Rusiyalı sahibkarlar Azərbaycana axışır - səbəb
Ekspert investisiya mühitindəki pozitiv çalarlardan və əngəllərdən danışdı; Rəşad Həsənov: “Azərbaycan bu məqamları mütləq nəzərə almalıdır”
Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlərdə ciddi canlanma hiss olunmaqdadır. Xüsusilə də son 2 ildə qarşılıqlı ticarət dövriyyəmiz əsasən Rusiyadan idxalın hesabına xeyli artıb. Azərbaycanın xarici ticarət əlaqələrində Rusiyanın payı təxminən 10 faizə yaxındır. Qeyri-neft məhsullarımızın ixracında Rusiyanın payı 35 faiz, kənd təsərrüfatı məhsullarının ixracında isə təxminən 90 faizə bərabərdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faiz artaraq 2,55 milyard dollardan çox olub. Bu zaman Rusiyaya ixracımız 665 milyon 741.42 min dollar, idxalımız isə 1 milyard 885 milyon 164.65 min dollar olub. İxracda bu ölkənin payı 3,42 faiz, idxalda isə 16,44 faiz təşkil edib.
Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə isə bu ilin 7 ayında Rusiyayaya 423 milyon 234.91 min dollarlıq məhsul ixrac etmişik. Bu, ümumi ixracımızın 3,45 faizi deməkdir. Şimal qonşudan idxalımız isə 1 milyard 183 milyon 761.94 min dollar olmaqla, ümumi idxalımızın 14,04 faizinə bərabər olub. İdxalda xüsusi çəkisinə görə Rusiya birinci yerdədir. Bu ölkəyə ixracımız idxalımızdan 3 dəfəyə yaxın aşağı məbləği əhatə edir.
İqtisadiyyat Nazirliyinin açıqladığı məlumata görə, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 700-ə yaxın Rusiya kapitallı müəssisə fəaliyyət göstərir. Bunun 100-ə yaxını sırf Rusiya kapitallı müəssisələrdir. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,4 milyard dollar investisiya qoyub. Bunun əhəmiyyətli hissəsi negt-qaz layihələri çərçivəsində həyata keçirilib. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi isə 1,2 mlrd dollardan çoxdur. Bunun 1 milyard dollar yaxınını Dövlət Neft Fondunun sərmayələri təşkil edir.
Eyni zamanda Rusiyanın müxtəlif regionlarından istehsalçı şirkətlərin nümayəndələri ardıcıl olaraq Azərnaycana səfər edirlər. Elə bu günlərdə Rusiya Federasiyasının Kirov, Kostroma, Saratov, Ryazan, Vladimir, Moskva, Bryansk bölgələrindən 30-dan çox şirkətin nümayəndələri Azərbaycana gəlib. Səfər Kiçik və Orta İxracatçılar Birliyi və Rusiya İxrac Mərkəzi tərəfindən təşkil olunur.
Avqust ayında isə Rusiyanın Bryansk vilayətinin sahibkarları Azərbaycana gəliblər. Onların əsas məqsədi öz məhsullarını satmaq üçün əlverişli bazarları müəyyənləşdirmək olub.
Biznes missiya üzvləri Azərbaycanın biznes nümayəndələri ilə görüşüb. Görüşlərdə 16 müxtəlif sahəni təmsil edən 150-dən artıq Azərbaycan şirkətinin nümayəndələri iştirak edib. Bu sırada böyük ticarət şəbəkələri olan “Bazarstore”, “Bizim Market”, “Bravo” və “Araz”ın da nümayəndələri olub.
Rusiya ilə iqtisadi əlaqələrin sürətlə genişləndirilməsi, bu genişlənmənin daha çox oradan idxalın hesabına baş verməsi Azərbaycan üçün hansı perspektivlər vəd edir?
Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, Şimal qonşumuzla iqtisadi münasibətlərimizi bir neçə aspektdən qiymətləndirmək lazımdır: “Birincisi, Rusiya Azərbaycanın ən böyük qonşularından biridir, kifayət qədər böyük bazara malik ölkədir. Azərbaycan bu potenialdan sonrakı dövrlərdə, xüsusilə də qeyri-neft sektorunun inkişafı baxımından yararlana bilər. İqtisadi münasibətlərin inkişafı əslində fürsətlərə çevrilməlidir. Təəssüf ki, hazırda Azərbaycanda yerli istehsal bu fürsətləri dəyərləndirə bilmir, çünki yerli istehsal o qədər də rəqabətli deyil. Digər tərəfdən, 2015-ci ildən etibarən Azərbaycanda, o cümlədən MDB-nin bir sıra resusrs ölkələrində alıcılıq imkanları əhəmiyyətli şəkildə məhdudlaşdı. Neftdən gələn gəlirlərin azalması bütövlükdə əhalinin gəlirlərini, buna paralel olaraq alıcılıq qabiliyyətini azaltdı. Nəticədə əhalinin istehlak vərdişləri dəyişdi: keyfiyyətli və bahalı məhsulların əvəzinə daha ucuz və aşağı keyfiyyətli məhsulları almağa başladı. Bu isə idxalçıların ucuz məhsulların istehsal olunduğu ölkələrə meyllənməsinə gətirib çıxardı. Rusiya istehsalçıları bu prosesdə nisbətən aktiv iştirak edirlər - bu ölkədə qeyri-neft ixracatının genişləndirilməsi üçün dövlət tərəfindən ciddi stimullaşdırıcı tədbirlər həyata keçirilir. Eyni zamanda Azərbaycanda 2016-cı ildən başlayaraq gömrük prosedurları şəffaflaşdırılıb, bu isə idxal xərclərini artırıb. MDB daxilində idxal isə Əlavə Dəyər Vergisindən azaddır. Bütün bunlar istər-istəməz Rusiyadan idxalı stimullaşdırır. Nəticədə isə bu ölkə ilə ticarət əlaqələrində idxal daha yüksək sürətlə artır”.
Ekspert bildirir ki, Rusiya qeyri-neft sektoruna investisiyaları cəlb etmək üçün bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirir: “Bu, investorlar üçün imkanlar açır: Rusiya bazarı ciddi rəqabətin olmadığı bazarlardan biridir. Azərbaycan investorları üçün bu bazarda iş qurmaq daha asandır, nəinki Avropa və ya digər yüksək rəqabətli inkişaf etmiş bazarlarda. Buna görə də son vaxtlar Azərbaycandan Rusiyaya investisiya qoyanların sayı artır. Azərbaycan da öz iqtisadiyyatına investisiya cəlb etməyə çalışır. Ümumiyyətlə götürsək, istənilən ölkədən Azərbaycana investisiyanın gəlməsi müsbət haldır. Bu, ölkənin tədiyə balansına müsbət təsir göstərir, istehsalı canlandırır. Amma investisiyanın keyfiyyətini qiymətləndirsək, Körfəz ölkələri və Rusiyadan gələn investisiyalar Qərbdən, Yaponiya və Cənubi Koreyadan gələnlərlə müqayisədə daha aşağı keyfiyyətlidir. Xüsusilə təcrübənin, modern texnologiyaların idxalı baxımından birincilər çox geridə qalırlar”.
Strateji nöqteyi-nəzərdən yanaşdıqda isə Rusiya kimi ölkələrlə iqtisadi əməkdaşlıq kifayət qədər riskli hesab olunur: “Yaxın keçmişə nəzər salsaq, 2008-ci ildə Gürcüstanla, 2015-ci ildə Türkiyə ilə, bir neçə ay əvvəl yenə Gürcüstanla yaranmış böhranlar göstərir ki, Rusiya iqtisadi əməkdaşlığa sırf siyasi maraqlar kontekstindən yanaşır. Bu əlaqələr siyasi münasibətlərdəki ən xırda bir gərginlik dərhal Rusiyaya ixrac olunan məhsullarımızı ciddi risklərə məruz qoya bilər. Yəni Rusiya etibarlı tərəfdaş sayılmır. Ümumilikdə Rusiya kimi tək əllə idarə olunan ölkələr iqtisadi əməkdaşlıq baxımından sərfəli hesab olunmurlar. Bu gün Azərbaycanın kənd təsərrüfatı məhsullarının 90 faizdən çoxu Rusiyaya ixrac olunur. Kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafı baxımından strateji sahə olduğunu nəzərə alsaq, bunun ölkəmiz üçün xeyli risklər yaratdığını söyləyə bilərik. Müasir iqtisadiyyatların əsas prinsiplərindən biri də yalnız istehsalın deyil, idxal və ixracın da diversifikasiyasıdır. Buna görə də bu gün Avropa ölkələri enerji bazarını, buğda bazarını diversifikasiya etməyə çalışır, bu istiqamətə külli miqdarda vəsaitlər yönəldirlər. Azərbaycan da Rusiya kimi risk səviyyəsi yüksək olan ölkə ilə əməkdaşlıq edirsə, bütün bu məqamları nəzərə almalıdır”.
Dünya SAKİT,