QHT sədri: Biz ədalətli araşdırma və tərəfsiz mövqe tələb edirik
Azərbaycan bütün platformalarda beynəlxalq təşkilatlardan istənilən mövzu ilə bağlı ədalətli araşdırma və tərəfsiz mövqe tələb edir. Martın 10-da Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qəbul etdiyi qətnamə mahiyyət etibarilə Azərbaycana qarşı növbəti dəfə böhtan xarakterli və həqiqətən uzaq məqamları özündə ehtiva edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
“Ötən 30 ildə Qarabağda və ətraf ərazilərdə mədəni irsimiz məhv edilib. Azərbaycan dövləti, vətəndaş cəmiyyəti təşkilatları bu faktların yerində araşdırılması ilə bağlı beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər ünvanlayıblar. Gözümüzün önündə minilliklərin yadigarı, tariximizin, mədəniyyətimizin bir hissəsi olan mədəni irsimizə qarşı soyqırımı törədilirdi. Avropa Parlamentinin, UNESCO-nun və digər beynəlxalq qurumların səsi çıxmırdı. Azərbaycan Ordusu torpaqlarımızı işğalçılardan təmizlədikdən sonra həmin ərazilərdə ermənilərin törədikləri vandalizmi əyani müşahidə etdik. Həmin dövrdə bir daha dünyaya səsləndik: “Gəlin, görün və qiymət verin! Amma təəssüf bu həqiqətləri görmək istəyən tapılmadı. Həmin ərazilərdə məhv edilən mədəni-dini abidələrin sayı yüzlərlədir. Təkcə Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Dağıdılan şəhərlər, kəndlər, qədim insan məskənləri tariximiz və mədəni irsimiz deyilmi?”, - deyə Cəsarət Hüseynzadə qeyd edib.
O bildirib ki, Azərbaycan olaraq bu faktların və bununla bərabər istənilən faktların araşdırmasının tərəfdarıyıq. Son 30 ildə qədim alban–xristian abidələrinin necə erməniləşdirilməsi araşdırılsın. Azərbaycan mədəni irsinin yüzlərlə nümunəsinin məhv edilməsi ilə bağlı faktlar fonunda Avropa Parlamentinin heç bir sübut və dəlilə əsaslanmayan mövqeyi hiddət doğurur. Bu qətnamənin beynəlxalq münasibətlərin çox ağır dövründə qəbulu xüsusilə məyusluq yaradır. Hazırda dünyanın separatizmdən əziyyət çəkdiyi şəraitdə bu qətnamə mahiyyət etibarilə separatizmə dəstək xarakteri daşıyır.