azia.az
azia.az

“Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb” -SƏBƏBLƏR

8-08-2024, 23:24

Azərbaycanda dolların bahalaşmaması üçün heç bir səbəb qalmayıb.

Bildiyimiz kimi, ölkənin milli valyutasının məzənnəsinə təsir edən əsas amil tədiyə balansının vəziyyətidir. Mərkəzi Bank bu ilin ilk yarısı üçün tədiyə balansının vəziyyətini açıqlamayıb. Lakin, bu ilin ilk rübünə aid məlumatlardan açıq şəkildə görürük ki, tədiyə balansında kəskin azalma var. Əgər ötən ilin ilk rübündə cari əməliyyatlar hesabının profisti 3,4 milyard dollar olmuşdusa, bu ilin ilk rübündə təxminən 2 dəfə azalaraq 1,7 milyard dollara düşüb.

İllik müqayisədə azalma daha böyükdür. Belə ki, 2022-ci ildə cari əməliyyatlar hesabının profisti 23,5 milyard dollar olduğu halda, 2023-cü ildə 8,3 milyard dollara düşüb. Açıqlanan rəsmi göstəricilərdən də göründüyü kimi, son bir ildə tədiyə balansının cari əməliyyatlar hesabının profistində 2,8 dəfə azalma var.

Milli valyutanın məzənnəsinə təsir edən əsas amil tədiyə balansı olsa da, digər vacib amillərdə də ciddi dəyişikliklər var. Son 3 ildə milli valyutanın məzənnəsinə təsir edən bu amillərə nəzər salsaq açıq şəkildə görərik ki, ciddi azalmalar var.

Son 3 ildə ölkədə neft hasilatı:

Yanvar-İyun 2022-ci il – 16,4 milyon ton ;
Yanvar-İyun 2023-cü il – 15,2 milyon ton;
Yanvar-İyun 2024-cü il – 14,4 milyon ton.

Son 3 ildə xam neftin dəyər ifadəsində ixracı:
Yanvar-İyun 2022-ci il – 9,4 milyard dollar;
Yanvar-İyun 2023-cü il – 7,8 milyard dollar;
Yanvar-İyun 2024-cü il – 7 milyard dollar.

Neft hasilatının və ixracının azalması öz növbəsində ölkəyə valyuta daxilolmalarını da azaldır. Valyuta daxilolmalarının azalmasına paralel olaraq, valyutaya tələb də artır.

Müqayisə üçün son 3 ilin 1-8 avqust tarixlərində valyuta hərracında satılan valyutanın məbləğinə diqqət edək:

1-8 avqust 2022-ci il – 104,9 milyon dollar;
1-8 avqust 2023-cü il – 93 milyon dollar;
1-8 avqust 2024-cü il – 200 milyon dollar.

Göründüyü kimi, ötən ilin eyni dövrü ilə müqayisədə bu il avqust ayının ilk 8 günündə valyutaya tələb 2 dəfədən çox artıb.

Manata təzyiq edən vacib amillər arasında Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının dollar qarşısında dəyərdən düşməsi də var.Azərbaycanın məhsul idxal etdiyi 3 əsas ölkə var. Bunlar Çin, Rusiya və Türkiyədir. Bu ilin ilk yarısına olan məlumata görə, Azərbaycanın ümumi idxalının 49%-i bu 3 ölkənin payına düşüb. Əgər bu ölkələrin milli valyutaları dollar qarşısında dəyərdən düşürsə, bu manat üzərində də böyük təzyiq yaradır.

Son 2 ildə Çin, Rusiya və Türkiyənin milli valyutalarının dollar qarşısındakı məzənnəsi aşağıdakı kimi dəyişib:



Azərbaycanın idxalda əsas ticarət tərəfadşı olduğu bu ölkələrdə milli valyutanın ucuzlaşması idxalı bir qədər də artıra bilər. Bu da öz növbəsində Azərbaycanda dollara olan tələbatın artmasına səbəb olacaq. Çünki insanlar mal gətirmək üçün daha çox valyuta almağa çalışacaqlar.

Qeyd etdiyimiz məlumatlardan da açıq şəkildə görülür ki, milli valyutaya – manata təzyiqlər kəskin artıb. Belə bir vəziyyətdə dolların manat qarşısında tezliklə bahalana biləcəyi ehtimalı yüksəkdir. Amma onu da qeyd edək ki, Azərbaycanda dolların məzənnəsi valyuta bazarındakı tələb-təklif əsasında deyil, Mərkəzi Bank tərəfindən müəyyən olunduğu üçün məzənnənin nə zaman və hansı səviyyədə dəyişəcəyini proqnozlaşdırmaq olduqca çətindir. /yeniavaz.com/  



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi