Texnologiya nəhəngləri niyə gələcək nəsli hədəfə alır?
Oxşar nümunələri McDonald’s şirkətinin fəaliyyətində də görmək mümkündür. Uşaq oyun zonaları və Happy Meal menyuları fastfudu uşaqlar üçün əyləncəli bir təcrübəyə çevirmişdi. Neft-qaz korporasiyaları isə onilliklər ərzində ABŞ məktəblərində ekoloji mövzulu dərslərin maliyyələşdirilməsində iştirak edirdilər.
Bu kampaniyaların arxasında eyni prinsip dayanır: manipulyasiyanı tanımaqda çətinlik çəkən auditoriya seçilir, ona mesaj oyun və ya mehriban cizgi personajı vasitəsilə çatdırılır, daha sonra isə məhsula sadiq istehlakçı nəslinin yetişməsi gözlənilir. Belə təsirlərə müqavimət göstərmək çətindir. Çünki təqdim olunan məzmun reklam təsiri bağışlamır, əksinə, səmimi maraq və dostyana münasibət kimi görünür.
Formal baxımdan bu tədbirlər maarifləndirmə və uşaqlarda STEM sahələrinə — elmə, texnologiyaya, mühəndisliyə və riyaziyyata marağın artırılmasına xidmət edir. Lakin tənqidçilərin fikrincə, bu fəaliyyətlərin başqa bir tərəfi də var: gələcək nəsildə texnologiya şirkətlərinə qarşı müsbət münasibət və uzunmüddətli sədaqət formalaşdırmaq.
Bu şəraitdə məlumat mərkəzlərini uşaqlıqdan sevən və onların fəaliyyətini müsbət qəbul edən nəslin yetişdirilməsi gələcəkdə ictimai müqavimətin azalmasına xidmət edə bilər. Ən azı, bu cür proqramlara tənqidi yanaşanların irəli sürdüyü ehtimallardan biri budur.
Uşaqlar valideynlərinin qərarlarına da təsir göstərə bilirlər. Maraqlı ekskursiyadan qayıdan uşaq gördüklərini ailəsinə həvəslə danışır, texnologiya şirkətlərinin mesajlarını öz sözləri ilə çatdırır. Beləliklə, şirkətin təqdim etdiyi məzmun ailə daxilində də yayılır və uşağın səmimi marağı valideynlərə təsir göstərən amilə çevrilir.
Serverlər haqqında cizgi filmlərinin özlüyündə zərərli olduğunu demək olmaz. Uşaqlara texnologiyanın necə işlədiyini öyrətmək vacib və faydalı məqsəddir. Ancaq maarifləndirmə ilə kommersiya maraqları arasındakı sərhəd də diqqətdən kənarda qalmamalıdır. Təqdim olunan məlumatın obyektivliyi, məlumat mərkəzlərinin enerji və su sərfiyyatı, ətraf mühitə təsiri və yerli icmaların narahatlıqları da uşaqlara izah edilməlidir.
Bir vaxtlar “Co Camel” obrazı tütün sənayesinin gənc auditoriyaya çatmasına kömək edirdi. Bu gün texnologiya şirkətlərinin də öz cizgi qəhrəmanları və daha müasir təqdimat üsulları var. Onların əsaslandırması isə daha inandırıcı səslənir: guya məqsəd yalnız uşaqlara dünyanın necə işlədiyini başa salmaqdır.
Əsas sual budur: uşaqlara texnologiyanı öyrədirik, yoxsa onları gələcəyin korporativ istehlakçılarına çeviririk? Bu iki məqsəd arasındakı fərqi müəyyənləşdirmək üçün maarifləndirici proqramların məzmununa və təqdim olunan məlumatların nə dərəcədə obyektiv olduğuna diqqətlə yanaşmaq lazımdır.
Müəllif: Pavel Dukaç
Hazırladı Ağagül Mürsəlov