Türkiyə iç savaşa, Cənubi Qafqaz isə nüvə zərbəsinə məruz qala bilər
Türkiyəyə qarşı növbəti həmlə ehtimalı - bu qardaş ölkə daxili xaosa sürüklənə bilər; “Qafqaz üçlüyü” regional təhlükə risklərindən duyuq düşüb; Savaşın əsas ağırlıq mərkəzi Azərbaycanın üzərinə düşə bilər
Məğlub tərəf rəqibin qələbəsini sıfırlamaq üçün “Metsamor” AES-i partlada bilər
Türkiyədə cərəyan edən son hadisələr bir çox önəmli məqamların ortaya çıxmasına səbəb oldu. Və bu önəmli məqamlar yalnız Türkiyənin yerləşdiyi bölgədə deyil, həm də ona qonşu olan regionlarda, eləcə də beynəlxalq səhnədə supergüclər arasındakı savaşı özündə əks etdirir. Hətta belə düşünmək mümkündür ki, supergüclər arasındakı dünya hegemonluğu uğrunda amansız və güzəştsiz savaşın bəzi konkret hədəfləri artıq deşifrə olunub.
Düzdür, indiki situasiyada Türkiyə faktiki olaraq, təhlükəli xarici təcavüzdən xilas olmuş kimi görünür. Ancaq baş verənlərə daha diqqətlə yanaşdıqda bu situasiyanın müvəqqəti xarakter daşıdığı qətiyyən şübhə doğurmur.
Çünki qardaş ölkədə yaşananlar birmənalı olaraq, supergüclərin dünya hegemonluğu uğrunda mübarizəsinin Türkiyə mərhələsidir. Və bu mərhələni yekunlaşdırmadan növbəti etapa keçid ehtimalı inandırıcı deyil.
Türkiyəyə qarşı növbəti həmlə ehtimalı...
Belə anlaşılır ki, Türkiyənin üzləşə biləcəyi növbəti həmlə o qədər də uzaqda deyil. Tezliklə fərqli formatda yeni həmlənin edilə biləcəyi tamamilə realdır. Türkiyə üzərində aparılan beynəlxalq rametmə əməliyyatının arsenalında daha hansı gizli şəbəkənin və mexanizmin mövcudluğu isə yalnız növbəti həmləyə start veriləndə aydınlaşa bilər.
Əslində Türkiyənin məruz qaldığı bu beynəlxalq əməliyyat o qədər də gözlənilməz və təəccüblü də deyildi. Hər halda, vaxtilə dünya hegemonluğu uğrunda savaşın Ukrayna, Türkiyə və Cənubi Qafqaz üzərindən aparıldığını yazmışdıq. Və Ukraynadan sonra növbəti hədəfin məhz Türkiyə ola biləcəyini proqnozlaşdırmışdıq.
Çox təəssüf ki, indi bu proqnozumuz reallığa çevrilməyə başlayıb. Əgər Türkiyə ələ keçirilmiş olsaydı, bu dəfə növbəti hədəf Cənubi Qafqaz olacaqdı və savaşın əhatə dairəsi qapanacaqdı. Ancaq Ərdoğan hakimiyyətinin bu fəlakəti müvəqqəti də olsa, önləyə bilməsi Cənubi Qafqazı da hələ ki hədəfə çevrilməkdən yayındırıb.
Ancaq yenə də təəssüflə qeyd edək ki, ümumi təhlükə qətiyyən sovuşmayıb və böyük ehtimalla tezliklə ssenarinin ehtiyat, bəlkə də ən əsas variantı işə salına bilər.
Hərbi çevriliş cəhdinin asanlıqla yatırılması müəmmalıdır
Türkiyəyə qarşı ehtiyat variantlardan danışmazdan öncə istər-istəməz 15 iyulda baş vermiş hərbi çevrilişə cəhdlə bağlı da fərqli ehtimallara da diqqət yetirmək lazım gəlir. Hər halda, çevriliş cəhdinin niyə baş tutmaması və təşkilatçıların hansı səbəbdən bu qədər bəsit ssenari üzrə hərəkət etmələri bir qədər düşündürücüdür.
Məsələ ondadır ki, hərbi çevrilişə cəhdin arxasında xarici xüsusi xidmət servislərinin olması barədə iddialar ön plandadır. Amma bu halda çevriliş cəhdinin uğur qazanma ehtimalı yüzdə 99 faiz həddində olmalıydı. Çünki xarici xüsusi xidmət servislərinin çevriliş ssenariləri əksər hallarda reallaşmış olur. Və belə ssenarilərin qarşısını almaq demək olar ki, imkansız xarakter daşıyır. Bu baxımdan, əgər çevriliş cəhdi doğrudan da uğursuz olubsa, deməli, Gülən şəbəkəsi sahib olduğu iddia edilən xarici dəstəyi mütləq itirəcək. Çünki xarici xüsusi xidmət servisləri (xüsusilə də CİA) məğlubları sevmirlər və onların ssenarilərində yer alıb, uğur qazana bilməyənlərin arxasında dayanmırlar. Yəni verilən tapşırığı yerinə yetirə bilməyənləri dərhal tərk edirlər.
Ona görə də bu çevriliş cəhdinin uğurlu olub-olmaması ABŞ-ın F.Gülənin təhvil verilməsi ilə bağlı Türkiyənin israrlı tələblərinə yönəlik yekun qərarından sonra tam dəqiqləşəcək. Əgər ABŞ indiki mövqeyindən geri çəkilməzsə, deməli, “hərbi çevrilişə cəhd” ssenarisi əslində uğurlu olub və öz hədəflərinə çatıb.
“Hərbi çevriliş cəhdinin Sissisi” niyə hələ də məlum deyil?
Əslində bunun hakimiyyətin devrilməsinə hədəflənmiş hərbi çevriliş cəhdi olmasına şübhə yaradan müəyyən məqamlar da var. Məsələn, “hərbi çevriliş cəhdinin Sissisi” hələ də məlum deyil. Misirdə hərbi çevriliş ediləndə orduya general Əbdülfəttah Xəlil əl-Sissi rəhbərlik edirdi. Və o, hakimiyyəti ələ keçirtmək istədiyini qətiyyən gizlətmirdi.
Ancaq Türkiyədə hərbi çevriliş cəhdinin başında duran birinci şəxsin kimliyi hələ də müəmmalıdır. Hərbi çevrilişdən sonra Türkiyəni kimin idarə etməsinin nəzərdə tutulduğu da doğru-düzgün məlum deyil.
Düzdür, bir müddət öncə MHP-ni parçalamağa cəhd göstərmiş Meral Akşener çıxışlarının birində iyunun 15-dən sonra baş nazir olacağını açıq mətnlə bəyanlamışdı. Eyni zamanda müəllifi Atatürk olan “Yurdda sülh, cahanda sülh” şüarını səsləndirmişdi.
İndi məlum olur ki, xanım Akşener əslində həmin mitinqdə yaxınlaşan hərbi çevrilişə cəhdin şifrələrini açıqlayıbmış. Hərbi çevriliş cəhdinin təşkilatçıları da hakimiyyətə əl qoyduqlarını “Yurdda Sülh Konseyinin bəyanatı ilə elan etmişdilər”.
Ancaq Akşenerin “Türkiyənin Sissisi” olmasının nəzərdə tutulması qətiyyən inandırcı görünmür. Çünki belə bir nəhəng hərbi oyunun məhz bu qadının hakimiyyətə gətirilməsi üçün qurulmasına yalnız sadəlövhlər inana bilərlər. Böyük ehtimalla bu qadından, sadəcə, hazırlıq təbliğatı üçün istifadə edilmiş ola bilər.
Türkiyədə vətəndaş müharibəsi üçün zəmin yaratmağa cəhd göstərildi
Bütün bunları nəzərə aldıqda, hərbi çevrilişə cəhdin hədəf və məqsədləri bir qədər şübhəli xarakter daşıyır. Belə ehtimal etmək olar ki, hərbi hərəkətlənmə öz hədəfinə artıq çatıb. Çünki bu olayın qarşısı gözlənildiyindən daha asanlıqla alınsa da, əslində Türkiyəyə kifayət qədər əlavə ciddi problemlər qazandırdı.
Hazırda Türkiyə ordusu nüfuzdan salınıb, vətəndaşlar hərbçilərə artıq etibar etmirlər. Eyni zamanda ordu-vətəndaş və ordu-polis qarşıdurması da yaranıb. Hətta vətəndaşlar, polislər və bələdiyyələrin işçi texnikası hələ də hərbi bazaların qarşısında növbə çəkirlər. Tankların növbəti dəfə hərbi bazalardan çıxma təhlükəsini önləməyə çalışırlar.
Halbuki bu, tamamilə əhəmiyyətsiz bir addımdır. Çünki əgər tankçılar hərbi bazadan çıxmaq əmri alarlarsa, onların tanklarının qarşısını heç nə ilə almaq mümkün deyil. Yəni 60 tonluq müasir tanklar hərbi bazanın istənilən istiqamət üzrə divarlarını asanlıqla dağıdıb, şəhərə çıxa bilərlər.
Bu baxımdan, hərbi bazaların qarşısında barrikadaların hələ də saxlanması tamamilə yersiz davranışdır. Və böyük ehtimalla hərbi çevrilişə cəhdin təşkilatçıları da elə yaxın gələcək üçün Türkiyədə orduya etimadsızlıq mühitinin yaradılmasını hədəfləyiblər. Buna böyük ölçüdə də nail olublar.
Türkiyə ölkədaxili xaosa sürüklənə bilər
Deməli, bütün bunların arxasında tezliklə Türkiyəni daxili savaşa və xaosa sürükləmək planı da gizlənmiş ola bilər. Və bu, tamamilə inandırıcı görünür.
Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Türkiyənin yaxın gələcəyi üçün vətəndaş müharibəsi ssenarisinin işə salına biləcəyi tamamilə inandırıcıdır. Çünki belə bir ssenarinin uğur qazanması üçün məlum şəbəkələrin səylər sayəsində artıq kifayət qədər “toxumlar” səpilib. Həm cəmiyyət təbəqələşərək parçalanıb, həm ordu vətəndaşların əsas güvənc ünvanı olmaqdan çıxarılıb, həm də ordu və polis arasında ziddiyyətlər yaradılıb. Eyni zamanda bu istiqamətdə əlavə problemlər də mövcuddur.
Belə anlaşılır ki, dünya hegemonluğu uğrunda savaşın Türkiyə mərhələsində əsas hədəf bu qardaş ölkənin Suriya, İraq və ümumiyyətlə, Yaxın Şərqdə reallaşdırılan xaos ssenarisinə “inteqrasiya” etdirilməsidir. Baş tutacağı təqdirdə, Yaxın Şərqdə “alova bürünmüş xaos məkanı” Türkiyə ərazisi qədər böyüyə bilər.
Əgər bu ssenarini reallaşdırmağa nail olarlarsa, növbəti hədəf region Cənubi Qafqazın olacağı qətiyyən şübhə doğurmur. Çünki dünya hegemonluğu uğrunda savaşın strateji məkanları olan Ukrayna və Türkiyədən sonra Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionlarının da tam, həm də şəriksiz nəzarətə alınması əsas şərt kimi önə çıxacaq. Bu halda, “yanğın” bizim regiona da sıçraya və Cənubi Qafqaz da “alova bürünmüş xaos məkanı” ola bilər.
“Qafqaz üçlüyü” təhlükədən duyuq düşmüş kimi görünür
Onu da qeyd edək ki, bunun üçün Cənubi Qafqazda kifayət qədər ciddi stimullaşdırıcı faktorlar da yetişdirə biliblər. Və yəqin ki, Cənubi Qafqaz ölkələri, xüsusilə də, Azərbaycan dövləti bu həssas məqama diqqəti artırmalı olacaq.
Onu da qeyd edək ki, son vaxtlar rəsmi Bakı Cənubi Qafqazı gözləyən təhlükələrdən narahat olduğunu müxtəlif variantlarda biruzə verir. Hətta bu təhlükələrin qarşısını vaxtında ala bilmək üçün müəyyən preventiv addımlar da atmağa çalışır.
Belə addımlara misal kimi, Azərbaycan prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü və təşkilatçılığı ilə paytaxt Bakıda yeni “Qafqaz üçlüyü”nün-Azərbaycan, Rusiya və İranın dövlət başçılarının sammitini göstərmək olar. Həmin sammitdə prezident İ.Əliyev Cənubi Qafqaz regionu üçün təhlükə riskinin həmişə olduğunu, son vaxtlar isə daha da artdığını açıq mətnlə gündəmə gətirdi.
Bu baxımdan, prezidentlərin sammitini regionun təhlükə risklərindən qorunması istiqamətində səylərin birləşdirilməsi üçün atılan önəmli addımlardan hesab etmək olar. Və yəqin ki, yaxın gələcəkdə bu səylər daha da intensivləşdiriləcək.
Eyni zamanda münasibətləri “vurulmuş təyyarə böhranı” ilə müəmmalı şəkildə pozulmuş Türkiyə və Rusiyanın yenidən barışaraq, “qoparılmış ipləri düyünləməyə” başlamaları dünya hegemonluğu uğrunda savaşda müdafiə sisteminin gücləndirilməsinə yardım edə bilər. Böyük ehtimalla yaxın gələcəkdə bu istiqamətdə situasiyanın nə qədər ciddi və təhlükəli olduğu aydınlaşmağa başlayacaq.
Üstəlik, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bir müddət öncə Cənubi Qafqazın gələcək taleyi ilə bağlı qorxunc açıqlaması daha ehtiyatlı və diqqətli davranmaq zərurəti yaradır. Belə ki, S.Şoyqu yaxın vaxtlarda Cənubi Qafqazın xaosa bürünəcəyini, Suriya və İraqın taleyini yaşayaca biləcəyini açıq mətnlə bəyanlamışdı. Rusiyanın müdafiə nazirinin kifayət qədər ciddi məlumatlara malik şəxs olduğunu nəzərə aldıqda, region üçün yaxınlaşan təhlükənin səviyyəsini təsəvvür etmək çətinlik törətmir.
Regional savaşın əsas ağırlıq mərkəzi Azərbaycanın üzərinə düşə bilər
Təbii ki, bu savaş məkanında əsas regional oyunçu rolunda məhz Azərbaycanın çıxış edə biləcəyi qətiyyən istisna deyil. Çünki Gürcüstan və Ermənistan Cənubi Qafqazdakı geopolitik proseslərdə “sehirli çubuq” vasitəsilə hərəkət edən təsirsiz dövlətlərdir. Bunun əksi olaraq, Azərbaycan isə superdövlətlərin Cənubi Qafqazdakı maraqları arasında balans siyasəti ilə manevr etmək imkanlarına və hüquqlarına sahib olan regional liderdir. Bu baxımdan, savaşın əsas ağırlıq mərkəzinin məhz Azərbaycanın üzərinə düşə biləcəyi qətiyyən istisna deyil. Və bundan narahat olmaq üçün ciddi əsaslar mövcuddur.
Şübhəsiz ki, dünya hegemonluğu uğrunda savaşın Cənibi Qafqaz mərhələsinin hansı hərbi-siyasi, maliyyə-iqtisadi və ideoloji alətlər üzərindən reallaşdırılacağı barədə qəti fikir bildirmək hələ bir qədər tezdir. Aydın olan yeganə əsas məqam odur ki, belə bir regional savaş qaçılmaz xarakter daşıyır. Və hələlik bunun ilkin əlamətləri sezilir.
Ancaq savaş real görüntülər aldıqda, regionun “alova bürünə” biləcəyi və xaosa sürüklənəcəyi şübhə doğurmur. Çünki bu savaşın nəticələri və qalibi aydınlaşmadan nəhəng bir beynəlxalq toqquşmanın yekunlaşması mümkün deyil.
Böyük ehtimalla savaşın sonunda supergüclərdən biri mütləq qalib və Cənubi Qafqazın şəriksiz sahibi ola bilər. Region üçün ən təhlükəli məqam da elə məhz budur. Çünki məğlub olan tərəf dünya hegemonluğu uğrunda savaşdan kənarlaşacaq. Öz beynəlxalq mövqelərini qalib rəqibin xeyrinə itirmiş olacaq. Və sonrakı mərhələdə dünya üçün əhəmiyyətsiz siyasi məkan statusu qazanacaq.
Məğlub supergüc “Metsamor” AES-i partlatmaqla, rəqibin qələbəsini sıfırlaya bilər
Təbii ki, supergüclərdən heç birisi özləri üçün belə fəlakət ssenarisini qəbul etməz. Və rəqibin Cənubi Qafqazda tam qələbəsi ilə barışıb, buna imkan verməz.
Deməli, məğlub supergüc belə bir situasiyada rəqibin mütləq qələbəsini sıfırlaya biləcək hansısa mexanizmi işə salmaq məcburiyyətində qala bilər. Qeyd edək ki, əslində Cənubi Qafqazda belə bir mexanizm rolunu oynaya biləcək təhlükəli obyekt mövcuddur.
Belə ki, Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası (AES) Cənubi Qafqaz regionuna yerləşdirilən real nüvə bombasıdır. Bu baxımdan, savaşda ümidsiz məğlubiyyətə uğramış supergücün xüsusi xidmət servisləri həmin AES-i partlatmaqla, həm Cənubi Qafqazı nüvə zərbəsinə məruz qoya, həm də bu regionu rəqib supergüc üçün yararsız və itirilmiş savaş məkanına çevirə bilərlər.
Bu təhlükə reallaşacağı təqdirdə, Cənubi Qafqaz regionu üçün hansı qorxunc nəticələri vəd etdiyini təsəvvür etmək o qədər də çətin deyil. Ona görə də Azərbaycan dövləti bu AES-in birdəfəlik bağlanaraq, region üçün zərərsizləşdirilməsi məqsədilə bütün mümkün beynəlxalq təzyiq rıçaqlarının işə salınmasına çalışmalıdır.
Elçin XALİDBƏYLİ(musavat.com)