Məhşur italiyalı müğənni Bakıda konsert verəcək
Məşhur italiyalı müğənni Eros Ramazzotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək.
Heydər Əliyev Fondundan Lent.az-a verilən məlumata görə, Fondun dəstəyi ilə təşkil olunacaq konsert aprelin 27-də Bakı Kristal Zalında keçiriləcək.
Şou proqramda milyonların sevimlisi Eros Ramazzotti məşhur mahnıları ilə izləyicilərin qarşısına çıxacaq. Romantik balladaları özünəməxsus ifa tərzi ilə seçilən Eros Ramazzottinin Bakı konserti “Rerfetto” dünya turu çərçivəsində təşkil olunacaq.
Qeyd edək ki, musiqi albomları dünyada milyonlarla tirajla satılan Eros Ramazzottinin 2015-ci ildə çıxan 13-cü “Perfetto” adlı musiqi albomu 38 ölkədə “ən yaxşı 20-lər” sırasına daxil olub. Özünəməxsus vokal imkanları, ifa tərzi E. Ramazzottini uzun illər milyonlarla insanın sevimlisi kimi məşhur edib. Bu günədək 13 musiqi albomu işıq üzü görən E. Ramazzotti 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib.
Xatırladaq ki, 1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni E. Ramazzotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın “Debütantlar” nominasiyasında qalib olan Ramazzotti karyerasına dünyada məşhur müğənni kimi imza ata bilib. E. Ramazzottinin konsertləri hər bir zaman gözəl musiqi, zövq və unikal şou ilə seçilir.
Aprelin 27-də Bakı Kristal Zalında keçiriləcək konsertin biletləri martın 26-dan şəhərin kassalarında satışdadır.