Azərbaycan Respublikası Dövlət Neft Fondu London Qatvik hava limanına 50 milyon funt sterlinq həcmində investisiya edib
Azərbaycan Respublikası Dövlət Neft Fondu London Qatvik hava limanına 50 milyon funt sterlinq həcmində investisiya edib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən Azia.az-a verilən məlumata görə, bu yatırım ARDNF-nin Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, Fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir. Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Qatvik hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında yer alıb. Uzun illər ərzində Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınan Qatvik, Böyük Britaniya Hökumətinin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə əhəmiyyətli genişlənmə mərhələsinə qədəm qoyub. Proqnozlara əsasən, 2030-cu illərin sonlarınadək hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaqdır.