Manatla bağlı qeyri-adi proses gedir: Mərkəzi Bank nə etmək istəyir?
Son günlər valyuta birjalarında avronun kəskin ucuzlaşması müşahidə olunur.
Avro Azərbaycan manatına qarşı da dəyər itirib. Hazırda 1 avro 1.7934 manatdır.
Ucuzlaşmanın səbəbi nədir və nə qədər davam edəcək?
İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında deyib ki, ucuzlaşmaya səbəb Avrozonadakı iqtisadi göstəricilərdir:
“Ümumiyyətlə, Avrozonada ümumdaxili məhsulla, işsizliklə bağlı açıqlanan məlumatlar dövrü olaraq avronun məzənnəsinin ucuzlaşmasına imkan yaradır. Bu səbəbdən də dünya valyutalarına nisbətdə avro ucuzlaşır. Azərbaycan Mərkəzi Bankı da qismən “üzən məzənnə” siyasəti yürüdür. Məsələn, dolların məzənnəsini Mərkəzi Bank fiks olaraq 1.70 manat səviyyəsində saxlayır, amma digər valyutalar qarşısında manat üzən məzənnədədir. Avro dollara qarşı ucuzlaşırsa, bu, avro-manat münasibətində də birmənalı şəkildə öz əksini tapır. Mərkəzi Bank belə bir qeyri- adi proses aparır”.
Ekspert bildirib ki, bunlar dövrü proseslərdir:
“Bundan öncəki dövrdə avro dollara qarşı möhkəmlənirdi. Birja dilində desək, hazırda avronun məzənnəsində dalğalanma gedir. Avronun davamlı ucuzlaşacağı ilə bağlı bir trend yoxdur. Avrozonada bəzi iqtisadi göstəricilərə görə avronun müvəqqəti ucuzlaşması prosesi gedir”.