Rejissor: “Gəncə terroru haqda film çəkərkən bütün düşüncələrimiz, təsəvvürlərimiz alt-üst olmuşdu”
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumundan bəhs edən “Mən Gəncəyəm” adlı sənədli film çəkilib. Filmdə Gəncədə yaşanan hadisələri özündə əks etdirən kadrlar yer alıb. Gəncədə yaşanan hadisələr aktyor Ziyanın qeydləri əsasında çatdırılır və hər kəs burada özünü Gəncənin bir hissəsi hesab edir. Çünki yaşanan hadisə tək Gəncə sakinlərinin deyil, insanlıq tarixində silinməyəcək izlər buraxıb.
Filmin rejissoru Ramil Ağasıyev Musavat.com-un suallarını cavablandıraraq çəkiliş prosesində yaşananlardan və Gəncədə baş verən hadisədən danışıb.
Müsahibəni təqdim edirik:
- “Mən Gəncəyəm” sənədli filminin əsas mahiyyəti nədən ibarət idi?
- Filmin əsas mahiyyəti düşmənimizin mənfurluğunu, ləyaqətsizliyini göstərməkdən ibarət idi. Belə ki, onlar cəbhə xəttində, döyüş meydanında deyil, sivil insanlardan qisas almağa çalışırlar. Bu, tarixən də belə olub. Torpaqlarımızın işğal olunduğu bu 30 il ərzində cəbhədə deyil, daha çox cəbhəyanı ərazilərdə yaşayan sivil insanlarımız ermənilər tərəfindən qətlə yetirilib. 2 yaşlı Zəhradan tutmuş, 80 yaşlı qocalarımıza qədər –uşaq, gənc heç birinə məhəl qoyulmayıb. Hədəf hər zaman sivil insanlar olub. Bu yolla xalqın gözünü qorxutmaq, onlarda qorxu hissi oyatmağa çalışıblar.
Gəncə isə bunların ən qəddarı idi. Bu, bir terrordur. Dinc insanların gecə vaxtı yatdığı zaman evlərinə raket atmaq heç bir insanlıq tarixində yazılmayıb. Düşmən nə qədər qansız, vicdansız olmalıdır ki, bu əməlin sahibi olsun. Bizim isə düşmən sarıdan bəxtimiz gətirməyib. Çünki bu bizim tariximizdir, çünki bizim xalqımız haqsızlığa uğrayıb. Ordumuz cəbhədə, xalqımız sosial aləmdə, media nümayəndələrimiz informasiya cəbhəsində, incəsənət adamları də öz peşələri ilə bu haqsızlığı dünyaya çatdırırlar. Mən də bu filmlə Gəncəni və burada həmin gecə yaşanan terroru sənədli film olaraq, lentə aldım. İndi susmaq zamanı deyil.
- Yaradıcılığınıza nəzər yetirdikdə çoxsaylı sənədli filmlərinizin olduğunun şahidi oluruq. Sizin üçün “Mən Gəncəyəm” filminin özəlliyi nədən ibarət idi?
- Baxmayaraq ki, 10 ildən çoxdur rejissor kimi fəaliyyət göstərirəm, ancaq bu işimdən böyük zövq aldım. Tamaşaçıya göstərmək istədiklərimi detalları ilə, hər şeyi olduğu kimi göstərməyə çalışmışam. Gəncədə bir terror hadisəsi yaşanıb. Orada vəziyyət bizim buradan gördüyümüzdən daha fərqli, daha başqa idi.
“Yaşamayan bilməz” ifadəsi burada öz yerinə düşər. İnsanlar aqressivdirlər, yaşadıqları hadisə heç də kiçik bir şey deyil. Zərər təkcə bir binaya və onun sakinlərinə deyil, bütün Gəncəyə dəymişdi. İnsanların psixoloji sarsıntıları, gərginlikləri yaşadıqları hadisəyə görə başa düşüləndir. Hadisə zamanı övladsız qalan valideynlər, əzizlərini itirənlər, bir gecədə kimsəsiz qalanlar, uşaq yaşda dünyasını dəyişənlər... Özüm də valideynəm - 2 övladım var. O hadisələrin şahidi olanda insan öz övladını da düşünür. Özünü onların yerinə qoyur. Kimsəsiz qalan o uşaqlar bundan sonra valideyn qayğısından məhrum olacaq. Bu itki ömürlərinin sonlarına qədər onları təqib edəcək. Hər dəfə bu haqda düşünəndə onları incidəcək. Gəncə hadisəsi onlardan çox şeyi aldı. Bu, insanlıq faciəsidir.
- Gəncədən sonra Bərdədə böyük terror yaşandı. Bərdə terroru ilə bağlı da sənədli film çəkməyi düşünürsüzmü?
- Əlbəttə ki, silsiləli şəkildə bu işimi davam etdirmək istəyirəm. Çünki bu, tarixdir, illər keçəcək və bizdən sonra gələn nəsillərə biz bu hadisələri danışanda, təqdim etmək üçün sənədli filmlərə ehtiyac duyulacaq. Bərdədə yaşanan hadisələrlə bağlı da sənədli film çəkməyi istərdim. Tək Bərdə deyil, Tərtərdə və digər bölgələrimizdə də həmçinin. Bu gün düşmənlə üz-üzə cəbhə xəttində illərdir sivil insanlarını qurban verən o qədər rayonlarımız var ki... Onlar qəhrəman şəhərlərdir. O insanlar nə yaşasalar da öz torpaqlarını tərk etmirlər. Düşmən hər gün onların yaşayış massivinə güllə atır, evlərinin damına, pəncərələrinə, yaşayış yerlərinə zərər yetirsə də onlar qorxmurlar.
Bu qəhrəmanlıq dastanıdır və biz bunları lentə alıb, hansı nəslin davamçıları olduğumuzu götərmək üçün öz arxivimizdə saxlamalıyıq ki, bizdən sonra yetişən nəsil bu filmləri izləyib, bizimlə qürur duysun.
Filmin çəkilişini hadisələrin yaşandığı günlərdə etmək daha faydalı olsa da, hazırda elə bir şərait yoxdur. Bunun üçün dəstək lazımdır. Biz Gəncəyə gedəndə icazəli getmişdik deyə bir qədər rahat idik. Çəkiliş etmək üçün digər yerlərə getmək icazəsini almaq bir az çətin prosesdir.
- Gəncədə film çəkərkən nələrin şahidi oldunuz?
- Gəncədə 4 gün olduq. 4 gün ərzində düşüncələrimiz, təsəvvürlərimiz alt-üst oldu. Mən terror görməmişdim. Hadisə qurbanları ilə söhbət etmək, o ab-havanı duymaq çətin idi... Gəncə sakinlərini həyəcanlı, aqressiv gördük. İnsanlar təşviş içindədir. Məsələn, biz çəkiliş aparmaq istəyəndə maşının önünü kəsir, polis çağırırdılar. Bu da başa düşüləndir, şəhərə yad insanlar gəlmişdi, onlardan nə yaşadıqlarını xəbər alırdı. Biləndə ki məqsədimiz nədir, bu zaman bizimlə mülayim rəftar edirdilər.
Zərərçəkənlərdən bir qızla söhbətimizdən təsirlənmişdik. Belə ki, ailədə 2 uşaqdırlar, onlar valideynlərini itirmişdilər. Qız oğlandan böyük idi və deyir ki, “qardaşım hər gün telefonla anama zəng edir ki, bəlkə anam telefonun dəstəyini açdı”. Bunu eşitmək çox ağırdır. Uşaq təfəkkürü üçün travmadır.
- Sizcə biz bu 30 ildə dünyaya Qarabağ hadisəsini filmlərimizdə necə əks etdirmişik və bu filmlərlə dünyaya öz mesajımızı ötürə bilmişikmi?
- Danılmaz faktdır ki, bu gün Qarabağdan bəhs edən filmlərimiz kifayət qədərdir. Tarixə boylansaq bundan əvvəl də tarixi qəhrəmanlarımızdan bəhs edən filmlərimiz olub. Çəkilib, çəkilir və çəkiləcək də. Beynəlxalq filmlər festivalının siyahısında yerli rejissorlarımızın filmlərinə rast gəlmək mümkündür. Bu gün də istedadlı rejissorlarımız var. Onlar həm vətənpərvərlik, həm də digər mövzularda filmlər çəkir və bununla böyük arenaya çıxırlar.
- Bir çox rejissorlar bildirirlər ki, müharibəyə aid olan filmlər döyüş bitdikdən illər sonra daha çox effektli olur. Bu barədə siz necə düşünürsünüz?
- Tarixin ən çətin dönəmlərində - İkinci Dünya müharibəsindən, planetdə yayılan pandemiyalardan sonra kinoda, dramaturgiyada yeni bir dalğa başlayıb. Yaradıcı insanlar bu xüsusda bəşəri mövzuları özündə əks etdirən yaradıcı işlər təqdim edərək, yenilik etməyə cəhd ediblər. Qlobal problemləri özündə əks etdirən filmlər isə tarixi film kimi kino yaddaşına çevrilməyi bacarıb. Yaşanmış hadisələrdən film çəkmək üçün hadisələrin necə bitməsi və müəyyən müddət aranın sakitləşməsi vacibdir. Hazırda cəbhədə döyüş gedir. Bu dəqiqə torpaqların azad olunması ilə bağlı film çəkmək özünü doğrultmayacaq. Filmdə insanların hekayəsi əsasında ssenari yazılır.
Yəqin ki zamanla qələbəmizdən bəhs edən filmlər çəkiləcək. Hələ ki, zaman var.
- Bir vətəndaş kimi cəmiyyətimizin son bir aydakı əhval-ruhiyyəsini necə görürsünüz?
- Xalq olaraq 30 ildir ki, bu günləri gözləyirdik. 30 ildir ki, ağbirçəklərimiz Ağdamdakı, Xocavənddəki, Şuşadakı evlərinin açarlarını sandıqlarında saxlayırlar. Ümidi ölməyən xalq qələbəyə layiqdir. Çünki onlar bir zaman o torpaqlara geri dönəcəklərini bilirdilər. Bu 30 ildə vətənindən ayrı düşənlərin hisləri , yaşadıqlarımız sözlərlə ifadə edilə bilməz. Bu gün isə Azərbaycan ordusu bir tarix yazır. Nə xoş bizə ki, qızıl hərflərlə yazılan tarixin şahidlərindən biriyik. İnsanların əhval-ruhiyyəsi çox gözəldir. 30 il bu günü gözləmişik, arzusunda olmuşuq və o gün gəlib, çatıb. Əvvəllər hər sözümüzün başında “O gün olsun” deyərdiksə, indi o gün bu gündür.
Hər kəs yeni günə başlayanda, Ali Baş Komandanımız İlham Əliyevin xalqa müraciətini, çıxışını və "Tvit"ini gözləyir. Bu gün Azərbaycanın daxili və xarici siyasəti xalqı sevindirir. Belə ki, ordumuz cəbhədə qələbə qazanır. İşğal olunmuş torpaqlarımız azad edilir. Yeni təyin olunmuş Xarici işlər naziri Ceyhun Bayramovun beynəlxalq arenadakı çıxışı, duruşu, reaksiyası xalqın maraqlarını təmsil edir.
Hikmət Hacıyev kimi bir kadrın həm daxili, həm də xarici siyasətdə xalqın istəyini dəstəkləməsi qürurverici haldır. Əvvəl bu müharibənin uduzmuş tərəfi idiksə, indi bütün cəbhələrdə qalib tərəfik. Bu gün həm xarici, həm də daxili islahatların xalqın mənafeyinə xidmət etməsi hər birimizi bayrağımızın altında torplaşmağa və Ali Baş Komandanı dəstəkləməyə vadar edir. Azərbaycan dünyaya birliyini, gücünü, əzmini nümayiş etdirir. Bundan gözəl nə ola bilər?”
Xalidə Gəray