azia.az
azia.az

Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi Türkiyənin yerli elektromobilinin istehsal ediləcəyi zavodun rəsmi açılış mərasimində iştirak etmişdir

5-11-2022, 10:15


 

29 oktyabr 2022-ci il tarixində Türkiyə Respublikasının Bursa vilayətinin Gemlik rayonunda inşa olunmuş, Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg” elektromobilinin kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi keçirilmişdir. 

Tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  Prezidenti Məmməd Musayev və Konfederasiyanın baş məsləhətçisi Adil Qurbanov iştirak etmişdir.

Açılış mərasimində başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyənin bir sıra dövlət rəsmiləri iştirak etmişlər.

Açılış mərasimindən əvvəl ictimaiyyətə təqdim olunan zavod ümumilikdə 1,2 milyon kvadratmetr sahədə inşa edilib ki, onun da 230 min kvadratmetri qapalı sahədir. 2020-ci ildə təməli qoyulan zavodun inşası iki ilə tamamlanıb. Tikintisində ümumilikdə 9700 nəfərin iştirak etdiyi müəssisədə montaj mərkəzi, prototip inkişaf, istifadəçi sınaq parkı kimi bir çox bölüm var.

TOGG markalı elektromobilinin ilk nümunələri brendin baş direktoru Gürkan Karakaş tərəfindən təqdim edilmiş və onun Türkiyədən kənarda da satışı planlaşdırılır.

Müəssisənin illik istehsal gücünün 175 000 ədədə çatdıqda 4300 nəfərin işlə təmin olunması və  yeni avtomobillərin gələn ilin mart ayında satışa verilməsi gözlənilir.

Məlum olduğu kimi Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək,  Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırmış və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirmişdir.

Qeyd olunan telefon danışığından sonra Türkiyə mətbuatında Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin 2 ədəd Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verdiyini bildirmişdir.

Elektromobil istehsalı zavodunun rəsmi açılış mərasimi zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev Türk Ticarət və Sənaye Palatasının sədri, Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) prezidenti M.Rifat Hisarcıqlıoğlu ilə, işgüzar dairələrin nümayəndələri və digər rəsmi şəxslərlə qarşılıqlı faydalı görüşlər keçirmişdir.

İş adamları və rəsmi şəxslərlə görüş zamanı Konfederasiya adından birgə fəaliyyət perspektivləri müzakirə olunmuşdur.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi