Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyevi 65 illik yubileyi münasibətilə təbrik edib.
"Azia.az" QHT.az-a istinadən təbrik məktubunun mətnini təqdim edir:
“Hörmətli Umud müəllim!
Sizin rəhbərliyiniz altında fəaliyyət göstərən Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) yalnız ölkəmizdə deyil, ölkəmizin sərhədlərindən kənarda da informasiya şəffaflığının təmin olunması, vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində əvəzsiz rol oynayıb, Azərbaycan QHT-ləri və media nümayəndələri üçün qlobal platformalarda iştirak imkanı yaradıb.
Sizin yalnız media sahəsində deyil, ümumilikdə vətəndaş cəmiyyətinin formalaşmasında, insan hüquqları, sosial layihələr və ictimai təşəbbüslərin həyata keçirilməsində xüsusi rolunuz olub. Agentliyin donorluğu ilə icra etdiyiniz layihələr davamlılığı, nəticəyönümlüyü ilə seçilib və təsadüfi deyil ki, BAMF bu gün regionun problemlərinə həssas yanaşan, sülhə, həmrəyliyə və ədalətə töhfə verən nüfuzlu qeyri-hökumət təşkilatına çevrilib.
Əminlik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi və həyata keçirilən Böyük Qayıdış prosesi, Qarabağda illər boyu göstərdiyiniz fəaliyyətə verdiyiniz mənəvi töhfələrin daha da güclənməsinə və yeni təşəbbüslərlə davam etməsinə səbəb olacaq.
Hörmətli Umud müəllim!
Sizi 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik!
Ümidvarıq ki, dərin vətənpərvərlik hissiniz, cəmiyyət qarşısında daim məsuliyyətli mövqeyiniz, yaradıcılıq enerjiniz və fədakar fəaliyyətiniz heç zaman tükənməyəcək!
Sizə möhkəm can sağlığı, uzun ömür və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı naminə fəaliyyətinizdə uğurlar arzu edirik!
Hörmətlə,
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva”