azia.az
azia.az

Qüdrət Həsənquliyev: “Bu problemlərin olmaması üçün proporsional seçki sistemi bərpa olunmalıdır”

7-06-2021, 12:19


“Bizdə biznes qurmaq, biznes yolu ilə pul qazanmaq çətindir”
Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, BAXCP sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibə verib. Millət vəkili yaz sessiyasının son iclasındakı müzakirələr zamanı mübahisəyə səbəb olan məsələlərə aydınlıq gətirməklə yanaşı, bir sıra vacib mövzulara da münasibət bildirib.
Qüdrət Həsənquliyev: “Bu problemlərin olmaması üçün proporsional seçki sistemi bərpa olunmalıdır”
- Qüdrət bəy, parlamentin yaz sessiyasının son iclasında dövlət qulluğuna qəbulla bağlı təklifləriniz qəbul olunmadı və sizin narazı qaldığınız aydın hiss olundu. Etiraz etdiyiniz məsələlərlə bağlı ətraflı məlumat verməyinizi istərdik. Sizi narazı salan nələrdir?

- Bilirsiniz, insanlarımızı bəzən çox incidirik. Mən çıxışımda da dedim ki, Prezident vaxtilə bizim cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı fərman imzaladı, xüsusi tapşırıqlar verdi. Bundan sonra qanunvericiliyə dəyişikliklər edildi. Bu, təkcə bizim Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi ilə yekunlaşmamalıdır, digər qanunlarımız da humanistləşdirilməlidır. Biz qanunverici orqan olaraq üzümüzü sadə insanlara tutmalıyıq, onları düşünməliyik. Fikir verin, indi dövlət qulluğuna qəbulla bağlı vəziyyət necədir. Test imtahanı verirlər, bunun üçün mütləq repetitor yanına gedirlər. Repetitorsuz test imtahanı vermək mümkün deyil. Birinci mərhələdə test imtahanı verdikdən sonra müvafiq bal toplayan iddiaçı müsahibə mərhələsinə keçir. Müsahibə mərhələsində onlara şifahi suallar ünvanlanır, bilikləri, dünyagörüşü qiymətləndirilir. Sonra onları hansısa dövlət orqanında sınaq müddətində işə qəbul edirlər. Sınaq müddətindən uğurla keçən stajçı kimi işə qəbul olunur. İşə qəbul olunandan sonra isə onlar daha iki dəfə hər 5 ildən bir təkrar test verib, yenidən sertifikat almalıdırlar. Həmçinin mütəmadi olaraq onların fəaliyyəti işlədikləri dövlət orqanının rəhbərliyi tərəfindən qiymətləndirilir. Bu qiymətləndirmənin nəticəsi olaraq, onlar töhmət də ala, işdən də çıxarıla, yaxud aşağı vəzifələrə keçirilə bilərlər. İki dəfə də testdən keçəndən sonra artıq bunlara sertifikat müddətsiz verilir. Mən deyirəm ki, insanları bu qədər incitməyin nə mənası var? Axı bu adam dövlət qulluğuna qəbul olundusa, sınaq və stajçı nədir? Yaxşı, ona sınaq təyin etdinsə, ondan sonra əmrini ver, qoy işləsin də! İkincisi də onsuz da işlədiyi dövrdə onun fəaliyyəti mütəmadi şəkildə qiymətləndiriləcək. O halda hər beş ildən bir testlər nəyə lazımdır?

- Hesab olunur ki, bu, kadrlarla bağlı mövcud olan neqativlərin aradan qaldırılması üçündür...

