“Rifah Plaza” MMC insanlara cəhənnəm əzabı yaşadır-Nəsimi Rayon İcra Hakimiyyəti ilə birlikdə+FOTOLAR, VİDEO
Azia.Az təqdim edir: Redaksiyamıza Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 8, m.5-də qeydiyyatda olan, Nərimanov rayonu, Arif Heydərov küçəsi 23, mənzil 4 ünvanında yaşayan Əliyeva Gülparə Yolçu qızının şikayət məktubu daxil olub. Vətəndaş məktubunda “Rifah Plaza” MMC tərəfindən qarşılaşdığı haqsızlıqlardan və bu səbəbdən də acınacaqlı durumda yaşamasından bəhs edir. Müraciətdə “Rifah Plaza” MMC ilə bərabər Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə yönələn iddialar da yer alır. Biz bəlli qayda və prinsiplərə uyğun olaraq həm “Rifah Plaza” MMC-nə, həm də Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə online sorğu ünvanladıq. Təəssüf ki, bir həftə ötməsinə baxmayaraq heç bir tərəfdən cavab ala bilmədik(?) Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
“1988-ci ildə yaşadığımız qədim ata-baba yurdumuzdan mənfur qonşularımız tərəfindən didərgin düşmüşük. Elə həmin vaxtdan bu günədək qeydiyyatda olduğumuz ünvanda yaşayırdıq. Əfsuslar olsun ki, 2014-cü ildən bugunədək Əli Həsənov adlı şəxs həyatımızı cəhənnəmə çevirərək, bizi demokratik yaşamaq hüququmuzdan məhrum edib. Belə ki, Əli Həsənov adlı şəxs 2004-cü ildə yaşadığımız məhəllənin bir hissəsini alaraq orada hündürmərtəbəli yaşayış binası tikdirməyə başladı. Həmin vaxtlar satılmış evlərdə söküntü aparılsa da bizə məlum olmayan səbəbdən tikinti işləri aparılmadı.Lakin 2016-cı ilin sentyabr ayından Əli Həsənov yenidən peyda olaraq, bizlərə evimizi Nəsimi RİH-nin başçısından alaraq, evlərimizi sökəcəyini bildirdi. Onun təklif etdiyi və qoyduğu şərtlərlə razılaşmadıqda isə Ə.Həsənov bizi hədəliyərək, təzyiqlər edərək kommunal xidmətləri- qaz, işıq, su xətlərini kəsdirdi. Qış fəslində 3 ay soyuq hava şəraitində bizi özünün şərtləri ilə razılaşmağa məcbur edirdi. Daha sonra səhhətimdə yaranan problemlərlə əlaqədar ağır əməliyyat keçirdim və 2 gün sonra xəstəxanadan evə qayıtdıqda gördüm ki, Ə.Həsənov tərəfindən əşyalarımız həyətə atılıb və evimiz sökülüb. Sonda aramızda yaranan mübahisəni Nəsimi Rayon Məhkəməsinin 2(006)-2811/2019 saylı iş üzrə 03 avqust 2017-ci il tarixli qərardadı ilə yekunlaşdırdıq. Məhkəmə qərardadına əsasən Ə.Həsənova məxsus “Rifah Plaza” MMC mülkiyyətimizdə olan fərdi yaşayış evini sökərək yerində inşa edəcəyi hündürmərtəbəli yaşayış binasından ümumi sahəsi 120 kv. metr təşkil edən 3 otaqlı təmirli mənzili bizə təhvil verməli idi. 2019-cu ilin may ayınadək mənzillər təhvil verilməli olsa da, bu günədək mənzilimizi ala bilməmişik.
Mənzilin gec verilməsi bizi narahat etmirdi. Lakin bizə veriləcək mənzillərlə yerində tanış olan zaman qarşı tərəfin bizə mənzil vermək yox, bizi ələ saldığının şahidi olduq. “Rifah Plaza” MMC tərəfindən mənə təklif edilən mənzil layihədə göstərilən kimi deyil, ümumiyyətlə yaşayış üçün əlverişsiz bir layihə idi. Mənzilin ümumi sahəsinin demək olar ki, yarısı dəhlizdən ibarətdir, eyni zamanda 3 otaqlı deyil 2 otaqlı mənzildir. Bununla əlaqədar olaraq, 12 noyabr 2019-cu il tarixində Nəsimi RİH-in başçısı Asif Əsgərovun qəbulunda oldum.. Başçı söz verdi ki, qısa vaxt ərzində mübahisə həll ediləcək. Həmin tarixdən sonra dəfələrlə Nəsimi RİH-də qəbulda olsam da, heç bir nəticə əldə edə bilməmişəm” .(Yenixeber.org)
Redaksiyadan: Mövzunun davamı olacaq.