azia.az
azia.az

Cəbhədəki aprel gərginliyi ilə bağlı RƏSMİ AÇIQLAMA

1-04-2017, 20:28

Cəbhədəki aprel gərginliyi ilə bağlı RƏSMİ AÇIQLAMA


Nazirlik bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi ötən ilin aprel hadisələri ilə bağlı bəyanat yayıb. İstiPress xəbər verir ki, nazirlik 2016-cı il cəbhədə baş verənlərin münaqişənin sülh yolu ilə həllinə zərbə olduğunu qeyd edib.

“2016-cı ilin aprelində cəbhədə vəziyyətin gərginləşməsindən bir il ötür. 2 aprel 2016-cı ildə Ermənistan işğal olunmuş ərazilərdəki mövqeyindən atəşi intensivləşdirərək, qoşunların təmas xətti boyunca Azərbaycan silahlı qüvvələrini və Azərbaycanın nəzarətindəki yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır artilleriya və böyük kalibrli silahlardan hədəfə aldı. Ermənistanın bu hücumları və növbəti zorakı addımları nəticəsində Azərbaycanın 34 yaşayış məntəqəsi və kəndi artilleriya atəşinə məruz qaldı, aralarında uşaqlar olmaqla 6 nəfər həlak oldu və 33 nəfər ağır yaralandı. Dövlət və özəl mülkiyyətə zərər yetirildi”.

“Ermənistanın təxribatçı hücumları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi xidmətçiləri arasında həlak olanlar və yaralananlar oldu. Ölümündən sonra Azərbaycan hərbi qulluqçularının cəsədlərində Ermənistan tərəfindən işgəncələrin törədilməsi halları da qeydə alındı.

5 aprel 2016-cı ildə Moskvada Rusiya Federasiyasının vasitəçilik səyləri nəticəsində Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşdırıldı. Amma buna baxmayaraq, Ermənistan yenidən 26-27 aprel 2016-cı ildə təmas xətti boyunca yaşayış məntəqələri və kəndlərdə yaşayan mülki Azərbaycan əhalisini ağır artilleriyadan atəşə tutdu.

Aprel hadisələri bir daha nümayiş etdirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu cəbhədə vəziyyətin gərginləşməsinin əsas səbəbidir və münaqişənin siyasi həlli üçün başlıca maneədir.

Aprel gərginliyindən sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin təşəbbüsü ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası Prezidentlərinin 16 may 2016-cı ildə Vyanada görüşü keçirildi. Rusiya Federasiyası Prezidentinin dəvəti əsasında 20 iyun 2016-cı ildə Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin görüşü keçirildi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlar aparıldı.

O vaxtdan etibarən Ermənistan həyata keçirdiyi qərəzli siyasi-hərbi təxribatları və müxtəlif bəhanələri ilə təşəbbüsün saxlanmasına və Sankt-Peterburqda əldə edilmiş anlaşmaların konkret əməllərə keçirilməsinə, gərginliyin azaldılmasına imkan vermədi və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına başlamadı".

XİN-in bəyanatında , münaqişənin həllinin yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında mümkünlüyü qabardılıb.

"Münaqişənin həllinin prinsipial əsasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və Azərbaycan ərazilərinin işğalı pislənilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. Bu qətnamələrdə BMT TŞ bir daha təsbit edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Həmçinin, qətnamələrdə BMT TŞ tərəfindən işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Biz beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərini öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, işğala əsaslanan status kvonun dəyişdirilməsi və regionda davamlı sülhün təmin olunması üçün Ermənistandan konstruktiv şəkildə substantiv danışıqlarda iştirakın tələb edilməsinə çağırırıq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi