azia.az
azia.az

Rusiyada yaşayan müğənni: "Burada da artıq toylar yoxdur, çünki... " MÜSAHİBƏ

7-05-2021, 13:44


Pərvin Səfərov: "Nəinki "göyərti qiymətinə", bəzən "nə verərlər, verərlər" deyib, oxuyan müğənnilərimiz var"
Son günlər qazanc dalınca Rusiyaya üz tutan müğənnilərimizdən bəd xəbərlər almağa başlamışıq. Bir neçə gün öncə əməkdar artist Mətanət İskəndərli iştirak etdiyi toyların birində oğlu Kərim ilə birlikdə koronavirusa yoluxub. Xəstəxanaya yerləşdirilən müğənninin hələ də vəziyyətinin ağır olduğu bildirilir.
Rusiyada yaşayan müğənni: "Burada da artıq toylar yoxdur, çünki... " MÜSAHİBƏ
Dünən isə tanınmış müğənni Aslan Hüseynov anasının yasında iştirak etmək üçün Rusiyadan Azərbaycana gələndə avtomobil qəzasında dünyasını dəyişdi.

Bəs hazırda Rusiyada "toy bazarı" nə yerdədir? Müğənnilər kifayət qədər qazanc əldə edə bilirlərmi?
Hazırda Rusiyada yaşayan müğənni Pərvin Səfərov bununla bağlı Musavat.com-un suallarını cavablandırıb:

- Hazırda Ramazan ayıdır. Yenə də əvvəlki sayda toylar varmı?

- Yox, demək olar ki, toy yoxdur. Ramazan bayramından sonra da may ayında toyların olacağı gözlənilmir. Çünki bildiyiniz kimi azərbaycanlılar inancla bağlı adətən may ayında toy etmirlər. Beləliklə, burada toylar yenidən iyun ayından başlayacaq.

- Əməkdar artist Mətanət İskəndərli Rusiyada toyların birində koronavirusa yoluxub, hazırda vəziyyəti ağırdır. Bəs siz özünüzü necə qoruyursunuz? Ümumiyyətlə, Rusiyada toy məclislərində hər hansı karantin qaydaları tətbiq olunurmu?

- Mətanət xanıma və oğluna Allahdan şəfa diləyirəm... Belə düşünürəm ki, koronavirus qorunmağa baxmır və kimin harada, necə yoluxduğu bəlli olmur. Lakin mən maksimum dərəcədə insanlarla yaxın təmasdan qaçıram. Toylar və kütləvi məclislərə gəldikdə isə, bu cür tədbirlər normal şəraitdə keçirilir və adətən məclislərdə 350 - 400 nəfər iştirak edir.

- Bir ara "Rusiyada müğənnilərimiz "göyərti qiymətinə" məclislərə gedir" deyə fikirlər səslənirdi. Bu nə dərəcədə realdır? Müğənnilərə əsasən hansı məbləğ təklif olunur? Gizlin deyilsə, siz hər məclisdən nə qədər qazanc əldə edirsiniz?

- Bəli Azərbaycandan gələn bir çox müğənnilər var idi ki, toy və digər məclislərdə ən ucuz qiymətə oxuyurdular. Hətta eləsi olurdu ki, heç qiymət də demirdi, "nə verərlər, verərlər" deyib, oxuyurdular. Əsas o idi ki, iştirak etdiyi məclisdən video görüntülər paylaşıb, bəzi həmkarlarına acıq versinlər. Mən isə Rusiyada əsasən Gürcüstan azərbaycanlılarının toy məclislərinə dəvət alıram. Onlar məni çox sevirlər və repertuarıma görə dəvət edirlər. Məclislərdən 60-70 min rubl (təxminən 1356-1582 manat) alıram. Bəzən çox da olur. Bərəkət Allahdandır.

- Yəqin ki, siz də hiss etmisiniz, Rusiyaya gəlib çıxa bilməyən və yaxud elə Rusiyanın özündə yaşayan bəzi müğənnilərimiz qazanc dalınca gələn həmkarlarına qısqanclıqla yanaşır. Siz də belə bir qısqanclığa tuş gəlmisinizmi?

- Tamamilə doğrudur. Müğənnilər arasında olan paxıllıq bu dönəmdə daha çox artıb. Elə mənim özümü bir çox konsertlərdən ixtisar ediblər. Halbuki həmin konsertlərdə iştirak etməyimi restoran sahiblərinin özləri istəmişdilər. Burada müğənnilərimiz arasında paxıllıq, "ayaq altı qazmaq" məsələsi Azərbaycandakından daha çoxdur.

- Ümumiyyətlə maraqlıdır, Moskvada keçirlən toyla Bakı toyu arasında hansı fərqlilik var?

- Demək olar ki, heç bir fərq yoxdur. Burada da toylar çox təm-təraqlı keçirilir. Hətta buradakı toyların xərci daha çox olur. Çünki yeməklərdən tutmuş musiqiçilərin və dekorasiyanın xərci çox baha başa gəlir.

- Azərbaycanda da toylarla bağlı qadağa aradan qalxdığı zaman ölkəyə geri dönməyi düşünürsünüzmü?

- Əslində Rusiyaya qazanc dalınca gəlməmişdim. Sadəcə dostlarımla görüşüb, gəzib-dolanmağı düşünmüşdüm. Amma pərəstişkarlarım Rusiyada olduğumu bilən kimi məclislərinə dəvət etdilər, beləliklə burada fəaliyyətə başladım.
Əlbəttə ki, vətənimə, Azərbaycana qayıdacam. Burada həmişəlik yaşamağı düşünmürəm.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi