Xainlərin “Diqlas”da yanan planları – prezident oyunu necə pozdu...
“Diqlas” Ticarət Mərkəzinin yanması ölkənin əsas gündəm mövzusudur. Orada çalışan ticarətçilər üzləşdikləri ağır durumla bağlı müxtəlif ünvanlara üz tutdular. Sahibkarların tək istəyi dövlətin məsələyə müdaxiləsi, ziyanın qarşılanması idi. İlk gündən nazirlər və ayrı-ayrı məmurlar tərəfindən sahibkarlara təmkinli olmaları, dövlətin onları taleyin ümidinə buraxmayacağı haqda tövsiyə, həmçinin vədlər verilirdi.
Ortada gərginlik vardı, açıq görünürdü. Bu da təbii idi. Malını, gündəlik dolanışığını itirmiş, külli miqdarda zərərə düşmüş adamlardan təmkinli davranış gözləmək də doğru sayılmaz. Buna baxmayaraq, vətəndaş ümidli idi, zərərçəkmiş ticarətçilər hər addımda deyirdilər ki, ölkə prezidentinin onlara sahib çıxacağına, dövlətin dəstək verəcəyinə əmindilər.
Son aylar prezident İlham Əliyevin addımları xalq tərəfindən rəğbətlə qarşılanır. Çünki birmənalı şəkildə son fərman və sərəncamlar əhalinin xeyrinədi. Şəhid ailələri ilə görüş, onlara ödəniləcək məbləğin yoluna qoyulması, problemli kreditlərlə bağlı atılan addımlar on minlərlə insanı ağır sosial yükdən xilas etdi. Həmçinin son əfv sərəncamı da hakimiyyətin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə reytinqini xeyli yüksəldib.
Son 3 aylıq dövrdə hökumətlə vətəndaş arasında münasibətlər xeyli istiləşib. İnsanlar görür ki, onların ağır durumunda dövlət işə qarışıb, problemi yoluna qoyur. Klassik “Dövlət vətəndaş üçündür, vətəndaş dövlət üçün deyil” düsturu Azərbaycanda daha ciddi işləməyə başlayıb.
Etiraf edək ki, əvvəlki illərdə bu cür kütləvi zərərçəkənlər olanda o qədər də həssaslıq göstərilməyib. İndiyədək dəfələrlə ticarət mərkəzləri yanıb, sahibkarlar bəlkə bundan artıq ziyana düşüblər. Lakin umulan dəstək ya verilməyib, ya da çox cüzi olub. Son aylar isə hakimiyyət tamam fərqli kurs götürüb. Vətəndaşın ən ağır, ən aktual problemləri sürətlə həllini tapır.
Prezident İlham Əliyev martın 28-də müşavirə keçirib, malı yanan sahibkarlara dövlət yardımı verilməsi haqda göstəriş verdi. Və bununla da “Diqlas” yanğınını birdəfəlik söndürdü. İnsanlar rahat nəfəs aldılar, arxayınlaşdılar və gərginlik aradan götürüldü. Ən əsası, həm ziyana düşmüş ticarətçilərin, həm də kənar müşahidəçilərin, bütövlükdə isə cəmiyyətin gözləntisi, gümanı doğruldu.
Dövlət dediyin budur! Vətəndaş öz dövlətinə arxayın olanda, biləndə ki dövləti arxasındadı, o zaman inamlı və güclü olur.
“Diqlas”da yanğın olan gündən durumdan faydalanmaq istəyənlər vardı. Revanşistlər, fürsətçilər sosial şəbəkələrdə xosunlaşırdılar. Əllərinə fürsət düşdüyünü zənn edirdilər. İki daşın bir arası, Milli Şuranın aprelin 6-na mitinq təyin etməsi bunun ən bariz nümunəsi sayıla bilər. Yəqin düşünüblər ki, bu qədər narazı adam var, onları özlərinin avantürist siyasətlərinə alət edə biləcəklər. 19 yanvar mitinqindən ağızlarında şirə qalıb, deyəsən.
Müxalifət işini, fəaliyyətini iqtidarın yanlışları üzərində qurur. Hökumətin buraxdığı boşluqlardan istifadə edib, ictimai rəğbət qazanmağa çalışır. Bu, bütün dünyada belədi. Amma söhbət müxalifətdən gedir, normal, sivil, əxlaqlı müxalifətdən. Bu gün özünü hakimiyyətə müxalif kimi göstərib, əslində ölkəyə, millətə düşmənçilik edənlər xalqın faciəsindən, pis günündən istifadə edib, siyasi xal qazanmaq istəyirlər. Ətrafına Azərbaycana düşmən mövqedə dayanan, bayrağımıza xain gözlə baxan, müstəqilliyimizə düşmən kəsilən xeyli tör-töküntünü yığmış, onların reabilitasiyası ilə məşğul olan Əli Kərimli, Cəmil Həsənli və onların Avropaya qaçmış işçiləri (məhz işçiləri!) özlərini xalqcanlı göstərməyə çalışsalar da, gerçək mahiyyətləri əksəriyyətə bəllidir. Onların tək istəyi ölkədə fəlakətlərin, yanğınların, bədbəxt hadisələrin çox olmasıdı. Fikirləşirlər ki, fəlakətlər, faciələr baş versə, xalq hakimiyyətdən narazı qalacaq və bunlar da ortaya çıxıb xalqı arxaları ilə aparacaqlar. Ölkənin və millətin faciəsi üzərindən hakimiyyətə gələcəklər...
Xarici güclər arasında da Azərbaycanda qarışıqlıq salmaq istəyənlər var. “Diqlas”da yanğın baş verən gündən bunun qəsdlə törədildiyi versiyasına inananlar az deyildi. Bu versiya üzərində peşəkar və sosial mediada xeyli müzakirələr oldu. Çünki son illər oxşar hadisələr baş verib və bunun təxribat olması istisna edilməyib.
Ölkəmizi zəiflətmək, asılı vəziyyətə salmaq, vətəndaş-dövlət qarşıdurması yaratmaq, hətta mümkün olarsa, prosesləri inqilab, küçə etirazları həddinə çatdırmaq istəyənlərə Azərbaycan dövləti adına İlham Əliyev tutarlı cavab verdi. Ölkə başçısı zərər görmüş ticarətçilərə dövlət yardımı verilməsi haqda tapşırıq verdi. Bununla da “Diqlas”la bağlı plan quranların niyyətləri kül oldu.
Və sonda... “Diqlas”da malları yanan ticarətçilərə dövlət yardımının edilməsinə etiraz edənlər, bunun sığorta bazarına daha da mənfi təsir göstərəcəyini söyləyənlər, bu cür hallarda ziyanın büdcə hesabına ödənilməsinin doğru olmadığını yazanlar var. Ola bilsin bu arqumentlər ayrı-ayrılıqda peşəkar yöndən haqlıdı. Amma bu yardımlar Azərbaycan Respublikasının vətəndaşlarına edilir. Yardım edən də öz dövlətimizdir. Dövlət öz vətəndaşına yardım göstərirsə, məncə, əlavə şərhə ehtiyac qalmamalıdı.
Azər AYXAN,