“Azərbaycanın pulu var, vəziyyətdən birtəhər çıxacaq” - NƏ BAŞ VERİR?
"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanın ümumi daxili məhsul istehsalı 2,7 % artacaq.
Bu barədə agentliyin hesabatında bildirilib. Sənədə əsasən, bu, əvvəlki göstərici ilə müqayisədə 0,2 faiz bəndi azdır. Region ölkələrindən Gürcüstan üzrə iqtisadi artım proqnozunu 2,6 faiz bəndi azaldaraq 3,2 %-ə, Ermənistan üzrə 4 faiz bəndi azaldaraq 1,3 %-ə endirib.
Agentlik göstərir ki, Rusiya-Ukrayna münaqişəsinin MDB regionundakı ölkə balanslarına təsiri müxtəlifdir, çünki neft və qaz istehsalçıları daha yüksək ixrac qiymətlərindən faydalanacaqlar. Ukrayna iqtisadiyyatının müharibə vurduğu zərərin təsiri ilə 35 %, Belarus iqtisadiyyatının isə Rusiya ilə geniş ticarət əlaqələri, sanksiyalar və daha çətin maliyyə şərtləri səbəbindən 10 % daralacağı proqnozlaşdırılır.
Rusiyadan gələn turizm və pul köçürmələri axını ilə birlikdə birbaşa ticarət əlaqələri "Fitch"in qiymətləndirdiyi digər MDB+ dövlətləri (Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Özbəkistan) üçün əsas ötürmə kanalıdır. Hesabatda deyilir:
"Biz hələ də bütün bu iqtisadiyyatların 2022-ci ildə böyüməsini gözləyirik, lakin əmtəə idxalçıları üçün ən böyük ixtisarlarla proqnozlarımızı 0,2 – 4 % azaltdıq".
Qeyd edək ki, "Fitch"in qonşu ölkələrə nisbətən Azərbaycanın iqtisadi artım proqnozunda azalmanın faiz bəndini daha az göstərməsi müsbət məqam olsa da, mövcud münaqişə ilə bağlı neft-qaz istehsalçılarının ixrac qiymətlərindən faydalanacaqları onu göstərir ki, ölkəmiz hələ də qeyri-neft sektoru ölkəsi kimi özünü təsdiqləyə bilməyib. İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirib ki, Azərbaycanın siyasi, iqtisadi nüfuzu neft-qaz sektoruna görə ölçülür:
“Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda lider ölkədir və iqtisadi potesialın 70-80 faizi ölkəmizin payına düşür. Çünki Azərbaycan neft-qaz ölkəsidir. Rusiya-Ukrayna münaqişəsinin ən çox neft-qaz sektoru olmayan ölkələrə təsirinə gəldikdə isə bu təbiidir. Çünki mövcud münaqişə dünyada müxtəlif sahələrdə qiymət artımına səbəb olub. Hansı ölkə qeyri-neft sektoruna aid məhsullardan əlavə neft-qaz ixrac edirsə, təbii ki, bu müharibə həmin ölkələrə az təsir edəcək. Ümumilikdə təsir edəcək, ancaq həmin ölkələr daha çox valyuta gəliri əldə edəcəklərinə görə özünü kompensasiya etməyi bacaracaqlar ki, bu ölkələrdən biri də Azərbaycandır”.
Ekspert bildirib ki, bu mənada Azərbaycanın Rusiya-Ukrayna müharibəsindən Gürcüstan, Ermənistana və digər ölkələrə nisbətən itirəcəyi az olacaq:
“Çünki neftin, qazın qiyməti büdcədə nəzərdə tutulandan xeyli yüksəkdir və daha artıq valyuta gəliri əldə edirik. Ona görə də, məsələn, ərzaq buğdası üzrə fors-major halı, yaxud digər zəruri məhsulun idxalla bağlı fövqəladə bir çətinlik yaranarsa, hansı ölkənin pulu varsa, o vəziyyətdən birtəhər çıxacaq ki, onlardan da biri Azərbaycandır. Çünki hazırda Azərbaycan neft və qazdan ikiqat gəlir əldə edir. Ona görə də agentliyin proqnozunda qeyri-adi heç nə yoxdur. ÜDM proqnozu üzrə əvvəlki rəqəmləri aşağı səviyyədə qeyd etmələri ondan irəli gəlir ki, Rusiya-Ukrayna müharibəsi dünyada və regionda iqtisadi inkişafı ləngidir, əlavə problemlər yaradır. Taxıl biçini, bir sıra kənd təsərrüfatı məhsullarının tədarükü hələ qarşıdadır, payıza doğru biz müəyyən edəcəyik ki, bu münaqişə hansı sahələrdə inkişafı ləngidəcək. Məsələn, tikinti bazarı “ölür” və bunun da səbəbi həmin müharibə ilə bağlıdır. Azərbaycana tikinti materiallarının idxalı çətinləşir, qiymətlər bahalaşır. Çünki Rusiyada istehsal bahalaşır. Yəni əsl neqativ təsirləri biz payıza doğru hiss edəcəyik”.
Ekspertin fikrincə, hazırda elə bir qarışıq, mürəkkəb vəziyyət yaranıb, kimin bu müharibədən hansı mənfi nəticələr əldə edəcəyi, kimin qazanc götürəcəyi haqda proqnoz irəli sürmək, dəqiq fikir söyləmək mümkün deyil:
“Məsələn, bir neşə aydan sonra elə vəziyyət yarana bilər ki, bizim qeyri-neft məhsulları istehsal edən sahibkarlarımız üçün Rusiya bazarı çox əlverişli görünər. Çünki Rusiya iqtisadiyyatı çökür. Ərzaq məhsulları ilə bağlı kənardan idxal bu ölkədə çox əlverişli bir vasitəyə çevrilir. Ancaq ümumən neftin, qazın qiymətinin kəllə-çarxa qalxması, Azərbaycan kimi ölkələrin dövlət gəlirlərini artırsa da gələcəyimiz, iqtisadiyyatımızın normal inkişafı, yaxın perspektiv baxımından yaxşı heç nə vəd etmir. Çünki neftin, qazın qiymətinin qalxması bütün dünya üzrə ərzaq məhsullarının qiymətinin qalxmasına gətirib çıxarır, daşınma xərclərini artırır, istehsalda maya dəyirini yüksəldir və bütü bunlar da Azərbaycan üçün heç də yaxşı proqnozlar, məqamlar deyil. Doğrudur, pulumuz çoxalır, ancaq sabahımız qaranlığa çökür. Ona görə də neftin qiymətinin qalxması ilə bağlı sevinməyə dəyməz”.
Mənbə:My Webpage