Pensiyalar nə qədər artacaq?
Xəbər verdiyimiz kimi, yanvar ayı ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması təmin ediləcək.
"Azia.az"ın məlumatına görə, "Əmək pensiyaları haqqında" Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur.
İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yanvar ayı ərzində təqdim olunacaq rəsmi məlumatda 2018-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsas götürülməklə həyata keçiriləcək. Pensiyaların 2019-cu ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.
İlkin məlumata əsasən, 2019-cu ilin 1 yanvar tarixində ölkədə pensiyaçıların sayı 1,3 milyon təşkil edir ki, indeksləşdirmə əsasında pensiyalarda artım onların təxminən 94 faizinə şamil olunacaq. Qalan pensiyaçılara isə "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsindəki qruplar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s. aiddir ki, onların pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçirilir.
Məlumat üçün deyək ki, ötən il əməkhaqqının orta artım tempi 5,7 faiz olmuşdu. Bu il də təxmin edilir ki, rəqəm bu şəkildə qalacaq. Belə olarsa, misal üçün, pensiyanız 250 manatdırsa, indeksləşdirmə aparılmaqla, bu məbləğ 5,7 faiz, yəni 14,25 manat artırılaraq 264,25 manata çatdırılacaq.
Yaxud, pensiya məbləği 400 manat təşkil edirsə, indeksləşdirmə nəticəsində həmin məbləğ 22,80 manat artırılmaqla, 422,80 manat təşkil edəcək. Artım cari ilin əvvəlindən tətbiq olunacaq və yanvar ayı üzrə artım da fevral ayının pensiyası ilə birgə veriləcək.
"Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq, bu ay sığortaolunanların fərdi hesablarındakı pensiya kapitallarının da ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılması təmin ediləcək.