ABŞ-ın Havay ştatının qondarma “DQR”in müstəqilliyini tanımasına RƏSMİ MÜNASİBƏT
“Amerika Birləşmiş Ştatlarının xarici siyasəti federal hökumət tərəfindən müəyyən edilir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi dəstəklənir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev ABŞ-ın Havay ştatının qondarma “DQR”in müstəqilliyini tanımasına münasibət bildirərkən deyib.
”Xatırlatmaq istərdim ki, ABŞ-dakı radikal erməni lobbisi 10 mart 2016-cı il tarixində bu məsələni ABŞ-ın Havay ştatının Senatının gündəliyinə salmağa çalışsa da, uğursuzluqla üzləşib. Belə ki, ştat Senatı gündəliyə gətirilməsinə cəhd edilən anti-Azərbaycan xarakterli iki qətnaməni rədd edib. Ştat Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, ABŞ siyasətinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə edib və Havay ştat Senatının bu qətnamələri qəbul etməyəcəyini diqqətə çatdırıb. Bu uğursuzluqdan sonra təxribatçı və cılız əməllərini davam etdirən Ermənistan və ABŞ-ın erməni lobbisi Havay ştatının yerli qanunverici orqanının Nümayəndələr Palatasına üz tutub”, - deyə o vurğulayıb.
H. Hacıyev qeyd edib ki, bütün bunların bir daha Ermənistanın danışıqlar prosesində iştirakının yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıdığına dəlalət edir: “Ermənistanın əsl məqsədi işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsidir”.