azia.az
azia.az

Dövlət qulluğu imtahanının pullu olmasına ETİRAZ: “Onların özündən imtahan götürmək lazımdır”

24-05-2017, 15:49

Dövlət qulluğu imtahanının pullu olmasına ETİRAZ: “Onların özündən imtahan götürmək lazımdır”


Ötən gün Azərbaycan Tarif Şurası Dövlət İmtahan Mərkəzinin müraciətini nəzərə alaraq, dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərini təsdiq edib.
Belə ki, dövlət qulluğuna qəbul imtahanlarının qiyməti təsnifatlaşdırılmış 7 qrup üzrə 10-110 manat arasında müəyyən olunub.

“Dövlət qulluğunda xidmət etmək istəyən insanlara şərait yaradılmalıdır”

Ekspert Məhərrəm Zülfüqarlı Modern.az-a açıqlamasında bildirib ki, dövlət qulluğu imtahanının pullu olması düzgün deyil:

“Dövlət qulluğuna müraciət edən insanlar işlə təmin olunmaq istəyir. Nəzərə almaq lazımdır ki, onlar işsizdir və hər hansı məvacib almırlar. Bu cür insanları imtahana cəlb edib, üstəlik də pul almaq düzgün deyil. Hələ bu insanların imtahandan keçib-keçməyəcəyi də bəlli deyil. İmtahanlar üçün dövlət özü vəsait ayırmalıdır. Dövlət qulluğunda xidmət etmək istəyən insanlara şərait yaradılmalıdır. Lakin imtahanlar pullu olduğu üçün istedadlı şəxslər kənarda qalacaq və kadr baxımından yaxşı nəticə əldə edilməyəcək”.

“Müsahibə mərhələsinə ehtiyac yoxdur”

Ekspertin sözlərinə görə dövlət qulluğu iki mərhələdən ibarət olsa da, buna ehtiyac yoxdur və müsahibə mərhələsi ləğv edilməlidir:

“Əksəriyyət test imtahanından keçsə də, müsahibə mərhələsindən keçə bilmir. Müsahibədə müəyyən nümayəndələr namizədlə üz-üzə oturub sual-cavab edirlər və əksər hallarda nəticə mənfi olur. Heç imatahan götürənlərin özünü imtahan edən yoxdur ki, bunlar nə üçün səlahiyyət sahibidirlər? Əgər biz həqiqətən də savadlı, vətənə xidmət edən, sadiq kadrlar istəyiriksə, qəbul formasını dəyişməliyik”.

“Özəl sektor inkişaf edərsə, işsizlik azalacaq”

Məhərrəm Zülfüqarlı bildirib ki, əksər xarici ölkələrdə insanların dövlət qulluğunda işləmək kimi marağı yoxdur:
“Dövllət qulluğunda işləmək məsələsi müxtəlif ölkələrdə var. Amma özəl sektor sahəsi inkişaf etmiş ölkələrdə dövlət işinə meyl edənlər yoxdur. Əgər kiçik və orta sahibkarlara şərait yaradılsa, insanlar öz bizneslərini qurar və yaxşı yaşayarlar.
Azərbaycanda sovet dövründən qalma mənfi psixologiya formalaşıb. Əksəriyyət dövlət qulluğuna girib həyatını bu yolla təmin etmək istəyir.
Amma bu düzgün yanaşma deyil. İşsizliyin azaldılması üçün ən yaxşı çıxış yolu özəl sektorun inkişafına üstünlük verməkdir. O zaman bu məsələlər öz-özünə tənzimlənəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi