Fədayə Laçın: “İki ay evdən çıxmayan adam necə yaşamalı idi?..” (MÜSAHİBƏ)
Moskvada yaşayan müğənni Fədayə Laçının Qaynarinfo-ya müsahibəsi
- Sosial şəbəkədə Moskvaya köçməyiniz və orada restoran açmağınızla bağlı məlumatlar yayılıb. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən 2020-ci ilin mart ayında oğlumla birlikdə Moskvaya gəldim, İbrahim Borçalı məni Novruz konsertinə dəvət elədi. Konserti verdik, elə oldu ki, məni burada 2-3 toya dəvət elədilər. Sonra İbrahim Borçalı Bakıya qayıtdı. Biz də düşündük ki, toylar 10 günün içində olacaq. Bu arada da sərhədlər bağlandığından oğlumla Moskvada qalası olduq. İki ay karantin oldu, Azərbaycandakı kimi evdən SMS-lə çıxırdıq. Həmin arada qərara aldım ki, biz heç evdən çıxmayaq, yaxşı dostlar sağ olsun, bizə dəstək oldular, iki ay bizi yaşatdılar. 1 manat qazanmayan, evdən çölə çıxmayan adam necə yaşamalı idi? Sağ olsun yaxşı dostlar. İki aydan sonra karantin bitdi, toylara icazə verildi. Həmin vaxt Azərbaycanda nə sərhəd açıq idi, nə də toylar keçirilirdi, qadağalar vardı. Mən də Moskvada toylara dəvət aldım. Həyatıma sıfırdan başlayan bir adam kimi burada qalmağa və toylara getməyə başladım. Allah bizim elimizə-obamıza toy-bayram qismət eləsin, biz müğənnilərin də dolanışığı toylardır. Allah xalqımızı saxlasın ki, biz də yaşaya bilək. Düşündüm ki, nə qədər burdayam, oğlum üçün iş tapım. Amma restoran almamışam. Bizə təklif elədilər ki, icarəyə bir məkan götürək, onu işlədək. Biz də bir nəfərlə şərik olaraq həmin restoranı icarəyə götürdük. İndi bu işlərə oğlum Əlhəm baxır. Məni görmək istəyən həmkarlarım, dostlarım var ki, onlar mənim canlı ifalarımı eşitmək istəyirlər. Belə olanda restorana mən də gedirəm. Sənət dostlarım gəlmişdi, onların hər birinə təşəkkür edirəm. İstər burada, istər Bakıda kim mənə dəstəkdirsə, mən də onların qulluğundayam.
- Gələcəkdə Bakıya qayıtmaq fikiriniz var?
- Gələcəklə bağlı qabaqcadan heç nə deyə bilmirəm, çünki bunu Allah bilər, biz bilə bilmərik. Mənim burada, ya da Bakıda yaşayıb-yaşamamağımı heç özüm də bilmirəm. Bu da o deməkdir ki, burada yaşamaq fikirim hələ yoxdur. Çalışıram ki, Əlhəmin işlərini yoluna qoyum.
- Müğənninin yaradıcılığı onun repertuarıdır, tamaşaçılar sizdən yeni mahnılar gözləyir…
- Azərbaycana gələndə Elşad Kubinka adlı şair-bəstəkardan mahnı götürdüm. "Ötdü cavanlıq” adlı mahnını yazdırdıq. Bundan əlavə, onun iki mahnısı üzərində işləyirəm. Həmin mahnılardan biri Elşadın özü ilə duet olacaq. Müğənni Pərvin Səfərovla "Dostum” adlı mahnıya klip çəkdirdik, hazırda montaj işləri gedir. Bundan əlavə, verilişlərə dəvət alıram. Nə qədər ki, burada işlərim var, həmişə Azərbaycana gedib-gələcəyəm.
- Tamaşaçı sizdən həm də bir hesabat konserti istəyir.
- Konsert vermək fikirim yoxdur.
- Niyə?
- Çünki bu, həmişə mənim arzum olub, amma heç vaxt konsert verə bilməmişəm. Mənim arzularımda bir konsert proqramı var, onu verə bilmirəm. Bunun üçün işlər görmək lazımdır. Demirəm ki, dəhşətli bir proqram istəyirəm, sadəcə, arzuladığım proqramı həyata keçirməyə mənim gücüm çatmaz. Həm maddi, həm prodüser, həm dizayner işlərini mən istəyən kimi qurmaq çətindir. Ona görə də konsert proqramını təxirə salmışam. Amma toylara dəvət alıram. Dekabrda toylara dəvətim var. Əgər burda işim çox olsa, onu necə qoyub Azərbaycana gedərəm, yaxud da əksinə. Qazancım toylardan çıxır, başqa gəlir yerim yoxdur. Restorandı, onu da indi götürmüşük. Hələ bu günə kimi pul qoyuruq. Hələ bir neçə ay restorandan qazanc götürmək kimi bir fikir də yoxdur. Bir iş görəndə həmin ay pul götürülmür. Düzü, bilmirəm necə olacaq, Əlhəm oranı işlədə biləcək, ya yox. Ailəmi toylardan dolandırıram, bu səbəbdən mənim burada işim yaxşı olsa, deməli, bir müddət burdayam. Gələcək üçün isə heç nə deyə bilmərəm, çünkü sabaha inam yoxdur.