- Bizim dövlət qulluğundakı problemlər məmurların savadsızlığından qaynaqlanmır, məmurlarla bağlı bir çox problemləri əslində onların müdafiəsizliyindən qaynaqlanır. Yəni onu müəyyən vəzifəyə qoyanda bəzən bu və ya digər qanunsuz fəaliyyətə cəlb edirlər, onlar da maaşları az olduğuna görə buna razılaşır. Bəzi hallarda təşəbbüslə özləri çıxış edirlər ki, biz qanunsuz yollara əl ata, vətəndaşlardan rüşvət ala bilərik, yığaq, bir hissəsini götürək, qalanını sizə verək, deyərək. Bir qisim məmurlar da qorxurlar ki, bu qanunsuzluqları etməsələr, işdən çıxarılacaqlar, məhkəmə qaydasında işə bərpa olunmaları xeyli çətin olacaq. Mən bu günlərdə müsahibələrimdən birində dedim: siz jurnalist kimi araşdırın, işə bərpa ilə bağlı nə qədər ərizə verilib və nə qədəri təmin olunub? Bax, problemlər ordan qaynaqlanır: məmurun maaşının azlığından və vətəndaşları, dövlət qulluqçularını qoruya biləcək güclü məhkəmə hakimiyyətinin olmamasından. Yoxsa biz işə qəbulu nə qədər sərtləşdirsək də, çətinləşdirsək də, bundan dövlət qulluğundakı problemlər öz həllini tapmayacaq.

- Bəs, elə isə sizin qənaətinizcə, prosesdurlar niyə çətinləşdirilib?

- Söhbət bundan gedir ki, müəyyən dövlət orqanları sadəcə olaraq öz hakimiyyətlərini hər dəfə göstərmək istəyirlər. Yəni gəl, testdən keç, kimsə xahiş etsin, minnətçi düşsün. Digər tərəfdən, işə qəbulla bağlı test sualları həddindən artıq çətindir. Tam əminliklə deyirəm, testi təşkil edənlərin özlərini oturtsaq ki, gəlin, siz də oturun, iddiaçılarla birgə yenidən testdən keçin, onların çox az bir qismi testdən keçə bilər. Bunlar sualların hazırlanmasını ayrı-ayrı sahələr üzrə mütəxəssislərə tapşırırlar, o mütəxəssislər də gedirlər, kitabları, qanunları ,digər normativ hüquqi aktları tökürlər qabaqlarına və çətin suallar tərtib edirlər. Yəni onlar da sualları başlarından yazmırlar. Sonda da o imtahan üçün o sualların deyək ki, 100-nü seçirlər. O sualların çoxunun məmurun gündəlik işi ilə bağlı heç bir əlaqəsi yoxdur. Bizim təhsil sistemi də belədir, çoxlu ehtiyac olmayan predmetlər öyrədilir. Bizdə bakalavr dərəcəsi üçün 4 il, magistr dərəcəsi üçünsə 2 il tələb olunur. Məsələn, Britaniyada bakalavr dərəcəsi almaq üçün 3 il, master dərəcəsi üçün bir il oxumalısan. Bizdə müsabiqənin müsahibə mərhələsində elə suallar verirlər ki, sanki o nazir vəzifəsinə təyin olunacaq. Heç nazirlərin, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, onların müavinlərinin də çoxu testdən keçə bilməz. Məmur hansı sahə üzrə qanunvericiliyi tətbiq edəcəksə, o sahə ilə bağlı ona konkret suallar vermək lazımdır.

- Dünya təcrübəsində vəziyyət necədir? Bu qədər baryerlər qoyulurmu?

- Dünya təcrübəsində əsasən müsahibədir. Mən müzakirələrdə bizim reallıqları nəzərə alaraq dedim ki, müsahibəyə ehtiyac yoxdur, iddiaçı testi verdisə, bunun nəticəsinə uyğun olaraq işə qəbul olunsun. Məsələn, necə ki, instituta test imtahanı verəndən sonra ən yuxarı bal toplayanlar istədikləri fakültələri seçirlər. Burda da birinci vakant iş yerləri ən çox bal toplayanların qarşısına qoyulmalıdır ki, onlar ürəyi istədikləri yeri seçib götürsün, sonra daha az bal toplayanlar. Digərlərinin də hesabına kadr bankı yaradılmalıdır. Mən ad çəkmirəm, müsahibə mərhələsində imtahan götürülməsində iştirak etmiş dostlarımız var. Onların birindən soruşdum ki, siz bu müsahibədə nə sual verirsiniz ki, onu testə daxil etmək mümkün olmasın? O da dedi ki, xüsusi heç nə, əlbəttə, o sualları testə daxil etmək olar. Özü də mən bunu təkcə dövlət qulluğu ilə bağlı deməmişəm. Xatırlayırsınızsa, vaxtilə hakimlərin işə qəbulu ilə bağlı da söyləmişdim ki, çətin prosedurlar nəyə lazımdır? Prokurorluq haqqında qanuna dəyişiklik ediləndə dedim ki, prokurorluq işçilərinin işə qəbulunda bu cür çətin prosedurlardan keçməsinə nə ehtiyac var? Əvvəl test, sonra yazılı imtahan verirlər, sonra müsahibəyə çağırırlar və sair. Yəni insanları incitməyin adı yoxdur.

“Dövlət qulluğundakı problemlər məmurların savadsızlığından qaynaqlanmır”
Bir daha deyirəm, bizdə problemlər nə hakimlərin, nə prokurorluq işçilərinin, nə dövlət qulluqçusunun savadsızlığından qaynaqlanmır. İdarəetmə islahatları aparılmalıdır ki, məmurlar qanunları poza, özbaşınalığa yol verə bilməsinlər. Konkret,bu günlərdə rastlaşdığım bir misal çəkim: tutaq ki, biri gedir əmlakına çıxarış almağa. Buna deyirlər ki, sənədlərin doğru deyil, çıxarış verə bilmərik. Deyir yaxşı, onda mənə qərarınızı verin ki, məhkəməyə şikayət edim. Deyirlər ki, qərarı da vermirik. İndi vətəndaş neyləməlidir? Yəni burada söhbət həmin məmurun savadsızlığından getmir ki. O məmur da başa düşür ki, əgər bu əmlaka çıxarış vermək olmazsa, ona rəsmi cavab verilməlidir, vətəndaş da məhkəmə qaydasında dartışsın. Amma onu da vermir. Vaxtilə çoxları, o cümlədən mətbuat Kərəm Həsənovu haqlı-haqsız tənqid edirdi. İndi millət onun ölənlərinə rəhmət oxuyur. Bunu ona görə söyləyirəm ki, məsələ idarəetmə ilə bağlıdır. Həmin sahəyə rəhbərlik edən şəxsdən də çox şey asılı olsa da, hər şey onluq deyil.

- Deputat həmkarınız Kamal Cəfərovun sizin dövlət qulluğuna dəyişikliklərlə bağlı səsləndirdiyiniz irad və təkliflərə reaksiyası oldu. Razılaşdınızmı onun dedikləri ilə?

- Kamal Cəfərov layihəni təqdim edən şəxs kimi mənə cavab olaraq dedi ki, müsahibəni ləğv etmək olmaz. Ona görə ki, inkişaf etmiş Qərb ölkələrində dövlət qulluğuna qəbul müsahibə yolu ilə həyata keçirilir. Mən də ona görə üçüncü oxunuşda dedim ki, yaxşı, əgər belədirsə, gəlin biz də testi ləğv edək, qəbulu müsahibə yolu ilə həyata keçirək. Sonra özü mətbuata çıxaraq açıqlama verib ki, Qüdrət Həsənquliyevin təklif etdiyi müsahibə yolu ilə dövlət qulluğuna qəbul korrupsiyaya yol açır, subyektivizm çoxdur. Həmçinin mən demişdim ki, insanlar işləyəndə təcrübə qazanırlar və misal kimi qanuna səs verəcək ilk dəfə seçilmiş deputatların diqqətini cəlb etmək üçün vurğuladım ki, bax siz də bir il əvvələ nisbətən daha təcrübəlisiniz. Ancaq Kamal Cəfərov da mənim sözümdən tuturmuş kimi qayıtdı ki, deputatlar da 5 il müddətinə seçilir. Deputat hara, məmur hara, bunlar dövlət hakimiyyətinin tamamilə fərqli qanadlarını təmsil edirlər. Əslində məsələ birbaşa Kamal Cəfərovluq deyildi, mən ümumi şəkildə siyasi rəhbərlik qarşısında məsələ qaldırmışdım. Amma Kamal Cəfərov da YAP-ın üzvü kimi istədi cavab versin, o da çox uğursuz alındı. Yenə deyirəm, biz vətəndaşlarımızın daha az stress yaşamasına çalışmalıyıq. Dəfələrlə məsələ qaldırmışam, orta məktəblərdə buraxılış imtahanlarını Dövlət İmtahan Mərkəzi həyata keçirir. Olmaz ki, sən uşağın biliyini bir dəfə qiymətləndirəsən? Bütün inkişaf etmiş ölkələrdə necədir? Uşaqlar orta məktəbi bitirəndə imtahan verirlər, nəticələr məzunlar tərəfindən universitetlərə göndərilir. Bizim uşaqlara iki dəfə imtahan götürməyimizə nə ehtiyac var axı? Yaxud tələbə ali məktəbi bitirir, diplom alır, deyirlər get, yenə test imtahanı ver! Savadsız tələbələr diplom alırsa, bu problem həll olunmalıdır. Özü də baxın, istedadlı uşaqlar dövlət qulluğuna can atır. Dünyanın hər yerində öz biznesini qura bilməyən, biznes strukturlarında yaxşı iş tapa bilməyənlər dövlət qulluğunda iş tapmaq istəyir. Çünki öz biznesini quran daha çox qazanacaq, dövlət qulluğunda çalışan isə aşağı məvacib alacaq. Bizdə isə dövlət qulluğundan daha çox qazanacaqlarını düşünürlər. Demək, bizdə biznes qurmaq, biznes yolu ilə pul qazanmaq çətindir. Qanunlarımıza görə hər şey əla olsa da, çıxan nəticə budur. Həmçinin özəl sektorda da iş tapmaq mümkün deyil. Bizim 10 milyonluq ölkədə istehsal müəssisələrin, özəl şirkətlərin sayı azdır. Həm də orda yaxşı maaş yoxdur, bu da düşündürücüdür. Ona görə də ayrı-ayrı dövlətlərdə dövlət qulluğunun idarəedilməsi məşğul olanlar, sosial tədqiqatlar mərkəzləri, institutlar var ki, bu məsələləri öyrənirlər, təhlil edirlər. Biz də bu araşdırılmalıdır ki, niyə bu qədər insan dövlət qulluğuna imtahan verir?

