bahalaşmasının səbəbi nədir?
- Bahalaşma hər kəsə təsir edir. Doğrusu, bəzi hallarda süni bahalaşmanın şahidi oluruq. Bazarlar özəlləşib, necə istəyirlərsə, elə də edirlər. Alverçilər kəndlilərə məhsulları satmağa imkan vermirlər. Onlar bazara məhsul çıxara bilmirlər. Kəndli turpun dəstəsini 5 qəpiyə sata bilmir, amma alverçi 30 qəpiyə satır. Bu düzgün deyil axı. Bazarlarda kəndliyə elə yerlər ayrılır ki, alıcı ora gedib çıxa bilmir. Bahalaşma da buna görədir. Xarici məhsulları demirəm, amma yerli məhsullar niyə baha olmalıdır ki?
- Milli Məclisin keçmiş deputatı, yazıçı Hüseynbala Mirələmovla dostluq münasibətləriniz var. Hazırda nə işlə məşğuldur?
- Hüseynbala Mirələmov Bakıda - evindədir. Yaradıcılıqla məşğuldur, kitab yazır… Hərdən zəngləşirik, danışırıq.
- Geri çəkilib. Sanki yada salınmır… Ümumi proseslərlə bağlı müzakirələr aparırsınızmı? Məsələn, yayılan video ilə bağlı nə deyir?
- Hüseynbala müəllim hər zaman dövlətin siyasətini dəstəkləyib. Bu istiqamətdə də müxtəlif əsərləri var. O, ulu öndər Heydər Əliyev haqqında yazanda, əksəriyyətinin mövqeyi bilinmirdi… Video məsələsi ilə bağlı məlumatlı deyiləm. Siz nə qədər bilirsinizsə, mən də o qədər bilirəm. Hərənin bəxti bir cür olur, onda da belə gətirdi…
İlkin Pirəli