azia.az
azia.az

Milli Qəhrəman Ehtiram Əliyevin səhhətinin ağır olmasına görə PREZİDENTƏ müraciət olundu

Dünən, 23:00

Milli Qəhrəman  Ehtiram Əliyevin səhhətinin ağır olmasına görə PREZİDENTƏ müraciət olundu.

Müraciəti olduğu kimi təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə,
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi və Azərbaycanın Milli Qəhrəmanları adından
MÜRACİƏT
Hörmətli cənab Prezident!
Azərbaycanın Milli Qəhrəmanı Əliyev Ehtiram İsrayıl oğlunun səhhətinin ağır olması və həyatının təhlükədə olduğu barədə ailəsinin bildirdiyi məlumatla əlaqədar Sizə təcili müraciət edirik.
Ailəsinin verdiyi məlumata görə, Ehtiram Əliyev ağır vəziyyətdə “Yeni Klinika”ya yerləşdirilmiş, sonradan vəziyyəti daha da ağırlaşdığından reanimasiya şöbəsinə köçürülmüşdür. Onun həyatı ilə bağlı yaranmış ciddi narahatlıq ailə üzvlərini, biz Milli Qəhrəmanları və döyüş yoldaşlarını dərin təşviş içində saxlayır.
Ehtiram Əliyev Vətənin müdafiəsində göstərdiyi igidlik və fədakarlığa görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, ölkəmizin ərazi bütövlüyü uğrunda öz həyatını təhlükəyə atmış, Vətənə və hərbi anda sədaqətini döyüş meydanında sübuta yetirmişdir. Onun şərəfli döyüş yolu xalqımızın qəhrəmanlıq tarixinin bir hissəsi, gənc nəsil üçün cəsarət və vətənpərvərlik nümunəsidir.
Azərbaycan dövlətinin Milli Qəhrəmanlara, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiririk. Sizin Vətən qarşısında xidmətləri olan insanların sağlamlığına, sosial müdafiəsinə və ailələrinin rifahına həssas münasibətiniz bizə daim mənəvi dayaq olmuşdur. Bu qayğıya güvənərək, döyüş yoldaşımızın həyatının təhlükədə olduğu belə bir ağır məqamda Sizə üz tuturuq.
Hörmətli cənab Prezident!
Ehtiram Əliyevin vəziyyətinin ağırlığını və həyatına yaranmış təhlükəni nəzərə alaraq, onun müalicəsini şəxsən nəzarətinizə götürməyinizi, həyatının xilas edilməsi üçün bütün zəruri tibbi imkanların təxirəsalınmadan səfərbər olunması barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verməyinizi Sizdən xahiş edirik.
Milli Qəhrəmanımızın vəziyyətinin müvafiq ixtisaslı mütəxəssislər tərəfindən təcili qiymətləndirilməsinə, həkimlərin rəyinə uyğun müayinə və müalicə tədbirlərinin tam həcmdə həyata keçirilməsinə, ehtiyac yaranarsa, əlavə mütəxəssislərin cəlb olunmasına və zəruri tibbi vasitələrin təmin edilməsinə köməklik göstərməyinizi rica edirik.
Bu çətin günlərdə onun ailəsinin də diqqət və qayğı ilə əhatə olunmasını, müalicə ilə bağlı zəruri ehtiyaclarının qarşılanmasına dəstək göstərilməsini xahiş edirik.
Vaxtilə Vətənin müdafiəsi üçün canını əsirgəməmiş Milli Qəhrəmanımız bu gün həyatı uğrunda mübarizə aparır. Onun bu ağır sınaqdan çıxaraq ailəsinə və doğmalarına qovuşması hamımızın arzusudur. İnanırıq ki, Sizin diqqətiniz və dəstəyinizlə Ehtiram Əliyevin həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün mümkün olan bütün tədbirlər görüləcəkdir.
Müraciətimizə göstərəcəyiniz həssas münasibətə və təcili dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə,
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma
İctimai Birliyinin sədri
Elşən Uluxanlı









OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi