azia.az
azia.az

Azərbaycanda devalvasiya olacaq? - AÇIQLAMA

7-12-2021, 15:22

Azərbaycanda devalvasiya olacaq? - AÇIQLAMA
Türkiyə lirəsindən sonra İranın milli valyutası rial da dollar qarşısında kəskin dəyər itirdi. Bəs görəsən, Azərbaycan manatınının məzənnəsi ilə bağlı təhlükə varmı? Yaxın aylarda devalvasiya gözlənilirmi?

Mili Məclisin deputatı Vüqar Bayramov Redaktor.az-a bildirdi ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarında milli valyutalar son 1 ayda hiss edilən dərəcədə dollara nisbətən zəifləyib:

“Həm ümumi xarici ticarətdə, həm də qeyri-neft ixracatında 2-ci ən böyük tərəfdaşımız olan qardaş Türkiyədə noyabr ayında dollara nisbətən 9.5-dən 12.5-dək geriləyən lirə son ayda 22 faiz dəyərsizləşib. Ötən ay qeyri-neft ixracatımızda əsas ticarət tərəfdaşımız olan və ən çox məhsul idxal etdiyimiz Rusiya rublu üçün də arzuolunan olmayıb. Noyabrda dollara nisbətən 70.8 məzənnəsi ilə başlayan rubl ayın sonuncu günü birjalara 75.0 kursu ilə çıxarılıb. Bu 1 ayda Rusiya rublunun ABŞ puluna nisbətən 6 faizə yaxın ucuzlaşması deməkdir. Azərbaycanın əsas ticarət tərəfdaşı olan Avrozonanın vahid valyutası da ABŞ dollarına noyabr rəqabətində uduzub. Noyabr ayına dollara nisbətən 1.16 kursu ilə başlayan avro daha sonra 1.13 bəndinə qədər dəyər itirib. Bu da avro üçün 3 faizlik ucuzlaşması deməkdir”.

Deputat bildirib ki, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır:

“Regional valyuta bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə, bütövlükdə, milli valyutamızın kursuna təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan, Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələrinin dəyişməsi ən azı psixoloji faktorlardan hesab olunur, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır. Nəticə etibarilə, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa məhz Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, Türkiyədə və İranda valyuta birjalarda müəyyənləşdirilir:

“Türkiyədə hər gün və hər an dəyişən məzənnə sistemi var. Yəni onlar “üzən məzənnə” sisteminə keçib. Azərbaycanda isə məzənnə siyasəti inzibati qaydada tənzimlənir. Mərkəzi Bankın və hökumətin apardığı siyasətə uyğun olaraq həftədə iki dəfə inzibati qaydada formal hərraclar zamanı məzənnə müəyyən edilir. İnzibati məzənnə sistemi nəzarət olunan məzənnədir. Yəni, məzənnə Mərkəzi Bank tərəfindən müəyyən edilir və əsasən neftin qiymətinə bağlıdır. Neft qiymətləri yüksək olduğu təqdirdə manatın dəyərdən düşmə ehtimalları azalır”.

Ekspert bildirib ki, sabit məzənnə rejimində uzun müddət qalmaq mümkün deyil:

“Bunu bir dəfə yaşamışıq. 2003-2015-ci illərdə Azərbaycanda sabit məzənnə rejimi idi. Lakin sonradan Mərkəzi Bank devalvasiyalara getməyə məcbur oldu. Yaxın aylarda məzənnə dəyişikliyi ehtimalı çox aşağıdır. Çünki hazırda neft qiymətləri yüksəkdir. Neftin qiyməti aşağı düşdüyü zaman manatın devalvasiyası ilə bağlı risklər də artacaq. Belə olan təqdirdə Mərkəzi Bank və hökumət məzənnə dəyişikliyini etməyə məcbur olacaq. Lakin yaxın aylarda bunun baş vermə ehtimalı çox aşağıdır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi