azia.az
azia.az

Qarabağla bağlı təmas qrupu Azərbaycana nə verəcək?

15-04-2016, 16:11

Qarabağla bağlı təmas qrupu Azərbaycana nə verəcək? Qarabağla bağlı təşkil edilən təmas qrupu rəsmi İrəvana qarşı bir təzyiq vasitəsidir.

İslam Əməkdaşlığı Təşkilatının İstanbulda keçirilən son iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təmas qrupu yaradılması haqqında qərar qəbul edilib. İclasda çıxış edən prezident İlham Əliyev bu qərara görə sammit iştirakçılarına təşəkkürünü bildirib.
“Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır. Onlardan biri də aprelin əvvəllərində törədilib”, - deyən prezident əlavə edib ki, münaqişə ilə bağlı İƏT xarici işlər nazirləri səviyyəsində təmas qrupu yaradılır.
Yeni yaradılan təmas qrupundan əvvəl Dağlıq Qarabağ münaqişəsinin həllini hədəfləyən minlərlə görüş və müzakirələr keçirilib. Hətta 1992-ci ildə ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün yaradılsa da bu illər ərzində yaradılan qruplar, qəbul edilən qətnamələr və həmçinin keçirilən görüşlər, demək olar ki, heç bir nəticə verməyib.
"Təmas qrupu münaqişənin həllinə Minsk qrupu qədər təsir edə bilməz".
Amma yeni təmas qrupunun təşkil edilməsi Azərbaycan Ordusunun hərbi əməliyyatlarından sonrakı dövrə təsadüf edir. Bəs bu qrup münaqişənin həllinə necə təsir edə bilər?
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, yeni qrup Ermənistana əlavə bir təzyiq vasitəsidir. Çünki İƏT Azərbaycana ən çox dəstək verən təşkilatlardan biridir.
"Təşkilat üzvləri hər yığıncaqda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələr qəbul edirlər. Həmçinin Azərbaycanın Ermənistana qarşı cavab tədbirlərindən sonra İƏT-lə yanaşı qərb ölkələrinin də diqqəti münaqişəyə cəlb edilib. Onlar açıq formada Ermənistan ordusunun Qarabağ ətrafında 7 rayonun boşaldılmasını dilə gətirirlər. İslam Əməkdaşlıq Təşkilatının bu prosesə qoşulması, Azərbaycanın mövqelərini diplomatik cəhətdən möhkəmləndirir”, - deyə Elxan Şahinoğlu bildirdi.
Ekspert bildirdi ki, qrup üzvləri BMT və digər təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqe ortaya qoya bilərlər. Məlumdur ki, münaqişənin həllini ATƏT-in Minsk qrupunun vasitəçiləri (Rusiya, Fransa, ABŞ) öz üzərinə götürüb. Amma hazırkı məqamda onların səyləri bir nəticə verməyib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Rasim Musabəyov bildirdi ki, təmas qrupu münaqişənin həllinə Minsk qrupu qədər təsir edə bilməz. “Çünki Ermənistan müsəlman dövləti deyil və həmçinin qrup Azərbaycan tərəfinə dəstək kimi yaradılır. Vasitəçilik üçün hər iki tərəflə normal əlaqələr qurulmalıdır. Məsələn, Türkiyə ATƏT-in və Minsk qrupunun üzvüdür. Amma Ermənistanla normal münasibətləri yoxdur”, - deyə Rasim Musabəyov qeyd etdi.
Millət vəkili bildirdi ki, bu qrup İƏT-in iclaslarından sonra da Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılmasına və beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə keçirilən səsvermələr zamanı ölkəmizin mövqeyinin müdafiə edilməsinə imkan verir.
İslam ölkələrinin münaqişənin həllinə cəlb edilməsi isə Ermənistanın mövqelərinə uyğun gəlmir. Çünki aprelin 2-dən 5-nə qədər davam edən döyüşlərdə Azərbaycan Ordusunun açıq üstünlüyü hiss edildi.
Döyüşlər nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Belə bir vaxtda Ermənistan Rusiyanın da nəzərəçarpan dəstəyini hiss etmədi. Bu, İrəvanda rəsmi Moskvaya qarşı açıq etirazların yaranmasına səbəb oldu. Ən güclü müttəfiqini itirməkdə olan Ermənistana yeni təzyiq vasitəsinin yaradılması isə onun mövqelərini daha da zəiflədir. Amma bu, o demək deyil ki, təmas qrupundakı dövlətlərin hər biri Azərbaycanın mövqelərini dəstəkləyəcək. Çünki təşkilatda həm Ermənistanla diplomatik əlaqələri olan İran, Misir, İordaniya, Livan kimi dövlətlər, həm də Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq edən Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi