Ermənistanın keçmiş prezidenti Robert Koçaryan seçki kampaniyasının bitməsinə bir neçə saat qalmış qəfildən ritorikasını dəyişib. Belə ki, o seçiciləri "müharibə partiyası"na mənsub olmadığına inandırmaq üçün kampaniyanın sonunda hakimiyyətə gəldikdən sonra Azərbaycanla sülh müqaviləsi imzalayacağını elan edib.
Ancaq Koçaryan deyib ki, bunu artıq paraflanmış 17 maddəlik müqaviləyə "yalnız bir əlavə" etməklə edəcək. O, müqaviləni "sülhə zəmanət verən əlavələrlə" imzalayacağını bildirib.
Köçəryan həmçinin qeyd edib ki, hakimiyyətə gəldikdən sonra Azərbaycan və Türkiyə ilə normal münasibətlər quracaq.
Politoloq Zərdüşt Əlizadə
Bakupost.az-a bildirib ki, Koçaryan da nəhayət seçkilərin əsasən məhz Azərbaycanla sülh müqaviləsi mövzusu üzərində formalaşdığını anlamağa başlayıb:
“Müxalifət müharibə istəyir. Onların ritorikası bu istiqamətə yönəlib. Ancaq erməni cəmiyyəti artıq müharibədən bezib. Onlar daha müharibə tərəfdarlarına inanmırlar. Nəhayət erməni cəmiyyətindəki bu yanaşma Koçaryana da çatıb. Ona görə də deyir ki, hakimiyyətə gələrsə, Azərbaycanla sülh müqaviləsi imzalayacaq, amma zaminlərin olması şərtilə”.
Ekspertin sözlərinə görə, “sülhə zəmanət verən əlavələr” dedikdə Koçaryan bu rolda Rusiyanı nəzərdə tutur:
“Yəni istəyir ki, proses keçmişdə olduğu kimi, yenə də Rusiyanın nəzarətində olsun”.
Bu əsasda həmsöhbətimiz deyir ki, zamin məsələsinin boş söhbətdir:
“1994-cü ildə Budapeşt Memorandumu ilə Ukraynaya, onun ərazi bütövlüyünə zamin durmuşdular. Amma indi nə olduğunu hamı gözəl bilir”.
Koçaryanın Azərbaycan və Türkiyə ilə normal münasibətlər quracağ barədə didiklərinə gəldikdə, politoloq qeyd edir ki, digərləri kimi onun da başqa çarəsi yoxdur:
“Hazırda elə bir vəziyyət yaranıb ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, onların, o cümlədən Koçaryanın da Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdan başqa çarələri yoxdur. İndi əvvəlki dövrlər deyil”.
Rüfət Sultan