- Deputat həmkarınız Zahid Orucun rəhbərlik etdiyi qurum, yəqin ki, sizin bu təşəbbüsünüzü dəyərləndirəcək, əgər indiyədək araşdırmayıbsa...

- Mən sizə açıq və səmimi deyirəm, Zahid Oruc son illərin ən uğurlu kadrlarından biridir. Bu iqtidarda onun qədər çalışqan, işə can yandıran və strateji düşünmə təfəkkürü olan 10-15 nəfər olsaydı, vəziyyət tamamilə fərqli olardı.

- Qüdrət bəy, yaz sessiyasının yekunlarını necə dəyərləndirirsiniz?

- Ümumən bizim parlamentin işində müsbət dəyişikliklər göz önündədir. Sahibə xanım mütəmadi olaraq imkan yaradır ki, deputatlar öz bölgələrinin problemlərini qaldırsınlar, seçicilərini narahat edən məsələlər haqda danışsınlar, dövlət həyatı ilə bağlı öz fikirlərini bildirsinlər. Düzdür, təkliflər nə qədər nəzərə alınır-alınmır, bilmirəm... Parlamentdə müzakirə mühiti var, amma çoxluğu Prezidentin sədri olduğu YAP təşkil etdiyindən və qanun layihələri əsasən Prezidentin imzası ilə daxil olduğundan bizim qanunlara yalnız texnki dəyişikliklərlə bağlı təkliflərimiz, fikirlərimiz nəzərə alına bilər. Bunun da kökü ondadır ki, parlamentdə fraksiyalar, alternativ məruzələr etmək imkanı yoxdur. Bu problemlərin də aradan qaldırılmas üçün mütləq ölkədə proporsional seçki sistemi bərpa olunmalıdır. Heç bir partiyaya imkan verilməməlidir ki, topladığı səsdən asılı olmayaraq parlamentdə 70%-dən artıq yerlərə sahib olsun. Parlamentədə qanunların qəbulu ciddi siyasi polemikalara yol açsa, fəaliyyəti daha qabarıq olacaq, cəmiyyətin diqqəti parlamentə yönələcək, xaricdə oturub söyüş söyənlərə, ayrı-ayrı dövlətlərin əlində oyuncaq olanların açıqlamalarına və bəyanatlarına yox. O zaman “fit müxalifəti”nin fəaliyyətilə kimsə maraqlanmayacaq. Bununla siyasi həyatımız həm canlanacaq, həm də ölkə olaraq bundan faydalanacağıq.

Elşad PAŞASOY,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi