Sığorta Fondunun işsizlərə vermək üçün yığdığı 230 milyon hara xərclənir?
Azərbaycanda rəsmi gəliri olan şəxslər hər ay öz gəlirlərinin bir bölümünü İşsizlikdən Sığorta Fonduna köçürür. Beləcə, qanunla nəzərdə tutulmuş hallarda sığortalıların itirilmiş əmək haqları kompensasiya edilir. Muzdlu işçilərin aylıq maaşlarının 0.5 faizi sözügedən fonda köçürülür və işəgötürənlər fonda o miqdarda pul ödəyir.
Ötən il İşsizlikdən Sığorta Fondunun gəlirləri 164.2 milyon manat olub. Hökumətin 2022-ci ildəki fəaliyyətinə dair parlamentə hesabatında belə deyilir. Fondun ötənilki gəlirləri 2021-ci illə müqayisədə 12 faiz artıb. 2022-ci ilin əvvəlinə fondun öncəki illərdən istifadə etmədiyi daha 66.2 milyon manat vəsaiti olub. Beləcə, yekunda ötən il İşsizlikdən Sığorta Fondunun toplam gəlirləri 230.4 milyon manata çatıb.
Fondun ötənilki büdcəsi təsdiqlənərkən onun xərclərinin 181.4 milyon manat olması nəzərdə tutulub. Ancaq ilin sonunda İşsizlikdən Sığorta Fondu toplam 163.4 milyon manat – nəzərdə tutulandan 18 milyon manat az xərcləyib. Rəsmi açıqlanan rəqəmlərə görə, İşsizlikdən Sığorta Fondu 2022-ci ildə işini itirənlərə cəmi 8.1 milyon manat – il ərzindəki gəlirlərinin cəmi 3.5 faizi qədər sığorta ödənişi edib.
Demokrat.az bildirir ki, Azadlıq radiosunun bununla bağlı təhlilində bir sıra məqamlar qeyd olunub.
Rəsmi rəqəmlər göstərir ki, fondun xərclərində ən böyük pay özünüməşğulluq fəaliyyətinə gedib. Ötən il fond bu istiqamətdə 72.5 milyon manat xərcləyib. Bu, İşsizlikdən Sığorta Fondunun il ərzindəki toplam xərclərinin 44 faizi deməkdir.
Fondun ən çox vəsait sərf etdiyi ikinci istiqamət isə məşğulluq orqanlarının saxlanması ilə bağlıdır. Muzdlu işçilərin ödədiyi vergilər hesabına məşğulluq orqanlarının saxlanılmasına 36.7 milyon manat xərclənib. Fond yığdığı vəsaitin daha 30 milyon manatını DOST agentliyinin saxlanmasına sərf edib.
İşsizlər niyə vəsait ala bilmir?
Fondun işsizliyə görə ödədiyi vəsaitin az olmasının əsas səbəbi şərtlərin heç də bütün işsizləri əhatə etməməsindədir. Qanuna görə, işsizlikdən sığorta ödənişi üç halda ödənilir:
– İş yeri (şirkət) ləğv edildikdə;
– Ştat ixtisar edildikdə;
– Əmək müqaviləsinin müddəti bitdikdə.
Ancaq rəsmi rəqəmlər göstərir ki, Azərbaycanda işçilərin 78 faizi öz istəyi ilə ərizə yazıb işdən çıxır. Amma unutmaq olmaz ki, belə ərizələr heç də hər zaman işçinin öz istəyi ilə yazılmır. Bəzən işəgötürənlər işçiyə təzminat ödəməməkdən ötrü onu ərizə yazıb, öz istəyi ilə işdən çıxmağa məcbur edirlər. İşçilər bu ərizəni yazmayacaqları halda ayrıca maddələrlə işdən çıxarılacağı ilə hədələnə bilər. Həmin maddələrlə işdən çıxarılma gələcəkdə həmin şəxslərin iş tapmasını əngəlləyir. Ölkədə işdən azad olunanların böyük əksəriyyəti sanki öz istəyi ilə işdən çıxdığından və belə hallar üçün qanunvericilikdə sığorta ödənişi nəzərdə tutulmadığından onlar bəri başdan bu tip ödənişlər almaq şansını itirir.
İşsizlikdən Sığorta Fondundan ödəniş almaq üçün başqa şərtlər də var. Uyğun qanuna görə, işdən azad edilən şəxsin işsizliyin başlanmasından əvvəlki 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi və 30 aydan çox sığorta stajı olmalıdır. Əks halda ödəniş edilmir. Dövlət qulluqçuları üçün həmin müddətlər, uyğun olaraq, 24 və 12 aydır.
2 faiz...
Bütün bu şərtlər işsizlərin çox az bölümünün sığorta ödənişi almasına imkan verir. Rəsmi rəqəmlərə görə, ötən ilin sonunda Azərbaycanda 302 min 200 nəfər işsiz olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirmişdi ki, həmin il 6 min 333 nəfərə işsizlikdən sığorta ödənişinin təyin edilməsi nəzərdə tutulub. Deməli, ötən il ölkədə rəsmi işsiz sayılan şəxslərin cəmi 2 faizi işsizlikdən sığorta ödənişi ala bilib.
Qanuna görə, sığorta ödənişi, sığorta stajı nə qədər olsa da, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. İlk iki ay sığorta ödənişi 100 faiz həcmində, üçüncü və dördüncü aylarda 80 faiz həcmində, beşinci və altıncı aylarda isə 70 faiz həcmində verilir.
İşsizlikdən sığortaya dair qanunda bildirilir ki, sığorta ödənişi əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.
Qanuna görə, minimum sığorta ödənişi məbləği deyərkən, minimum əməkhaqqının səviyyəsi anlaşılır. Bu baxımdan, indiki göstəricilərə əsasən bu il işsizlikdən sığorta ödənişləri 345-830 manat arasında dəyişə bilər. Ancaq reallıqda bu ödənişi alanların mütləq əksəriyyətinə minimum əməkhaqqı səviyyəsində pul verilir.
Sığorta ödənişi alanın himayəsində 18 yaşına çatmayan uşaq olarsa (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, amma 23 yaşını keçməməklə), onun əsas sığorta ödənişinə hər uşağa görə 5 faiz (lakin 20 faizdən çox olmamaqla) əlavələr edilir.