azia.az
azia.az

Röksanə Səfərzadə: “Fondda toplanan, mühafizə olunan hər bir məlumat və ədəbiyyat bizi - bizə qaytararaq bizdən ayrılıb əbədiləşən igid oğulları tərənnüm edir”

7-09-2022, 18:38



Röksanə Səfərzadə: “Fondda toplanan, mühafizə olunan hər bir məlumat və ədəbiyyat bizi - bizə qaytararaq bizdən ayrılıb əbədiləşən igid oğulları tərənnüm edir”
Kitabxanalar tarixi keçmişimizi, milli və intellektual sərvətlərimizi qoruyub saxlayaraq cəmiyyətin inkişafında yaxından iştirak edir. 100 ilə yaxın tarixi olan AMEA-nın Mərkəzi Elmi Kitabxanası istifadəçilərinin informasiya təlabatını ödəyən zəngin fondları ilə xidmət göstərir. MEK ölkənin və cəmiyyətin elmi ədəbiyyatlara olan təlabatını daim diqqət mərkəzində saxlamaqdadır. Bir ildən artıq müddətdə fəaliyyət göstərən MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu da 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın igid şəhid, qazi və qalib oğullarının şərəfinə yaradılaraq qazandığımız qələbənin mahiyyətinin öyrənilməsi və yeni nəsillərə çatdırılması kimi ümdə vəzifəni yerinə yetirir. Fondun rəhbəri, tarixi qələbəmizdə mühüm payı olan “Zəfər” ordenli şəhidimiz, Azərbaycan ordusunun polkovniki Babək Səmidlinin bacısı Röksanə Səfərzadə ilə həmsöhbət olduq.
Röksanə xanım, rəhbəri olduğunuz Qarabağ müharibəsi qəhrəmanları fondu məzmun və dəyərinə görə bu səpkidə fəaliyyət göstərən ilklər sırasındadır. İlk öncə fondun yaranmasının əsas məqsəd və başlıca vəzifələri haqqında məlumat verərdiniz.
- Fondumuz dövlətin dəstəyi və AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru professor Məmməd Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu fondun yaradılmasında məqsəd Vətənin müdafiəsində canlarını sipər etmiş Azərbaycanın igid oğullarının dastanlarının unudulmaması, tarixə salınması və gələcək nəsillərə layiqli şəkildə ötürülməsidir. Fondda I Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri, Vətən müharibəsində torpaqlarımız uğrunda vuruşmuş şəhid və qazi olmuş bütün qəhrəman oğullarımızın həyat və döyüş yolu haqqında məlumatlar mühafizə olunmaqdadır. Bununla yanaşı, Qarabağın tarixini, iqtisadiyyatını, ədəbiyyatını, siyasətini, mədəniyyətini, eyni zamanda, son otuz illik münaqişəni əhatə edən nəşrlər oxucuların ixtiyarına verilib.
Azərbaycan kitabxana sistemində ilk dəfə yaradılan bu fondun fəaliyyətini necə qiymətləndirirsiniz?
- İlk öncə onu qeyd edim ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qəhrəman əsgərlərinin yazdığı tarixi Qarabağ müharibəsi qəhrəmanları fondu illər keçsə də daim yaşadacaq. Bir ildən artıqdır ki, fond fəaliyyət göstərir. Fəxrlə qeyd edə bilərik ki, əməkdaşlarımızın xüsusi həssaslıqla, qayğı və sevgi ilə çalışması burada görülən işlərdə özünü bariz şəkildə göstərir. Fondumuzda 1000-dən artıq kitab mühafizə olunaraq oxucaların ixtiyarına verilib. Hazırda fondda qəhrəman oğullarımızın keçdiyi həyat və döyüş yolunu əhatə edən 1000-ə yaxın sənəd toplanıb və bu iş davam etdirilməkdədir. Həmçinin Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş tədbirlər keçirilir. Fondda toplanan, mühafizə olunan hər bir məlumat və ədəbiyyat bizi - bizə qaytararaq bizdən ayrılıb əbədiləşən igid oğulları tərənnüm edir. Əminliklə deyə bilərəm ki, fondla tanış olan hər bir kəs qəhrəmanlarımızla bir daha qürur duyur. Onların müqəddəs xatirələrini layiqli səviyyədə ziyarətçi toplusuna təqdim etmək həm şərəfli, həm də məsuliyyətli işdir. Ancaq bu onların bizlər üçün etdikləri qarşılığında o qədər azdır ki, irəlidə daha nə edə bilərik deyə görüləcək çox işlər var.
Yeri gəlmişkən, gələcək fəaliyyət istiqamətləri və hədəfləriniz haqqında məlumat verərdiniz.
- Hədəflərimiz çoxdur: fondda sistemli şəkildə toplanan materialların sayını artırmaq, fondumuzu genişləndirmək və bununla paralel olaraq ənənəvi tədbirlərin keçirilməsini davam etdirməkdir. Tarixləşən qəhrəmanlarımıza aid yeni guşələrin yaradılması da nəzərdə tutulur. Son otuz illik münaqişə tarixinə dair hər bir materialın, tarixi əsərin Qarabağ müharibəsi qəhrəmanları fonduna müəllifləri tərəfindən hədiyyə olunması ənənəsi vardır və biz mümkün qədər bu ənənəni davam etdirməyə çalışırıq.
Fonda ən çox hansı oxucu kateqoriyası müraciət edir?
- Fonda yaşından, mənsubiyyətindən asılı olmayaraq hər bir oxucu kateqoriyası müraciət edir. Qarabağ müharibəsi qəhrəmanları fondunun əks-sədası qəlbində vətənpərvərlik hissi olan hər bir kəsin - məktəblilərin, ali təhsil müəssisələrində təhsil alan tələbələrin, gənc istedadların, vətəndaşların ürəyində buranı gəlib görmək kimi bir istək yaradır. Yeri gəlmişkən onu da qeyd edim ki, fondla tanış olmağa gələn əcnəbi vətəndaşların da sayı az olmayıb.

