Rusiya müharibəyə qatılsaydı nə baş verəcəkdi? - MİLLƏT VƏKİLİ AÇIQLADI
"Rusiya ilə ciddi iş aparmadan, onun neytral qalacağına əmin olmadan torpaqların işğaldan azad olunması üçün hərbi əməliyyatlara başlamaq çox riskli və dövləti ciddi təhlükə altına atmaq olardı".
Azia.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev deyib. O bildirib ki, Prezident İlham Əliyev dövlətçiliyimiz üçün ən uğurlu qərarı qəbul edib:
“Gəlin 1990-cı ildə öz torpaqlarının müdafiəsinə qalxmış dinc insanlarımızı Kremlin tankın altına salıb gülləbaran etməsini yada salaq. Qərb Qorbaçovu alqışladı ki, dini ekstremizmə qarşı yaxşı mübarizə aparırsan. Birinci Qarabağ savaşını yada salaq. 1992-ci ilin dekabrında ABŞ Azərbaycana dövlət yardımını qadağan edən sanksiya tətbiq etdi. BMT TŞ torpaqlarımızın işğalının qarşısını almaq üçün onun qərarlarını tualet kağızı hesab edən Ermənistana qarşı heç bir effektli tədbir görmədi. Öz ata-baba yurdundan didərgin salınmış 1 milyon insanın 30 il ağır bir həyat yaşamasına, 20% torpaqlarımızın işğal altında qalmasına, şəhər və kəndlərimizin dağıdılmasına, işğal altındakı bəzi yaşayış məntəqələrimizdə qanunsuz məskunlaşdırılmaya “mədəni və ədalətli” Qərb dünyası göz yumdu. Ona görə gecə-gündüz Prezidentin bu addımını tənqid edənlər desinlər ki, onlar torpaqlarımızı necə azad edəcəkdilər”.
Millət vəkili bildirib ki, Rusiya bu münaqişəyə qatılsaydı, kiçik istisnalarla bütün Qərb ölkələri, bəzi dövlətlər Ermənistana hər cür açıq hərbi yardım edəcəkdilər:
“"Biz Xankəndinə çatmışdıq, niyə dayandıq” deyənlər düşünsünlər ki, Xankəndinə qədər necə gedib çatmışdıq? Rusiya bu münaqişəyə qatılsaydı, kiçik istisnalarla bütün Qərb ölkələri, bəzi dövlətlər Ermənistana hər cür açıq hərbi yardım edəcəkdilər. Böyük dövlətlərin qatıldığı müharibə nəticəsində ölkəmiz viran qalacaqdı. Həm də qardaş Türkiyəni Rusiya ilə müharibəyə cəlb etmək nə qədər vicdanlı davranış olardı?”.