azia.az
azia.az

DVX-nin təşkil etdiyi 2-ci “Yay Təcrübə Proqramı” başa çatıb

19-09-2023, 08:39

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) ali təhsil müəssisələri tələbələrinin bilik, bacarıq və şəxsi inkişafına dəstək məqsədilə təşkil etdiyi sayca ikinci “Yay Təcrübə Proqramı” yekunlaşıb. Bununla əlaqədar layihənin bağlanış və sertifikatların təqdimat mərasimi keçirilib.

Tədbirdə iştirak edən DVX-nin rəisi Orxan Nəzərli ölkəmizdə həyata keçirilən gənclər siyasəti və insan kapitalının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Xidmət rəisi gənclərin dövlət qulluğuna marağının artırılması, bu sektorda fəaliyyət göstərmələri üçün motivasiya yaradılması məqsədilə dövlət qurumları tərəfindən müxtəlif layihələrin reallaşdırıldığını vurğulayıb. Qeyd olunub ki, gənclərin bilik və bacarıqlarının yüksəldilməsi, həmçinin fərdi inkişaflarını hədəfləyən “Yay Təcrübə Proqramı”nın başlıca məqsədlərindən biri də məhz onların dövlət vergi orqanlarının fəaliyyətinə marağını artırmaq və gələcəkdə vergi xidməti orqanlarında işə cəlb olunmalarını təmin etməkdir.

Qeyd edək ki, “Yay Təcrübə Proqramı”na qoşulmaq istəyən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bir neçə mərhələdən ibarət seçim prosesinin nəticəsinə əsasən 67 nəfər Proqramda iştirak hüququ qazanıb. Onlar DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsinə qoşulublar. Burada tələbələrə DVX-nin təcrübəli əməkdaşları və kənar peşəkar təlimçilər tərəfindən vergi sahəsi və müvafiq səriştələr üzrə təlimlər təşkil olunub. Daha sonra DVX-nin İnsan resursları, Vergi siyasəti, Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik), İqtisadi təhlil və uçota nəzarət, Dövlət qeydiyyatı baş idarələrində, həmçinin Bakıda və regionlarda yerləşən strukturuna daxil olan qurumlarında   

keçirilən təcrübə çərçivəsində praktiki biliklərə yiyələnib, vergi sisteminin fəaliyyətinin əsas istiqamətləri və iş prinsipləri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər. İş yerində təcrübənin əsas məqsədi yay düşərgəsində qazanılmış nəzəri biliklərin iş prosesində tətbiq edilməsi, təkrarlanması və daha da təkmilləşdirilməsindən ibarət olub. “Yay Təcrübə Proqramı”nın  iş yerində təcrübə hissəsi 8 həftə davam edib. 

Tədbirdə DVX-nin rəisi Orxan Nəzərli və Xidmətin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova tələbələri maraqlandıran sualları cavablandırıblar. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi