azia.az
azia.az

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq memorandumu imzalayıb

17-02-2021, 19:13





Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq memorandumu imzalayıb
Fevralın 17-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun bağlanmasında məqsəd iqtisadiyyat, hüquq, maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ixtisas biliklərinin yüksəldilməsi, müxtəlif aktual mövzular üzrə elmi tədqiqatların aparılması, birgə tədbirlərin, məsləhətləşmə və ekspertizaların keçirilməsi, məlumat mübadiləsi, regional və beynəlxalq əlaqələrin qurulmasına nail olmaqdan ötrü tərəflərin hər birinin peşəkar imkanlarını genişləndirmələri, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində öz səylərini birləşdirməkdən ibarətdir.
Tərəflər əməkdaşlıq çərçivəsində mühasiblərin, vergi və digər müvafiq mütəxəssislərin maliyyə hesabatlarının beynəlxalq standartları, iqtisadi və hüquqi biliklərinin artırılması, maliyyə, mühasibatlıq və vergi qanunvericiliyi sahəsində çalışan şəxslərin maarifləndirilməsi, onlara yeni biliklərin, qanunvericilikdə edilən dəyişikliklərin nəzəri-praktik şəkildə izahı, bu sahələrdə beynəlxalq təcrübənin öyrənilməsi, tədris və təlim proseslərinə, layihələrin həyata keçirilməsinə mütəxəssislərin cəlb edilməsi və işin daha da səmərəli təşkili üzrə müvafiq tədbirlər həyata keçirəcəklər.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli Qanununun qüvvəyə minməsi və bu qanunun tələblərindən irəli gələrək, mühasiblərin peşəkar mühasib sertifikatının əldə etməsinin və peşəkar təşkilatlara üzv olmasının zəruriliyi maarifləndirici tədbirlərin əhəmiyyətini daha da ön plana çəkir və bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsini labüd edir. Bu baxımdan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və 3 peşəkar mühasib təşkilatının birgə əməkdaşlığı bu sahədə müvafiq dövlət qurumları ilə əlaqələrin genişləndirilməsinə, vergi, mühasibat işinin təşkili və iqtisadi fəaliyyət sahəsində peşə hazırlığının təkmilləşdirilməsinə, peşəkar mühasiblərin hazırlığı ilə bağlı nəzərdə tutulan məsələlərin icra edilməsinə, eləcə də digər aidiyyəti orqanlarla əməkdaşlıq üçün birgə müzakirələrin aparılmasına öz töhfəsini verəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi