“Naxçıvanda 60 manatlıq bileti “Biznes klas” adı ilə 170 manata satırlar” (İDDİA)
Naxçıvan şəhərindəki aviakassa və hava limanındakı kassalar qarşısında uzun növbələr yaranıb.
Azia.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib.
Onların sözlərinə görə, buna səbəb əlavə təyyarə reyslərinin təxirə salınmasıdır.
Şikayətçilər deyir ki, Bakıya bileti yalnız uzun növbə gözləməklə, həm də ən yaxşı halda 4-5 gün sonraya almaq mümkündür. Onların iddiasına görə, “Biznes klas” (Biznes sinif) adı ilə 170 manata satılan bileti isə, istənilən günə və saata növbəsiz almaq mümkündür.
Hazırda Bakıda yaşayan Ordubad rayon sakini Elvin Məmmədov deyir ki, iki gün əvvəl yaxın qohumunun yas məclisinə gəlib. Təcili işi çıxdığından Bakıya qayıtmalı olsa da, normal qiymətə bilet tapa bilməyib:
“Səhər tezdən, saat 7-də kassaya getdim, gecə saat 11-ə kimi bilet ala bilmədim. Aviakassada dedilər ki, 4-5 gün sonraya bilet var. Gəldim hava limanına, burada da kassanın qarşısında növbələr var, hamı gözləyir. “Bilet yoxdur” desələr də, “Biznes klas” adı ilə 170 manata təklif edirdilər. Mənim buna maddi imkanım çatmasa da, məcbur olub aldım. Çünki, səhər Bakıda olmalı idim. Təyyarəyə minəndə məlum oldu ki, heç də “Biznes klas” deyilmiş. Normalda 60 manata satılan salona saldılar, səsimizi çıxara bilmədik”.
Digər şikayətçi Şəfa Rüstəmov da deyir ki, o da bir gün hava limanında qaldıqdan sonra məcbur qalıb 160 manata “Biznes klas” bilet alıb:
“Adi sərnişinlərlə bir yerdə getdik. Xidmət də həmin xidmət idi. Heç bir özəlliyi yoxdur. Sadəcə fərq ondadır ki, əvvəlcədən aviakassadan bilet alanlar həmin bileti 60 manata, biz isə 160 manata almışıq. Biz bunların fırıldağını çoxdan bilirik. Əvvəlcədən aviakassada bilet satılarkən, hər reysdən 40 yer “Biznes klas” üçün saxlayırlar. Həmin yerlərə sata biləcəkləri qədər satırlar. Əgər yerlər hamısı satılmırsa, qalan yerlər təyyarə qalxana yaxın işbazlar tərəfindən daha ucuz qiymətə, yəni, 100 manata satılır. Bunu da almaq hər adama nəsib olmur. Gərək adamın ola”.
Naxçıvan hava limanından sərnişinlərin iddialarını təkzib ediblər.