Fond AMEA-nın bir sıra institutlarının akademik, professor və işçi heyəti, həmçinin gənc tədqiqatçı tələbələr üçün araşdırma mənbəyinə çevrilib. Fondumuza müraciət edən gənc tədqiqatçılarımıza, oxucularımıza köməklik etməyə hər zaman hazırıq.
Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olan şəhid ailələrinin sayı gündən-günə artmaqdadır. Onların bu fond haqqında düşüncələrini bizimlə bölüşərdiniz.
- Siz bu sualla şəhid ailələrinə müraciət etsəydiniz yəqin ki, daha səmimi cavab alardınız.
Fondumuzla tanış olan yüzlərlə şəhid ailələrindən biri şəhidimiz Bilal Qənbərovun bacısı Aidə müəllimənin öz sosial səhifəsində paylaşdığı fikirləri sizinlə bölüşmək istərdim: - “Anamla birlikdə biz Mərkəzi Elmi Kitabxanaya baş çəkdik. Orada şəhidlərimiz üçün yaradılan Qarabağ müharibəsi qəhrəmanları fondu bizi çox qürurlandırdı. Üzərində şəhidlərimizin adları həkk olunan xəritə isə əvəzolunmazdır. Burada şəhidimizin adını axtarmaq bizi həyacanlandırdı. Hətta şəhid qardaşım Bilalın mövludunda da bizimlə birlikdə idilər. Şəhid anaları ilə keçirilən dəyirmi masada anam Qənbərova Gültəkin iştirak etmiş, tədbir onu çox kövrəltmişdir. Şəhidlərimizi tanıtmaq, gələcək nəsillərə ötürmək, onların xatirəsinin əziz tutulması məqsədi ilə bu və digər işlərin görülməsi bizim üçün təsəllidir”.

Ümumiyyətlə, fond yaranan ilk gündən şəhid ailələri, oxucular, araşdırmaçılar tərəfindən çox sayda səmimi təşəkkür və minnətdarlıq mesajları almışıq. Vətəndaş olaraq bizim hər birimiz şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibənin son gününə qədər acısını yaşamış qalib əsgərlərimizin bizə bəxş etdiyi şərəf və qürura görə əbədi bir borc hissimiz vardır. Biz, bütün fond əməkdaşları onların qarşısında baş əyirik və hər zaman bu fondun onlara layiqli şəkildə xidmət göstərməsinə çalışacayıq.

Müsahibəni apardı: Nərminə Efendiyeva,
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi