Bu şəxslər avtobusdan pulsuz istifadə edə bilərlər
Yaxın günlərdə şagirdləri və valideynləri sevindirmək mümkün olacaq.
Azia.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa şagirdlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə bağlı valideynlərin qaldırdığı problemin həllindən danışarkən deyib.
O qeyd edib ki, əslində, müəllimlər gününə ən böyük hədiyyə şagirdlərin istisnasız olaraq ictimai nəqliyyatdan ödənişsiz istifadəsi haqqında qərar ola bilərdi, çünki bu qərar ən çox müəllimləri sevindirə bilərdi:
"Dərsə sıxıntı içində gələn, yaxud imkansızlıqdan dərsə gələ bilməyən şagirdləri ilk anlayan şəxs müəllimdir. Bu qərarın verilməsi məktəblərdə dərs atmosferinə də müsbət yöndən təsir edəcək. Artıq əsas qurumlara müraciətimiz tamamlandı. Bütün yönləri ilə məsələni əsaslandırmağa çalışdıq. Bu gün məktəbdən kənarda uşaq qalmamalıdır. Uşağın məktəbə çatdırılmasının yükünü yaşayış səviyyəsi aşağı olan valideynlərin boynuna qoymaq olmaz. Dövlət mütləq bu yükü götürməlidir".
Fazil Mustafa bildirib ki, məktəbli paltarında olan hər bir uşaq yaşından asılı olmayaraq ictimai nəqliyyatdan istifadəyə görə pul ödəməməlidir:
"Çox az uşaq olar ki, dərsdən kənar vaxtda məktəbli forması geyib ictimai nəqliyyata minsin. Bizim təklifimiz məhz məktəbli formasında məktəbə gedib-gələn uşaqlara aiddir. Nəqliyyat qurumlarının zərərinin kompensasiyasını da büdcədən təmin etmək mümkündür. Düşünürəm ki, hökumət tərəfindən bu zəruri addım yaxın zamanlarda atılacaq, həm şagirdlərimizi, həm də valideynlərimizi sevindirmək mümkün olacaq".