Son 21 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb
"Son 21 ildə ölkə iqtisadiyyatı 3, dövlət büdcəsinin həcmi 20, strateji valyuta ehtiyatlarının həcmi 30 dəfədən çox artıb".
İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib.
Onun sözlərinə görə, ötən 21 ildə həmçinin sahibkarlıq subyektlərinin sayı 3 dəfədən çox artıb, özəl bölmənin ümumi daxili məhsulda payı 83, məşğulluqda payı isə 78 faizdən artıq olub:
"Təkcə cari ilin 8 ayında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal edilib, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 7,0 faiz artıb, əhalinin hər nəfərinə düşən ÜDM təxminən 8 min manata bərabər olub. Bu dövrdə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən ölkədə 42,4 milyard manatlıq sənaye məhsulları istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı qeyri-neft-qaz sektorunda 7,8 faiz artıb".