azia.az
azia.az

Domeniko Koko: “Ermənilər işğal etdikləri şəhərləri, kəndləri xarabalığa çeviriblər, bu vandallıqdır”

24-11-2020, 12:57


Müsahibimiz Azərbaycanın İtaliyanın Siciliya vilayətindəki fəxri konsulu Domeniko Kokodur. Onun “Xalq qəzeti”nə verdiyi müsahibəni oxucularımıza təqdim edirik.
Domeniko Koko: “Ermənilər işğal etdikləri şəhərləri, kəndləri xarabalığa çeviriblər, bu vandallıqdır”
– Cənab fəxri konsul, 44 günlük müharibə Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. 2020-ci il noyab­rın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatı necə qiymətləndirirsiniz?

– Mən bütün Azərbaycan xalqını Qələbə münasibəri ilə təbrik edirəm. Xalqınız son dərəcə dinamik şəkildə milli maraqlar ətrafında birləşdiyini, vahid bir ölkə olduğunu bütün dün­yaya göstərdi. Bu, Azərbaycan Ordusunun və diplomatiyasının qələbəsidir. Şübhəsiz ki, Ermənistanın kapitulyasiyasını şərtləndirən ilk amil Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatlarıdır. Azərbaycan Silah­lı Qüvvələri bütün dünyaya BMT Təhlükəsizlik Şurası tərəfindən 27 il əvvəl qəbul olunan, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və təəssüf ki, yerinə yetirilməmiş qətnamələrinin 44 gündə necə icra etməyin mümkün olduğunu sübut etdi. Bu bəyannamə, təkcə Ermənistanın deyil, ona müttəfiq olan, dəstək verən dövlətlərin siya­si uğursuzluğunun da göstəricisidir. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazır­da ölkənizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. Burada ən əsas müddəa Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır.

– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq­la reallıq arasında ziddiyyətlər, beynəlxalq hüququn selektiv üsulla fəaliyyəti açıq-aydın görünürdü. İllərdir ki, Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoyma­ması belə deməyə əsas verirmi? Bu fikrə münasibətiniz?
– Əlbətdə ki, BMT qətnamələrinə əməl olunmaması beynəlxalq ictimaiyyət üçün böyük çətinliklər yaradır. Mümkün hər hansı bir ritorika xaricində, Azərbaycan hər zaman beynəlxalq müqavilələrə əməl edib, heç vaxt sərhədləri pozmayıb. Beynəlxalq ictimaiyyətə xatırlatmaq istəyirəm ki, Azərbaycan evlərini tərk etmək məcburiyyətində qalan 1 milyon vətəndaşını qəbul etdi və əhalisinə nisbətdə qaçqın sayına görə dünya­da birinci yerdə qərarlaşdı. Məcburi köçkünlərin yenidən həyata başlama­sı, yerləşdirilməsi, işlə təmin olunması, sosial- iqtisadi problemlərinin həlli böyük xərclər və fədakarlıqlar tələb edən uzun proses idi. Azərbaycan bu fövqəladə halların öhdəsindən uğurla gəldi. İnanıram ki, bundan sonra da ölkəniz məcburi köçkünlərin öz yurdlarına qayıtmasında, yeni şəhərlərin, kəndlərin, infrastrukturun qurulmasında bütün gücünü səfərbər edəcək. Bu missiyanın da öhdəsindən gələcək. Mən azad olunmuş ərazilərin görüntülərini görəndə dəhşətə gəldim. Ermənilər işğal etdikləri şəhərləri, kəndləri xarabalığa çevirib, bu vandal­lıqdır. Dünya ictimaiyyəti ermənilərin bu vəhşiliyinə səssiz qalmamalıdır.

– Ermənistanın vəhşiliyinin nəticələrindən söz düşmüşkən, iş­ğaldan azad edilən torpaqların real vəziyyəti bu ölkənin Azərbaycana vurduğu maddi-mənəvi, ekoloji zərərin miqyasının nə qədər böyük olduğunu göstərir. Cinayətkar necə cəzalandırılmalıdır?

– İstənilən halda bu, cəzasız qalmamalıdır. Azərbaycan tərəfi kapitulyasiyadan sonra Ermənistanın vurduğu zərərlə bağlı kompensa­siya tələb etmək haqqına sahibdir. Beynəlxalq hüquq da bunu tələb edir və beynəlxalq təcrübələr də var. Azərbaycan beynəlxalq təşkilatları bu prosesə cəlb edərək real ziyanı aktlaş­dırıb təzminatın miqdarının hesablan­masını reallaşdıra bilər. Dəyən ziyan tam olaraq hesablandıqdan sonra isə danışıqlar prosesinin predmeti olaraq təklif edilə bilər. Ermənistan maddi və ya alternativ təkliflərlə Azərbaycana vurduğu ziyanı kompensasiya etməlidir.

– Dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin işğalçı ilə işğala məruz qalan ölkəyə fərq qoyulmur. Xüsusilə, Azərbaycanla əməkdaşlıq edən Avropa dövlətləri Dağlıq Qarabağ münaqişəsinə la­qeyd, çox zaman da ikili standartla yanaşırdılar. Niyə atəşkəslə bağlı bəyanat verənlər Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməsi ilə bağlı bəyanat səsləndirmədilər?

– Bu, çox çətin bir sualdır. Bir çoxları barmaqlarının arxasında gizlənərək rəqiblərindən heç birini na­razı salacaq mövqe tutmamaq istəmir. Ancaq gerçək budur ki, burada rəqib yoxdur, yalnız qanunlar və hörmət var. Hər bir Avropa ölkəsi müəyyən ədalətli mövqe tutmalı, yalnız beynəlxalq qay­dalara və müqavilələrə əsaslanmalıdır.

– Tam səmimi cavabınızı istəyirəm, Azərbaycanın yerinə atəşkəs çağırışı edilən Avro­pa dövlətlərindən biri olsaydı, ərazisinin 20 faizinin işğal faktına 30 il dözərdimi?

– Mən əminəm ki, yox! Ümumi bir səfərbərlik olardı. Fəxri konsul vəzifəsində olduğum illər ərzində dünya ictimaiyyətinə hər zaman izah etməyə çalışmışam ki, Azərbaycan çoxmədəniyyətli və çoxkonfessiyalı bir ölkədir. Öz haqqının tanınması üçün hər zaman diplomatiya yolu ilə gedib, heç vaxt güc tətbiq etməyib. Təsəvvür edin ki, İtaliyada Trentino kimi bir bölgə bir anda yox olur, biz özümüzü necə hiss edərdik?

– Müharibənin gedişatında Ermənistan xarici ölkələrdən, o cümlədən Livandan, Suriya­dan, Yunanıstandan erməni əsilli vətəndaşları döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gətirdi. Domeniko Koko, Ermənistanın Cenevrə Konvensiyasına zidd olan bu hərəkətləri həm də dövlətlərarası münasibətləri pozmaq, Dağlıq Qarabağ münaqişəsinə digər ölkələri cəlb etmək üçün düşü­nülmüş siyasət deyildimi? Buna münasibətinizi bilmək istərdik.

– Əlbəttə ki, qeyd etmək lazım­dır ki, erməni xarici diasporası çox böyük, çox hazırlıqlıdır və millətçilik hissi ilə idarə olur. Lakin onun Qarabağla ortaq tərəfləri yoxdur. Ermənilər bu gərginləşməni millətə təhqir kimi təqdim etmək istərdilər. Ancaq bu belə deyil. Azərbaycan üçün Qarabağ övladlarının, atalarının, tarixinin və ənənələrinin torpağıdır. Düşünürəm ki, bunun üçün beynəlxalq ictimaiyyəti media vasitəsi ilə daha çox məlumatlandırmaq lazımdır: insanlar, nəhayət ki, nəyin yaxşı, nəyin pis olduğunu başa düşəcəklər. İtaliyada səfirlik və konsulluqlar bu istiqamətdə sıx əməkdaşlıq edir və birgə səylər şübhəsiz ki, konkret nəticələrə gətirib çıxaracaqdır.

– Dağlıq Qarabağda yaşayan separatçı ermənilər dünyanın başqa dövlətlərində yaşayan ermənilərdən qat-qat az olduğu halda, məhz Azərbaycan ərazisində öz müqəddəratını təyin etmək istəyirlər. Münaqişənin həllində bu amili vurğulayan beynəlxalq təşkilatlar, Ermənistandakı yüz minlərlə azərbaycanlının öz ata-ba­ba yurdlarından qovulmasını niyə unudurlar? Onlar Dağlıq Qarabağ­da yaşayan ermənilərdən qat-qat çox idilər.

– Biz də başa düşmürük niyə. Dediyim kimi, Qarabağda yaşa­yan ermənilər, kiçik bir icmadır. Bir gün Ermənistan və ermənilər başa düşəcəklər ki, birlikdə yaşamaq nifrət toxumunu səpməkdən daha asan olar.

– Ermənistan silahlı qüvvələrinin intensiv ağır artilleriya və raket atəşi ilə on minlərlə ev, çoxmənzilli yaşayış binaları və mülki obyektlər dağıdıldı. Azərbaycanın cəbhədən kənar bölgələrinə, o cümlədən Gəncə və Bərdə şəhərlərinə paket hücumu nəticəsində onlarla mülki əhali həyatını itirdi. Onların arasın­da körpələr, uşaqlar da var idi. Do­meniko Koko, Cenevrə Konvensi­yasına və Uşaq Hüquqları haqqında BMT Konvensiyasına qoşulan bir çox dövlətlərın buna laqeyd qalma­sının səbəbi nədir?

– Ermənistanın mülki əhalini də hədəfə alması, ballistik raketlər, kasetli raket hücumları hərbi cinayətdir. Bu, Cenevrə konvensiyalarının və onların Əlavə protokolların kobud şəkildə pozulmasıdır. Sizi inandıra bilərəm ki, erməni mediası kütləvi surətdə real­lığın əksini təqdim edirdi. Amma ha­mımız bilirik ki, Azərbaycan heç vaxt mülki ərazilərə hücum etməyib, yalnız hərbi hədəfləri vururdu. Azərbaycanlı bir dəfə də olsun bir kəndə, yola və ya evə hücum etməyib. Azərbaycan yalnız özünü müdafiə edirdi. Ancaq ermənilərin yalanlarının üstü açılacaq. Bütün günahkarlar cəzalandırılmalıdır.

– Razılaşırsınızmı, Dağlıq Qara­bağdakı erməni azlıqlarının torpaq iddiasının heç bir hüquqi əsası yox­dur. Ermənistanın münaqişədə tərəf kimi iştirakı, onun işğalçı dövlət olmasını təsdiq edirmi?

– “Qarabağ Ermənistanındır” ifadəsi utopiya və xam xəyaldır – Qarabağ Azərbaycandır. Ermənistanın ərazi iddiaları həm faktiki, həm də qanunla əsassızdır. Ermənistan işğalçı bir ölkədir.

–Təmsil etdiyiniz Siciliya vilayətində, ümumən, İtaliyada Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılmasına müsbət nəticə əldə olunurmu?

– Sözsüz ki, İtaliyada da ermənilərin dezinformasiya və saxta xəbərləri yayılır, lakin səfirliyin doğ­ru məlumatlar üzərində davamlı işi konkret nəticələrə gətirib çıxarır. İtaliya və Azərbaycan strateji dost və tərəfdaşdır, iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə ən yüksək səviyyədə həyata keçirilir. Sadəcə həqiqəti ortaya qoymalısan və dediyim kimi insanlar başa düşəcəklər.

Azərbaycanın fəxri konsulu olaraq yurisdiksiyam olan bölgələri olan Siciliya və Kalabriyada siyasi oyunçuların diqqətinə çatdıraraq çox sadə bir şəkildə izah etdim ki, Azərbaycan BMT-nin tələblərinin yerinə yetirilməsini istəyir. Qalan hər şey ermənilərin uydurması, siya­si xülyasından başqa bir şey deyil. Azərbaycanın İtaliyadakı fəxri kon­sulu olaraq mən həmişə İtaliyanın bu hissəsində, bu qədər uzaqda, amma Azərbaycana hər zamankından daha yaxın olmağı bacarıram.

– Regionun gələcək vəziyyətini necə qiymətləndirirsiniz?

– Azərbaycan 44 günlük müharibə ilə həm hərbi, həm də diplomatiya müstəvisində qələbə qazandı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ru­siya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqları­nın işğalına son qoydu. Vurğulamaq istəyirəm ki, Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının illərdir kağız üzərində qalan qətnamələrini icra etdi. Və əsasnamələrin tətbiqinə aparan yol davam edir. Bu, ədalətin, beynəlxalq hüququn təntənəsidir! Mən, həqiqətən, inanıram ki, bugünkü hadisələr Azərbaycanı daha da gücləndirəcək, inkişaf etdirəcək, Cənubi Qaf­qaz bölgəsinin gələcək inkişafının əsaslarını yaradacaq.

Müsahibəni qələmə aldı, Leyla RƏŞİD,“Xalq qəzeti”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi