Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi: uğura aparan 20 illik yol
Bu il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin fəaliyyətinin 20 ili tamam olur. 2001-ci ilin iyul ayının 19-da ulu öndər Heydər Əliyevin “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqinə dair fərmanı əsasında yaradılmış Tədris Mərkəzinin yeni kompleksi Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə Şamaxı rayonunun Nağaraxana kəndində inşa edilib. 2011-ci ilin sentyabr ayının 13-də dövlət başçısının iştirakı ilə müasir memarlıq üslubunda tikilmiş kompleksin açılışı olub. Mərkəz yeni informasiya texnologiyalarından istifadə imkanları verən texniki avadanlıqlarla və müasir təlim proseslərinin həyata keçirilməsi üçün zəruri vasitələrlə təchiz edilib. Mərkəzin 20 illik fəaliyyət yolu barədə bu tədris ocağının rəis müavini Mirəli Kazımovla söhbət etdik.
- Mirəli müəllim, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi hansı istiqamətlərdə fəaliyyət göstərir və 20 il ərzində nə kimi nəticələr əldə edilib?
- Vergi xidmətinin insan resurslarının inkişaf etdirilməsində Tədris Mərkəzinin mühüm rolu var. Mərkəzin fəaliyyətinin başlıca istiqaməti dövlət vergi orqanlarının vəzifəli şəxslərinin və digər əməkdaşların peşə hazırlığının təkmilləşdirilməsi, yenidən hazırlanması və ixtisaslarının artırılmasını təmin etməkdən ibarətdir.
Məlumdur ki, insan resursları sahəsində ən mühüm istiqamətlərdən biri mövcud kadr potensialının iş keyfiyyətinin daim diqqətdə saxlanması, onların peşəkarlığının artırılmasıdır. Bu baxımdan, Dövlət Vergi Xidməti hər il gənc kadrları öz sıralarına işə qəbul edir və təbii ki, onların da ixtisasartırılması və hazırlığı diqqət mərkəzində saxlanılır. Ötən 20 il ərzində bu sahədə xeyli əhəmiyyətli, böyük həcmli iş aparılıb. Mərkəzin fəaliyyətə başladığı dövrdən indiyədək 2.068 əməkdaş ilkin hazırlıq kurslarına, 4.712 nəfər ixtisasartırma kurslarına, 17.559 nəfər müxtəlif qısamüddətli təlimlərə cəlb olunub. Ümumilikdə isə 24.339 nəfər Tədris Mərkəzinin təlim proseslərində iştirak edib. Təxminən 3.000 nəfərə yaxın olan işçi heyətin, demək olar, hamısı bu və ya digər formada təkmilləşdirmə proseslərinə qatılıb. Bundan başqa, Mərkəzdə vergi orqanlarının əməkdaşları, digər dövlət orqanları və təşkilatların nümayəndələri, eləcə də müstəqil şəxslər üçün vergi işi üzrə əlavə təhsil, vergi sisteminə dair elmi tədqiqatların aparılması imkanları yaradılıb və bu imkanlar maksimum istifadə edilir. Xüsusilə qeyd olunmalıdır ki, Tədris Mərkəzinin bu sahədə üzərinə düşən vəzifə və funksiyaların həyata keçirilməsində Dövlət Vergi Xidməti və onun qurumları ilə birlikdə sıx əlaqəli fəaliyyətin mühüm rolu var.
Vergi xidmətinin insan resurslarının inkişaf etdirilməsində Tədris Mərkəzinin
mühüm rolu var. Mərkəzin fəaliyyətinin başlıca istiqaməti dövlət vergi orqanlarının
vəzifəli şəxslərinin və digər əməkdaşların peşə hazırlığının təkmilləşdirilməsi,
yenidən hazırlanması və ixtisaslarının artırılmasını təmin etməkdən ibarətdir.
- Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri kimi elmi tədqiqatların aparılmasını qeyd etdiniz. Məlumdur ki, vergi iqtisadiyyatımızın aparıcı qüvvəsi olmaqla yanaşı, həm də elmtutumlu sahələrdəndir. Bu istiqamətdə hansı işlər görülür?
-İlk növbədə onu qeyd edim ki, Tədris Mərkəzində iqtisadiyyat, vergi, mühasibatlıq, hüquq və digər elm sahələri üzrə yüksək ixtisaslı peşəkar mütəxəssislər, 2 elmlər doktoru, 7 fəlsəfə doktoru fəaliyyət göstərir. Son illərdə transfer qiymətinin müəyyən edilməsi, vergidənyayınma ilə cinayət-hüquqi mübarizə, daşınmaz əmlakın uçotu və vergiyə cəlb olunmasının büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi və s. kimi aktual mövzular üzrə Mərkəzdə sanballı elmi tədqiqatlar aparılıb. Eyni zamanda, Tədris Mərkəzində ölkənin iqtisadi inkişafı ilə bağlı aktual mövzular üzrə beynəlxalq və respublika miqyaslı elmi tədbirlər keçirilir. Bu səpgidə sonuncu elmi konfrans Mərkəzin Şamaxı rayonunda yerləşən kompleksində “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusuna həsr olunmuşdu.
Tədris Mərkəzinin nailiyyətlərinin əsasında duran amillərdən biri də ölkənin aparıcı elm-təhsil müəssisələri, habelə mərkəzi icra hakimiyyəti orqanlarının tədris mərkəzləri ilə sıx əməkdaşlığın qurulmasıdır. Bu xüsusda Bakı Dövlət Universitetinin, ADA Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Neft və Sənaye Universitetinin, peşəkar qurumlar sırasında Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Vəkillər Kollegiyasının, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Dövlət İmtahan Mərkəzinin, Auditorlar Palatasının, ARPA, GMİB, ARFM və digərlərinin adını qeyd etmək olar. Tədris Mərkəzinin, həmçinin, böyük dördlük - audit şirkətləri, onların akademiyaları, Beynəlxalq Antikorrupsiya Akademiyası, Rusiya hökuməti yanında Maliyyə Universiteti, ACCA, OECD, KOİCA, MAX PLANCK İnstitutu və digər nüfuzlu beynəlxalq qurumlarla geniş əməkdaşlıq əlaqələri mövcuddur.
Mərkəzin fəaliyyətə başladığı dövrdən indiyədək 2.068 əməkdaş ilkin
hazırlıq kurslarına, 4.712 nəfər ixtisasartırma kurslarına, 17.559 nəfər
müxtəlif qısamüddətli təlimlərə cəlb olunub. Ümumilikdə isə 24.339
nəfər Tədris Mərkəzinin təlim proseslərində iştirak edib.
Onu da qeyd edim ki, Tədris Mərkəzi vergi orqanlarında kadr siyasəti üzrə təkliflərin işlənib hazırlanması sahəsində də səmərəli fəaliyyət göstərir. Mərkəzin təşəbbüsü və Dövlət Vergi Xidməti ilə birlikdə göstərdiyi səylər nəticəsində bu yaxınlarda Nazirlər Kabineti tərəfindən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində vergi hüququ ixtisası üzrə magistratura pilləsinin yaradılması xüsusi vurğulanmalıdır. Bilavasitə iştirakımızla multidissiplinar elm sahəsi olan vergi hüququ üzrə mütəxəssislərin hazırlanması yalnız dövlət vergi orqanları deyil, eləcə də özəl sektor və bütövlükdə respublikanın müvafiq sahədə əmək bazarının ixtisaslı kadrlarla təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək. Bu, bizim son illərdə əldə etdiyimiz mühüm uğurlardan biridir.
Təqdirəlayiq haldır ki, işğaldan azad edilmiş ərazilər və uzun müddət
düşmən ilə sərhəddə üz-üzə qalmış rayonlarımız ölkə həyatına sürətlə
reinteqrasiya olunur. Tədris Mərkəzi bu prosesə dəstək olaraq
“Qarabağ sahibkarlarına maarifçilik dəstəyi:
Tərtərlə başlanan yol” layihəsini hazırlayaraq həyata keçirməyə başlayıb.
- Vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərdə maarifləndirmə xüsusi rol oynayır. Tədris Mərkəzi bu sahəyə hansı töhfələr verir?
- Tədris Mərkəzinin fəaliyyətində sahibkarlıq subyektlərinin iqtisadi və hüquqi maarifləndirilməsi mühüm yer tutur. Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun sücaəti sayəsində 44 gün davam edən Vətən müharibəsində qazanılmış şanlı qələbə nəticəsində işğaldan azad olunmuş ərazilərdə bu gün bərpa-quruculuq işləri sürətlə davam edir. Təqdirəlayiq haldır ki, işğaldan azad edilmiş ərazilər və uzun müddət düşmən ilə sərhəddə üz-üzə qalmış rayonlarımız ölkə həyatına sürətlə reinteqrasiya olunur. Tədris Mərkəzi bu prosesə dəstək olaraq “Qarabağ sahibkarlarına maarifçilik dəstəyi: Tərtərlə başlanan yol” layihəsini hazırlayaraq həyata keçirməyə başlayıb. Layihə çərçivəsində digər dövlət orqanları və elm müəssisələri ilə birlikdə həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti subyektləri üçün iqtisadi və hüquqi biliklər, o cümlədən dövlətin həyata keçirdiyi vergi və investisiya siyasəti mövzularında maarifləndirmə tədbirləri həyata keçirilir.
Mərkəz vergi siyasətinin strateji məqsədlərinə uyğun olaraq əməliyyat
fəaliyyəti effektivliyinin, standartlaşmanın, təhlükəsizliyin və fasiləsizliyin
yüksək səviyyəsinə nail olunması üçün rəqəmsallaşma və avtomatlaşdırma
proseslərinin idarə edilməsinin təşkili, bu sahədə analitik biliklərin, rəqəmsal
bacarıqların formalaşdırılması və inkişaf etdirilməsinə öz töhfəsini verməyə çalışır.
- Azərbaycan iqtisadiyyatının yeni inkişaf istiqamətləri, biliklərə əsaslanan müasir iqtisadiyyatın qurulması vergi orqanları qarşısında yeni vəzifələr müəyyən edir. Tədris Mərkəzində bu çağırışlara adaptasiya hansı səviyyədə təmin olunur?
- Bu gün qloballaşma və rəqəmsal texnologiyaların geniş tətbiqi şəraitində yaranan rəqəmsal iqtisadiyyat yeni hüquqi tənzimləmə obyektinə çevrilir. Rəqəmsallaşma ölkə səviyyəsində bir çox proseslərə, o cümlədən vergi siyasəti, insan resurslarının idarə olunması və təhsil prosesinə də böyük təsir göstərir. Belə bir şəraitdə Tədris Mərkəzinin də qarşısında məsul vəzifələr durur. Vergi sistemi üçün hazırlanan kadrların davamlı olaraq zəruri biliklər, tətbiq edilən yeniliklər barədə məlumatlandırılması başlıca şərtdir. Mərkəz vergi siyasətinin strateji məqsədlərinə uyğun olaraq əməliyyat fəaliyyəti effektivliyinin, standartlaşmanın, təhlükəsizliyin və fasiləsizliyin yüksək səviyyəsinə nail olunması üçün rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin idarə edilməsinin təşkili, bu sahədə analitik biliklərin, rəqəmsal bacarıqların formalaşdırılması və inkişaf etdirilməsinə öz töhfəsini verməyə çalışır.
Bu gün böyük bir kollektivin fəaliyyət göstərdiyi Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin yaradılmasının 20 illik yubileyi ərəfəsində geriyə baxanda, onun hər bir üzvü uzun və şərəfi bir yolda olduğunu aydın şəkildə dərk edir, Azərbaycanın hərtərəfli inkişafına bundan sonra da öz töhfəsini vermək üçün gərgin və peşəkar şəkildə çalışır...