azia.az
azia.az

Minimum əməkhaqqı ən çox nə qədər artırıla bilər?

21-01-2017, 15:54

Minimum əməkhaqqı ən çox nə qədər artırıla bilər?
”Qiymətlərin artım tempi minimum əməkhaqqının artım tempini üstələyir”

Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi və minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Minimum aylıq əməkhaqqının məbləği yanvarın 1-dən 116 manat müəyyən edilib.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin. Eyni zamanda nazirliyə fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb”,-deyə xəbərdə qeyd olunub.

Samir Əliyev

Sərəncamları Meydan TV-yə şərh edən iqtisadçı Samir Əliyev minimum əməkhaqqının artırılmasını yaxşı addım hesab etsə də, bunun kifayətedici səviyyədə olmadığını ifadə edib.

O bildirib ki, ötən il inflyasiya səviyyəsi 12,4 faiz olub, yəni istehlak qiymətləri təqribən bu qədər artıb:

“Əhalinin xərclərinin əsasını təşkil edən ərzaq məhsullarının qiymətində artım 14,7 faiz olub. Bunlar hələ rəsmi rəqəmlərdir. Reallıqda artım daha çox olub. Belə artım qarşığılında minimum əmək haqqı 10,5 faiz artıb. Yəni qiymətlərin artım tempi minimum əməkhaqqının artım tempini üstələyir. Bununla yaşayış minimumu 155 manata qaldırıldı. Əslinə qalsa yaşayış minimumu ilə minimum əmək haqqı bərabər olmalıdır. Çünki yaşayış minimumu əhalinin fizioloji mövcudluğu üçün tələb olunan xərclərin məcmusudur. Yaşayış minimum elə bir həddir ki, ondan aşağı qazancla insanın yaşaması mümkün deyil. Minimum əməkhaqqının da məqsədi məhz budur. Bu baxımdan minimum əməkhaqqı ən azı 155 manat olmalıdır”.

İqtisadçı hesab edir ki, ümumiyyətlə, bu gün minimum əməkhaqqına yanaşma dəyişməlidir:

“İlk növbədə, vahid minimum əməkhaqqı məbləğindən imtina edilməli, əksər ölkələrdə olduğu kimi əməyin ödənişin minimal məbləğinin sahəvi sisteminə keçilməlidir. Yəni ayrı-ayrı sektorlar üzrə minimum əməkhaqqının məbləği fərqli olmalıdır. Təhsil sektorunda işləyənlərlə kimya sənayesində çalışanların minimum əməkhaqqı fərqlənməlidir. İkincisi, minimum əmək haqqının aylıq yox, dünyada tətbiq edilən saatlıq müəyyənləşdirilməsi sisteminə keçilməlidir. Üçüncüsü, minimum əməkhaqqının məbləği əhəmiyyətli dərəcədə artırılmalıdır. Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyasına görə, minimum əmək haqqı orta aylıq əmək haqqının 60 faizini təşkil etməlidir. 2016-cı ilin sonuna orta maaş təxminən 494,3 manata bərabər olub. Bu halda minimum məvacib təxminən 297 manat olmalıdır”.

NatiqCeferliasdgvbhjklmnbvcxzqwertyuio

Onun həmkarı Natiq Cəfərli sərəncamların qanunda nəzərdə tutulmuş formada imzalandığını bildirib. Qanuna görə, rəsmi inflyasiyaya qədər indeksləşmə aparılmalıdır.

N.Cəfərlinin qənaətincə, bu məsələdə əsas sual rəsmi inflyasiyanın doğru hesablanmasıdır:

“Yəni rəsmi inflyasiya doğru hesablanırmı ki, indeksləşmə aparılanda vətəndaşlara yetərli olsun. Təəssüf ki, Azərbaycanda statistika kifayət qədər siyasiləşib. Məntiqi yanaşaq, 2015-ci ildə manat iki dəfə dəyərdən düşübsə, ötən il milli valyutanın 14-15 faizlik dəyərdən düşməsini nəzərə aldıqda, 12 faizlik inflyasiyanın olması ehtimalı inandırıcı deyil. Ərzaq inflyasiyasının kifayət qədər yüksək olduğunu nəzərə alsaq, aztəminatlı ailələrə, pensiyaçılara bu səviyyədə kompensasiya kifayət etməyəcək. Çünki həmin insanların əsas xərcləri qidaya gedir. Rəsmi rəqəmlər də göstərir ki, pensiyaçıların və minimum maaş alanların əməkhaqqının 70 faizi ərzağa xərclənir. Ərzağın qiyməti isə rəsmi rəqəmlərdə 15 faiz olsa da, qeyri-rəsmi hesablamalarda iki dəfədən çox olduğu göstərilir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi